Ölkədə qida təhlükəsizliyi necə təmin olunur?
Son illər ərzində Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir. Nəzərə almaq lazımdır ki, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq daim dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur.
23 İyun 2017 13:54 Sosialİstehlakçıların təhlükəsiz və keyfiyyətli qida ilə təminatı üçün ciddi islahatlara ehtiyac var
Son illər ərzində Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir. Nəzərə almaq lazımdır ki, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq daim dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur. Nəzərdə tutulan hədəf ölkədə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini, milli standartların beynəlxalq tələblərə tam uyğunlaşdırılmasını və beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsini zəruri edir. Məhz bu kimi amilləri nəzərə alan ölkə başçısı 2017-ci ilin fevral ayında Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Sənədə əsasən Prezident İlham Əliyev ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını məqbul hesab edib. Məlumat üçün qeyd edək ki, yeni yaradılan Agentlik fəaliyyətə 2018-ci il yanvarın 1-dən etibarən Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək" prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək. Ancaq məsələ orasındadır ki, hazırda bazara çıxarılan qida məhsullarının keyfiyyəti ilə bağlı qeyri-müəyyənlik yaşanmaqdadır. O da nəzərə alınmalıdır ki, bu gün sahibkarların yoxlanmasının iki il müddətə dayandırılması barədə qərarın qüvvədə olmasından sui-istifadə edən "iş adamları" da yox deyil. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, həmçinin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib ki, etiraf etməliyik ki, hələ də ölkəmizdə istehlakçıların təhlükəsiz və keyfiyyətli qida ilə təminatında ciddi islahatlar aparılması zərurəti var: "Bu gün ərzaq təhlükəsizliyinə nəzarət sahəsində bir sistemsizlik və pərakəndəlik vardır. Qida və ərzaq məhsullarının mövcud standartlara uyğunluğuna nəzarət Standartlaşdırma, Metrologiya və Patent özrə Dövlət Komitəsi tərəfindən, bitki məhsullarına nəzarət Dövlət Fitosanitariya Nəzarəti Xidməti tərəfindən, diri heyvanlara və heyvan məhsullarına nəzarət Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən, ərzaq məhsulunun və qidanın istehsalı prosesinə nəzarət Səhiyyə Nazirliyi tərəfindən, məhsulun ərzaq bazarında dövriyyəsinə nəzarət İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir. Heç şübhəsiz ki, bu pərakəndəlik ərzaq məhsullarının beynəlxalq tələblər çərçivəsində keyfiyyətinə nəzarətin təmin olunmasına mənfi təsir göstərir. Qeyd edək ki, vətəndaşlarımızın keyfiyyətli və təhlükəsiz həyat şəraitinin təmin olunması Konstitusiyamızın 31, 39 və 41-ci maddələrində də təsbit olunub. Bununla yanaşı, qida və ərzaq təhlükəsizliyi məsələləri bir sıra sahə qanunları ilə tənzimlənir. Bu qanunlardan danışarkən "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Yeyinti məhsulları haqqında", "Fitosanitar nəzarət haqqında", "Baytarlıq haqqında", "Sanitar-epidemioloji nəzarət haqqında" qanunları xüsusi qeyd etmək olar". Milli Məclisin deputatı qeyd edib ki, vətəndaşlarımız bu qanunları oxumalı, ən azı öz hüquqlarını müdafiə etmək üçün qanunların verdiyi imkanlardan istifadə etməlidirlər. Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi təkcə dövlət orqanlarının nəzarət edəcəyi sahə deyil, burada fəal vətəndaş mövqeyinin olması çox vacibdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların qanunla iki il müddətində dayandırılmasından sui-istifadə hallarına gəldikdə isə M.Quliyev bildirdi ki, bu qanun milli iqtisadiyyatımızın, xüsusilə qeyri-neft sektorunun inkişafına cənab Prezidentin növbəti dəstəyidir. Sahibkarlarımız bu dəstəkdən çox razıdırlar və fəaliyyətlərinə lüzumsuz müdaxilələrin aradan qaldırılmasına görə, istehsal imkanlarının genişlənməsi, hüquqi, siyasi və maliyyə dəstəyinə, azad sahibkarlığın inkişafına daimi diqqətinə görə dövlət başçısına minnətdardırlar: "Mən deməzdim ki, yoxlamalar dayanandan sonra ərzaq məhsullarının keyfiyyəti aşağı düşüb, hər halda əlimizdə belə bir statistika yoxdur. Yoxlamalar dayanandan sonra əsas nəzarət funksiyası istehlakçıların üzərinə keçmişdir. Hər bir vətəndaşın qanunlarımızla ona verilən "yoxlayıcı hüququ" vardır, məhsulun istehsal yeri, tarixi, istifadə müddəti, tərkibi, yararlılığı və s. barədə vətəndaşlarımız öz fikirlərini, o cümlədən tənqidi fikirlərini, şikayətlərini müvafiq dövlət orqanına göndərə bilərlər və onların müraciəti əsasında yoxlamalar aparıla bilər. Digər tərəfdən, bir vicdan məsələsi də ortada olmalıdır. Hər bir sahibkar məhsulunu öz vətəndaşları, qardaş-bacıları üçün istehsal etmək düşüncəsi ilə bazara çıxarmalı, ən azı içindəki insafı və başının üstündəki Allah qarşısında hesabatlı olmalıdır". Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki, hər bir cəmiyyətin sağlam inkişafı, gələcək nəsillərin sağlam böyüməsi, yetişməsi üçün ən vacib məsələlərdən və məqamlardan biri də ərzaq təhlükəsizliyi və onun şərtlərindən biri olan qida təhlükəsizliyidir. Qida təhlükəsizliyi ərzaq təhlükəsizliyinin tərkib hissəsi olmaqla, insan genefondunun təhlükəsizliyi, hətta, milli təhlükəsizlik kimi önəmli bir məsələdir: "Çünki insan normal qidalanmadan, qida təhlükəsizliyi təmin olunmadan onun normal inkişafı, sağlam həyat tərzi sürməsi və cəmiyyətə faydalı olması çox çətindir və bəzi hallarda da mümkünsüzdür. Odur ki, dünyadakı çağırışlara uyğun olaraq, mövcud reallıqları göz önünə gətirərək, indi belə bir məsələnin aktual və önəmli məsələ kimi diqqətə alınması, bu istiqamətdə görülən işlərin əhatə dairəsinin genişləndirilməsi çox müsbət və olduqca əhəmiyyətli haldır". Komitə sədri deyib ki, bəlkə də 20-25 il öncəyə kimi bu məsələyə indiki kimi diqqət ayırmamaq anlaşılan və qəbuledilən bir hal sayıla bilərdi. Ona görə ki, həmin dövrdə ölkə əhalisinin ərzaqla təminatı çox aşağı səviyyədə idi. Bu səbəbdən də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) digər İttifaq respublikaları ilə yanaşı Azərbaycanı da ərzaq təhlükəsizliyinə görə risk qrupuna aid etmiş, xarici dövlətlərə ölkəmizə humanitar yardım göstərmək tapşırığı verilmişdi: "Ona görə həmin dövrdə əsas məsələ kənd təsərrüfatı məhsulları istehsalını artırmaqdan ibarət idi. Hazırda isə respublikamız taxıl və süd məhsulları istisna olmaqla, digər ərzaq məhsulları ilə əhalini yerli istehsal hesabına təmin və bəzi məhsulları da xarici ölkələrə ixrac edir. Taxıl və süd məhsulları istehsalının artırılması üçün həyata keçirilən əsaslı tədbirlər yaxın vaxtlarda bu məhsullara olan ehtiyacı da tam ödəməyə imkan verəcək. Yəni, demək istəyirəm ki, indiki şəraitdə bu məsələyə diqqət ayırmamaq, onu ciddiyə almamaq mümkün hal sayıla bilməz və bu, çox ciddi fəsadlara səbəb ola bilər". E.İbrahimov xatırladıb ki, rəhbərlik etdiyi komitənin də yaxından iştirakı ilə hazırlanan və parlament müzakirələrdən keçirilərək qəbul edilən bir sıra qanunvericilik aktları mövcudddur ki, onlar da ölkəmizdə qida təhlükəsizliyinin təminatına öz müsbət töhfələrini verə bilir.
Nurlan