Nigar Adil yazır... Salam əsgər!
Qadın olaraq əsgərlik həyatının necə olduğunu bilmirəm. Mən də bütün qadınlar kimi ətrafdakı kişilərin danışdıqları qədər məlumatlıyam. Yəni, əsgərlikdə onları heç kim incitməyib və eləcə də onlar heç kimi incitməyib. Çox istərdim ki, bütün bu eşitdiklərim həqiqət olsun...
26 İyun 2017 10:30 SosialSalam əsgər!
Nigar Adil
Qadın olaraq əsgərlik həyatının necə olduğunu bilmirəm. Mən də bütün qadınlar kimi ətrafdakı kişilərin danışdıqları qədər məlumatlıyam. Yəni, əsgərlikdə onları heç kim incitməyib və eləcə də onlar heç kimi incitməyib. Çox istərdim ki, bütün bu eşitdiklərim həqiqət olsun...
Əsgərlik həyatı ilə ilk tanışlığımdan danışmaq istəyirəm. 1992 - 93 - cü illərdə atam ikinci dəfə hərbi xidmətə çağrılmışdı. Atamdan ötrü çox darıxırdıq. Hər gün anama atamla bağlı suallar verirdik. Bu suallarla onun xəbərlərə baxmasına mane olurduq. Anamın bütün diqqəti AZTV - dəki diktorun ağzından çıxacaq sözdə, ekranda göstərilən video materialda idi. Hətta dünya xəbərlərini göstərəndə belə, yenə də gözləri ekranda qalırdı. Sanki, atam Qarabağda yox, Amerikanın hansısa ştatında əsgərlikdədi.
Bəzən həftələrlə, aylarla atamın üzünü görmürdük. Çox az halda anamla 4- 5 saniyəlik telefonla danışırdı. Birinci cümləsi həmişə belə olurdu: "Narahat olmayın, yaxşıyam. Siz necəsiniz?" O zəngdən sonra həmişə anam sevinirdi, gözləri gülürdü. Bəzən bacımla atamızın müharibədə olmasına inanmırdıq. Sanki hardasa başqa yerdədi. O yer haradı, bilmirəm. Amma müharibə, əsgərlik deyil o yer. Çünki, atam həmişə gələndə ona verilən əsgər çantasından bizə qara, dilimlənmiş çörək gətirərdi. Və biz bu qara, 3- 4 dilimlik çörəyi görəndə o qədər sevinirdik ki... Sanki, atamız hansısa ölkədən bizə heç vaxt görmədiyimiz, amma hər zaman arzuladığımız bir gəlincik alıb gətirib...
Çünki, o zamanlar bizim əlimiz çörəyə heç vaxt o rahatlıqla çatmırdı. Çörəkdən ötrü gecədən səhərə qədər əlimizdə talon çörək maqazinin önündə növbə tutardıq. Atam o çörəkləri çantasından elə çıxardır ki, elə bil onun olduğu Ağdamda heç müharibə yoxdu. Çörəyi hamıya bol - bol paylayırlar. Çox sonralar, ağlımız kəsəndə bildik ki, sən demə atamız hər gün onun payına düşən çörəkdən bizə də pay saxlayır... Anamızın niyə o çörəklərə hər dəfə baxanda ağladığını da elə çox sonralar bildik...
Bayramlarda oğlumdan soruşandakı sənə hansı oyuncağı alaq? Hər dəfə də avtomat, tank, tapanca istəyir. Bir dəfə də ad günündə - martda bizdən əsgər paltarı istədi. Onun üçün əsgər paltarı aldıq. Aprel döyüşləri başlayanda efirlərdən əsgərləri, şəhidləri görürdü, baxırdı. Ya dərk edərək, ya da dərk etmədən bir gün mənə əlindəki ÜÇ RƏNGLİ BAYRAĞI sıxaraq "mama, gör nə qəşəng şəhidəm", - dedi. Bütün dünyam alt - üst oldu. Nə deyəcəyimi bilmədim...
Çox sonradan dodağımın altında, astadan "adam elə söz deməz" - dedim. O isə mənə əhəmiyyət vermirdi. Avtomatı ilə birgə əlindəki bayrağı havalandırırdı. "Mən şəhidəm" - deyib qışqırırdı...
O gündən sonra paltarı yumaq adı ilə onun əynindən çıxartdım. Mənim də, onun da görməyəcəyimiz bir yerdə gizlətdim. Elə bir yer ki, o yerdə onun "şəhid" paltarını heç vaxt görməyim...
Mən 5 yaşındakı oğlumun adi bir cümləsindən bütün şəhid anaların bir ömürü boyu nələr çəkdiklərini anladım. Mən 5 yaşındakı oğlumun bir cümləsi ilə əsgər anası olmağın necə məşəqqətli bir hiss olduğunu anladım. 5 yaşındakı oğlumun bir cümləsi ilə mən bütün əsgərlərin gözlərindən analarının dualarını oxudum...