Züleyxa Nadir yazır... Qansoranlar

Həyat insana verilib ki, yaşasın və yaşatsın, yaratsın və yaradılsın. Verilməyib ki, “babam mənə kor deyib, gələnə-gedənə vur deyib” düşüncəsi ilə “kor atı minib köndələn çapsın”.

Züleyxa Nadir

Qansoranlar

Həyat insana verilib ki, yaşasın və yaşatsın, yaratsın və yaradılsın. Verilməyib ki, "babam mənə kor deyib, gələnə-gedənə vur deyib" düşüncəsi ilə "kor atı minib köndələn çapsın".

Həyat bütün əyər-əskiyi, çatışmazlıqları, eyibləri və nöqsanları ilə birlikdə gözəldi, cazibadardı. Hər kəs bu gözəllikdən bir cür həzz alır. Hər kəs bu cazibəni içinə bir cür düşür. Və bütün bu gözəlliyin, cazibənin fonunda qətllət, cinayətlər baş verir. Mətbuat hər gün ölüm xəbəri, hər gün cinəyətə qurban gedənlərin adını yazır, qatillərin həbsi ilə bağlı informasiya yayır.

Mənim üçün bu qətllərin içində ən ağrılısı valideynlərin öz övladlarını öldürmələridi. Ana körpə qızını zəhərləyib öldürür, ata uşaqlarını qətlə yetirir. Düşünürəm ki, soydaşlarım nə zamandan belə qəddarlaşıblar? Dünyanın mədəni, əxlaqlı, müasir dövlətləri sırasında yer tutan bir ölkədə yaşayan azərbaycanlıları övladini öldürərək cinayətə sövq edən səbəb nədi? Amansız və qəddar həyatmı, yoxsa onun həddən artıq ucuzlaşmasımı? Bütün hallarda valideynin öz övladını öldürməsi onun təbiətindəki vəhşi xislətdən xəbər verir. Əks halda ana canından ayrıldığı canına necə qıyar? Damarlarında eyni qan axan ata qanının axmasına necə dözər? Ağrılı məsələlərdi...

Allahın lütf edərək verdiyi körpəni hələ dünyaya gəlməmiş bətnindəykən qətlə yetirən analar var ki, necə bir cinayət etdiklərinin fərqində olmurlar. Xüsusilə də biləndə ki, bətnində gəzdirdiyi körpə qızdı, "uf" demədən dərhal abort etdirirlər. Oğlan sevdasına düşən anaları başa düşə bilmirəm. Nə fərqi var ki, oğlan, ya qız? Hər ikisi sənin canından bir parça deyilmi? İnsan canını-qanını verdiyi övladına necə qıya bilər? Bu və bu kimi suallar çoxdu. Hamısının da bircə cavabı var: cahillik. Bəli, bəli, məhz cahillik, özü də düşünülmüş cahillik. Elə bu cahilliyin nəticəsidir ki, bu gün Azərbaycan ailələrində qız doğulmasının qarşısını almağa, hamiləliyini vaxtından tez pozdurmağa meyl edənlərin sayı artır.

Bəzən də qadınların övladlarını öldürməsi doğuşdan sonrakı depressiyanın nəticəsi olur. Amma kişilərin də depressiya keçirməsi nəticəsində qatilə çevrilməsi baş verir. Bu, əsasən işsizliklə bağlıdı. Ailə başçısı kimi evdə məsuliyyətin artması, daha çox qazanc gətirə bilməməsi və bunun nəticəsində də həyat yoldaşı ilə aralarında münaqişlərin yaranması kişinin depressiyaya düşməsinə səbəb olur, içkiyə qurşanır, narkotikaya meyl edir. Bu cür zəif iradəli kişilər hətta ana hamilə olanda da eyni vəziyyətə düşə bilirlər. Onlara elə gəlir ki, dünyaya gələcək uşağına atalıq edə bilməyəcək, çiyninə düşən məsuliyyətin ağırlığı altında əziləcəklər. Belə halda onun gözünə uşağı görünmür, stressə düşür və elə məqam çatır ki, "uf" demədən övladını öldürür. Kasıbçılıq qorxusu atanın övladına olan sevgi hissini məhv edir.

Bəzən də valideynlər övladlarını erkən yaşdan evləndirirlər. Bu da bir növ onun mənəvi ölümü deməkdi. Belə "ölümün" də səbəbi bir çox hallarda kasıbçılıq şəraitində yaşayan valideynlərin övladlarını guya "xilas etmələridi". Halbuki Allah deyir: " Yoxsulluqdan qorxaraq övladlarınızı öldürməyin. Sizin də, onların da ruzisini verən Bizik. Onları öldürmək, şübhəsiz, böyük günah deməkdir" (İsra surəsi, ayə 31).

Ümumiyyətlə atada bir kişilik haqqı var. Atada bir igidlik, qəhrəmanlıq elementi olur. Amma bəziləri bundan məhrumdu. Bu məhrumiyyətin də səbəbi yenə də kasıblıq, burnundan uzağı görə bilməmək, övladını tərbiyə etməyin doğru yolunu tapa bilməməkdir. Pis vərdişlərin aludəçiləri olan alkoqolik, narkoman atalar üçün isə dünya tamam başqadır. Həyat özünün bütün eybəcərliyi və ağırlığı ilə onların üstünə çökdüyündən tab gətirə bilmirlər. Xilas yolunu

əsəblərin tarıma çəkilən məqamında övladını öldürməkdə görürlər. Çox şükür ki, Azərbaycanda övladını öldürən atalar azdı.

