Azərbaycanda mediasiya institutu yaradılacaq
“Mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutu xüsusilə əhəmiyyətlidir. Məlumdur ki, bütün dünyada mütərəqqi institut kimi mediasiya geniş tətbiq olunur”.
23 İyun 2017 12:36 Sosial"Mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutu xüsusilə əhəmiyyətlidir. Məlumdur ki, bütün dünyada mütərəqqi institut kimi mediasiya geniş tətbiq olunur". "Olaylar" xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov AzərTAc-a müsahibəsində deyib. Nazir bildirib ki, ölkəmizdə də mediasiya institutunun yaradılması gündəlikdə olmuş, bu məqsədlə ötən dövrdə bir sıra addımlar atılmış, o cümlədən beynəlxalq təcrübə öyrənilmiş və Azərbaycan üçün potensial mediasiya modelinə dair təkliflər hazırlanmışdır. Həmçinin, Avropa Şurası və Avropa İttifaqı ilə bu sahədə birgə layihələrin təşviqinə dair razılığa gəlinmişdir: "Dövlət başçısının ötən ilin dekabrında təsdiq etdiyi "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə cari ildə mediasiya haqqında qanun layihəsinin hazırlanması və Mediasiya Şurasının yaradılması ilə bağlı konkret tapşırıqların verilməsi, şübhəsiz ki, ölkəmizdə bu institutun inkişafına təkan olacaqdır".