Torpaq idarəçiliyinə problem yaranıb

Ölkədə torpaq islahatının ikinci mərhələsinin başa çatdırılmaması bu sahənin idarə olunmasında müəyyən çətinliklər yaradıb. Xüsusən, bir sıra inzibati-ərazi dairələri üzrə sərhədlərin dəqiqləşdirilməməsi torpaq bazırının yaranmasına mənfi təsir göstərib. Məhz bu kimi halların nəticəsidir ki, torpaq hərracı zamanı bəzi bələdiyyələr nəinki qonşu ərazilərə, hətta dövlət torpağına dair qanunsuz qərar verir.

Komitə sədri: "Pay bölgüsü sənədlərindəki məkan göstəricilərilə torpaqlardan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcuddur"

Ölkədə torpaq islahatının ikinci mərhələsinin başa çatdırılmaması bu sahənin idarə olunmasında müəyyən çətinliklər yaradıb. Xüsusən, bir sıra inzibati-ərazi dairələri üzrə sərhədlərin dəqiqləşdirilməməsi torpaq bazırının yaranmasına mənfi təsir göstərib. Məhz bu kimi halların nəticəsidir ki, torpaq hərracı zamanı bəzi bələdiyyələr nəinki qonşu ərazilərə, hətta dövlət torpağına dair qanunsuz qərar verir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində digər sahələrdə olduğu kimi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, torpaqlardan səmərəli istifadə olunması, onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və kadastrının aparılması, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi sahəsində də mühüm irəliləyişlərə nail olunub: "Bu sahələrdə mövcud dünya təcrübəsinə söykənən yeni texnologiya və idarəetmə üsulları tətbiq edilib və qanunvericilik bazası təkmilləşdirilib. Ölkədə ilk dəfə olaraq Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işi müvəffəqiyyətlə icra olunur. Ötən dövrdə respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Layihə çərçivəsində 870 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı, 700 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri aparılıb". K.Həsənov bildirib ki, hesabat ilində torpaqların elektron kadastr uçotu layihəsinə cəlb edilmiş 14 rayonda 1 milyon hektardan artıq sahə, 700 minə yaxın parsel üzrə uçot işi yerinə yetiriləcək: "Eyni zamanda, bu il ərzində 800 min hektar ərazidə irimiqyaslı torpaq tədqiqatı işlərinin, 550 min hektar ərazidə çöl geobotaniki tədqiqat işlərinin aparılması təmin ediləcək. Torpaq tədqiqatı işlərinin nəticələrinə əsaslanaraq bu ərazilərin torpaq, şorlaşma və eroziya xəritələri hazırlanır, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri yerinə yetirilir.Torpaqların kadastr uçotuna alınması işləri yekunlaşdıqca etibarlı kadastr məlumatları əsasında şəhər, qəsəbə, kənd bələdiyyələrinin müasir rəqəmsal xəritələri hazırlanır. Bu işlər Gəncə, Sumqayıt, Şəki şəhərlərinin, Xızı və Salyan rayonlarının inzibati sərhədləri daxilində yerləşən bələdiyyələr üzrə artıq yekunlaşıb. Torpaq uçotu materiallarının təhlili göstərir ki, bir sıra təsərrüfatlarda pay bölgüsünün sona çatdırılmaması halları, pay torpaqlarına dair sənədlərdəki məkan göstəriciləri ilə vətəndaşların torpaqlardan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcuddur. Kadastr uçotu işlərinin nəticələrindən istifadə etməklə torpaq islahatı başa çatmamış təsərrüfatlarda yerquruluşu işləri həyata keçirilir. Bu işlər çərçivəsində Xaçmaz, Siyəzən, İmişli, Beyləqan rayonunda yaşayan 1000-dən çox ailənin uzun illərdən bəri mövcud olan torpaqla bağlı problemi öz müsbət həllini tapıb". Dövlət Komitəsinin sədri əlavə edib ki, bir sıra inzibati-ərazi dairələri üzrə sərhədlərin dəqiqləşdirilməməsi də torpaq idarəçiliyində problemlər yaradıb. Hazırda aidiyyəti orqanlarla birlikdə bu problemlərin həlli ilə bağlı tədbirlər görülür: "Eyni zamanda, işğal altında və cəbhə bölgələrində yerləşən, habelə torpaq - sərhəd mübahisələri olan inzibati ərazi dairələri istisna olmaqla, respublikanın digər inzibati ərazi dairələrinin sərhədlərinin müəyyənləşdirilməsinə dair yerquruluşu işləri yekunlaşıb. Ölkənin 4,1 milyon hektar ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və bu ərazi üçün relyef xəritələrinin hazırlanması işi də başa çatdırılıb". O, qeyd edib ki, respublikada iri təsərrüfatların yaradılması məqsədilə aidiyyəti orqanlarla birlikdə 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 150 min hektara yaxın torpaq massivlərinin və bir sıra rayonlarda yeni suvarılacaq ərazilərin kadastr xəritələri hazırlanıb. Təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq, dəqiq kadastr uçotu məlumatları əsasında rəqəmsal bələdiyyə xəritələri hazırlanacaq: "Ölkə ərazisi üzrə 166 min hektar torpaq sahələrinin kateqoriyası dəyişdirilərək aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə investorların istifadəsinə verilib. Həmçinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri qaytarılıb və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb.Torpaqların hərrac və ya müsabiqə yolu ilə hüquqi və fiziki şəxslərə ayrılması məqsədilə bələdiyyələrdən daxil olmuş 3000-dən çox müraciət üzrə 7 min hektar torpaq sahəsinə dair sənədlər torpaqayırma qaydasında hazırlanıb və hərrac və ya müsabiqələr təşkil edilib". K.Həsənov deyib ki, torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədilə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, iri torpaq istifadəçiləri, sahibkarlar və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə maarifləndirici işgüzar forumlar keçirilir. Torpaqla bağlı inzibati xətalara görə 1700 inzibati protokol əsasında 1,2 milyon manat cərimə tətbiq edilib və 240 hal üzrə müvafiq sənədlər aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib: "Aparılmış yerquruluşu işlərinin nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahilboyu su səthinin quru ilə təmas xəttinin qrafiki təsviri tərtib edilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti araşdırılıb. Aşkar edilmiş qanun pozuntuları ilə bağlı lazımi tədbirlər görülüb. Bu istiqamətdə işlər hazırda da davam etdirilməkdədir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31