Çox təəssüf ki, doqquz ay bətnində gəzdirdiyi uşağını dünyaya gətirdikdən sonra onu öldürən anaların sayı haqqında bunu demək olmur. Ananın övladını öldürməsi nə yerə sığır, nə də göyə. Ananın övladını qətlə yetirməsi analığın çürüyərək üfunət verməsidi. Dünyanın hər yerində övladını öldürən qadınlar var. Hər millətdən olan belə adamlar analıq haqqını tapdalayırlar, ANA müqəddəsliyinə ləkə salırlar. Mən istəmirəm ki, bizim analar bu cür eybəcərləşsinlər. Mən istəmirəm ki, damarları ilə azərbaycanlı qanı axan qadınlar övladları ilə vəhşi kimi rəftar etsinlər. Mən istəyirəm ki, Allahin qadına bəxş etdiyi ŞƏFQƏT hissini azərbaycanlı analar övladlarına ötürsünlər, onları böyüdüb tərbiyə edərkən bu duyğudan məhrum olmasınlar.

Müşahidələr göstəriri ki, anaların övladlarını öldürmə formaları, metodları demək olar ki, eynidi, bir-birinə bənzəyir. Onların çoxu ruhi xəstəlikdən əziyyət çəkənlərdir. Bu cür qadınlar şizofrenlik, yaxud halusinasiya görmə mərhələsinə yenicə girmiş psixopatlardı. Məhz o dönəmdə də bu tip hallara tez-tez rast gəlinir. Bəzən qadınlar övladını öldürən qatil kişilərə bənzəyir, kasıbçılıqdan, evsizlikdən, işsizlikdən dolayı qəddarlaşırlar. Onların psixoloji vəziyyəti tamamən pisləşir və nəticədə övladını öldürürlər. Bir dəfə oxudum ki, iki övladını boğub öldürən qadın "mən şeytanın izi ilə gedirəm" deyə özü də intihar etməyə cəhd göstərib. Təbii ki, bu qadının psixi halı onu uçurumun başına gətirib.

Psixoloqların fikrincə, ümumiyyətlə övladlarını öldürən valideynlərdə qəddarlıq elementlərini törədən səbəbləri aradan qaldırmaq lazımdı. Bir tərəfdən doğru yanaşmadı, amma digər tərəfdən bu, qatil anaya, ya da cəllad ataya bir az haqq qazandırmaqdı. Nə olur-olsun qəddarlığı, caniliyi valideynlərə bağışlamaq olmaz.

Amma cəmiyyətdə normal davranışı olan qadınlar da uşağına əl qaldırır, gözünü belə qırpmadan ona qıyırlar. Bəs bunun səbəbi nədi? Belələri əsasən əri ilə münaqişə vəziyyətində olan qadınlardı. Müxtəlif səbəblərə görə, tutaq ki, işləməyən, ya da evə çox cüzi qazanc gətirən, arvadını qısqanan, yaxud da ona xəyanət edən həyat yoldaşından intiqam almaq üçün "hayfını" övladından çıxır.

Bəzən də övladına, əsasən də qızına doğru-düzgün tərbiyə verə bilməyən analar onun əyri yollara əl atdığın görəndə "qatil ana" obrazına çevrilirlər. Nə yazıq ki, beləsi qızından çox özünün günahkar olduğunu anlamır. Güzgüdə öz eybini görən qadın güzgünü sındırır, eybini düzəltmək haqqında isə qətiyyən düşünmür.

Yaponlar deyirlər ki, ağcaqanadı vızıltısına görə yox, insanın qanını sorduğuna görə öldürürlər. Bu, o deməkdir ki, həmin həşaratın başqa bir canlnın - ali varlıq olan insanının qanını sormağa haqqı yoxdu. Amma hər hansı bir övladın ata-anasının, belə demək mümkünsə, qanını sormağa müəyyən "haqqı" var. Çünki bu qanı ona özləri bəxş ediblər. Sadəcə qan zəhərlidi, ona görə də övlad yolundan çıxır, pisliklərin girdabına düşür.

Uşağını öldürən valideynlər ağcaqanaddan heç nə ilə fərqlənmirlər, onlara da çəkinmədən "qansoran" demək olar. Sadəcə olaraq bu qansoranları öldürən şallaq özlərinin vicdanlarıdı - qatilə çevriləndən sonra yaxalarından yapışan vicdanları...

Allah insanı ali xilqət olaraq yaradıb ki, ona bəxş olunan ali keyfiyyətləri özündə sona qədər qoruyub saxlasın. Bunun üçün Allah müqəddəs Quranda da xəbərdarlıq edir, yol göstərir: "Bir kimsəyə qıymayan, yer üzündə pozğunçuluq yaymayan adamı kim qətlə yetirirsə, sanki,

bütün insanlığı öldürür o. Kim ölümdən qurtarırsa elə adamı, sanki bütün insanlığa həyat verir" (Maidə surəsi, ayə 32).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31