Tarixçi-alimlər: “Ümumi tarix” dərsliyi başdan-ayağa qüsurludur
Tanınmış tarixçi-alimlər Tofiq Nəcəfli və Kərəm Məmmədov da 10-cu sinif “Ümumi tarix” dərslik layihəsi (2017) ilə bağlı irad və təkliflərini bildiriblər: Dərslik layihəsinin 18-ci səhifəsində Əhəməni hökmdarı II Kirin massaget hökmdarı Tomrislə döyüşdə öldürülməsindən bəhs olunsa da, massaget tayfalarının və eyni adlı dövlətin harada yerləşdiyinin şagirdlərə çatdırılmaması təəssüf doğurur. Bu, eyni zamanda kurikulum standartlarının yerinə yetirilmədiyini açıq-aydın göstərir. Əgər bu tələb yerinə yetirilmiş olsaydı, onda şagirdlərdə Azərbaycan tarixində əldə etdikləri bilik və vərdişləri bir daha möhkəmləndirmək imkanı yaradılmış olardı.
22 İyun 2017 14:56 SosialTanınmış tarixçi-alimlər Tofiq Nəcəfli və Kərəm Məmmədov da 10-cu sinif "Ümumi tarix" dərslik layihəsi (2017) ilə bağlı irad və təkliflərini bildiriblər: Dərslik layihəsinin 18-ci səhifəsində Əhəməni hökmdarı II Kirin massaget hökmdarı Tomrislə döyüşdə öldürülməsindən bəhs olunsa da, massaget tayfalarının və eyni adlı dövlətin harada yerləşdiyinin şagirdlərə çatdırılmaması təəssüf doğurur. Bu, eyni zamanda kurikulum standartlarının yerinə yetirilmədiyini açıq-aydın göstərir. Əgər bu tələb yerinə yetirilmiş olsaydı, onda şagirdlərdə Azərbaycan tarixində əldə etdikləri bilik və vərdişləri bir daha möhkəmləndirmək imkanı yaradılmış olardı.
Dərsliyin 19-cu səhifəsində mətn boyu 14 dəfə I Daranın adının çəkilməsi müəlliflərin peşəkarlıq səriştəsinin olmadığını və onlarda İran sevdasının güclü olduğunu göstərir.
20-ci səhifədə "Hindistan mədəniyyəti" adlı illistürasiya yerləşdirilib. Təqdim olunan şəklin "Hindistan mədəniyyəti" adlandırılması və şəkil altı yazıda Hindistan tarixi ilə bağlı məlumatın yerləşdirilməsi təəssüf doğurur. Çünki təqdim olunan şəkildə öz əksini tapmış təsvirlərlə bağlı şagirdlərə heç bir məlumat verilmir.
"Böyük Hun imperiyası və qədim Çin" paraqrafının "İmperiyanın parçalanması və süqutu" yarımbaşlığında (23-cü səhifə) eramızdan əvvəl I əsrin ortalarında və eramızın 48-ci ilində Hunların iki yerə parçalanmasından bəhs olunur. Şimal Hunlarının bir əsrdən çox müstəqil yaşadığı göstərilir. Bu cümlələrdən belə təsəvvür yaranır ki, hər iki bölünmə zamanı Hunlar Şimal və Cənub hissələrə bölünmüşlər. Əslində isə Hunlar e.ə. I əsrdə əvvəlcə Qərb və Şərq Hunlarına parçalanmış, daha sonra isə Şərq Hunları Şimal və Cənub Hunlarına bölünüb. Bu fakt 6-cı sinif "Ümumi tarix" dərsliyinin 66-cı səhifəsində də öz əksini tapıb.
"Qədim Yunanıstan və Roma" paraqrafının "Qədim Sparta" yarımbaşlığında (28-ci səhifə) "Əgər xalq yanlış qərar qəbul etsə, ağsaqqallar və hökmdarlar həmin qərarı ləğv edə və xalq yığıncağını buraxa bilərlər" cümləsində ciddi yanlışlığa yol verilib. Cümlədən belə anlaşılır ki, yanlış qərar qəbul edən xalqdır. Əslində isə xalq yox, "xalq yığıncağı yanlış qərar qəbul etsə" fikri olmalıdır.
28-ci səhifədə yarımbaşlıq "Afinada polisin inkişafı" adlanır. Bu yarımbaşlığın adı ilə məzmunu heç cür uyğun gəlmir. Müəlliflər Afinada polisin inkişafı dedikdə nəyi nəzərdə tutduqları tam aydın deyil. Çünki, polis ifadəsinin heç bir izahı
verilmədiyi kimi, mətndə ümumiyyətlə Afina polisi ifadəsi işlədilməyib. Elmi ədəbiyyatdan bəllidir ki, e.ə. V əsrdə Yunanıstanda təşəkkül tapan şəhər-dövlətlər polis adlanıb. Təqdim olunan yarımbaşlıqda Afina şəhər-dövlətinin inkişafından danışıldığı üçün yarımbaşlıq da "Afina şəhər-dövlətinin inkişafı" adlandırılmalı idi.
30-cu səhifədə isə "Romada polis sistemi" adlı yarımbaşlıq düzgün seçilməyib. Çünki, müəlliflər mətndə Romada polis sistemi ilə bağlı heç bir məlumat verməyib. Mətndə Roma şəhərinin salınması, Roma şəhər respublikasının yaradılması və fəaliyyətindən danışıldığı üçün yarımbaşlığa da mətnə uyğun ad seçmək lazımdır. Həmin yarımbaşlığın birinci abzası aydın olmadığına görə şagirdlərin müəlliflərin nə demək istədiyini anlaması çox çətindir. "Şəhərin əsasının qoyulmasından etibarən Roma vətəndaş icması kimi qalırdı" cümləsində müəlliflərin nəyi nəzərdə tutduqları qaranlıq qaldığı üçün düzəldilməli, növbəti cümlələr də redaktə olunmalıdır.