Azərbaycan özünü sosial dövlət kimi tanıda bilib

Azərbaycanda uğurla həyata keçirilən sosial siyasət müsbət nəticəsini verməkdədir. Dünya ölkələrində iqtisadi tənəzzülün yaşandığı məqamda ölkəmizdə reallaşdırılan sosial lahiyələr  vətəndaşların rifah halının yüksəlməsinə hesablanıb. Təbii ki, reallaşdırılan sosial siyasət daha çox əhalinin həssas qruplarına hədəflənib ki, artıq bu istiqamətdə görülən işlər nəinki Azərbaycan ictimaiyyəti, hətta beynəlxalq maliyyə qurumları tərəfindən də müsbət qiymətləndirilir.

Sosial layihələr daha çox əhalinin həssas qrupuna hədəflənib

Azərbaycanda uğurla həyata keçirilən sosial siyasət müsbət nəticəsini verməkdədir. Dünya ölkələrində iqtisadi tənəzzülün yaşandığı məqamda ölkəmizdə reallaşdırılan sosial lahiyələr  vətəndaşların rifah halının yüksəlməsinə hesablanıb. Təbii ki, reallaşdırılan sosial siyasət daha çox əhalinin həssas qruplarına hədəflənib ki, artıq bu istiqamətdə görülən işlər nəinki Azərbaycan ictimaiyyəti, hətta beynəlxalq maliyyə qurumları tərəfindən də müsbət qiymətləndirilir. Əslində Azərbaycan sosial dövlət olduğunu elə müstəqilliyin ilk illərində təsdiq edib. O vaxt Ümummilli lider Heydər Əliyevin təşəbbüsü əsasında 1990-cı ilin 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi, "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi, bu faciədə şəhid olanların ailə üzvlərinin dövlət qayğısı ilə əhatə olunması, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" xüsusi qanunların qəbulu, İkinci Dünya müharibəsində iştirak etmiş veteranların sosial müdafiəsinin gücləndirilməsi, 1994-cü ildə 9 May gününün Azərbaycanda yenidən Qələbə günü kimi rəsmiləşdirilməsi təmin edilib. Ölkəmizin  suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın Milli Qəhrəmanlarının və onlardan həlak olanların ailələrinə yardım edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamları imzalanıb. Mühüm tədbirlərdən biri kimi, 1994-cü ildən əməyin ödənilməsinin minimum məbləğinin əhəmiyyətli şəkildə artırılması, pensiya, təqaüd və müavinətlərin məbləğinin bu məbləğə uyğun müəyyən edilməsi təmin olunub. Həmin ilin 1 dekabrından sosial və işləməyən pensiyaçıların, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin gündüz şöbələrində oxuyan tələbələrin, texniki peşə məktəblərinin şagirdlərinin, adambaşına aylıq gəliri minimum əməkhaqqının 2 mislindən az olan ailələrdəki 16 yaşınadək uşaqların yeni məbləğlərlə pul kompensasiyası ilə təmin edilməsinə başlanılıb. Büdcə vəsaitlərinin yetərincə olmadığı şəraitdə belə qeyd olunan təbəqələrin maddi çətinliklərdən müdafiəsinə yönələn bu tədbirlər ölkəmizdə bazar iqtisadiyyatının inkişafı üçün atılan addımların eyni zamanda ardıcıl sosial müdafiə siyasəti ilə müşaiyət edildiyini, iqtisadi islahatlar prosesində aztəminatlı təbəqənin mənafeyinin mütləq nəzərə alındığını göstəririr. 

Prezident İlham Əliyevin davam etdirdiyi sosial siyasət nəticəsində əhalinin həyat səviyyəsinin ildən-ilə yaxşılaşması yoxsulluğun kəskin şəkildə azalaraq 5 faizə qədər azalması ilə nəticələnib. Bu sahədə  ölkəmizdə əldə olunan müsbət təcrübə Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilməsini, bununla da ölkəmizin sosial inkişaf modelinin artıq beynəlxalq miqyasda bir nümunə kimi qəbul olunmasını şərtləndirib. BMT İnkişaf Proqramı tərəfindən 2015-ci ildə insan potensialının inkişafına dair hazırlanan "İnsan inkişafı naminə əmək" adlı məruzədə də Azərbaycan həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığı, təhsil, mədəni inkişaf və s. sahələrdə uğurlarına görə insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edilib. Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli" ölkələr qrupunda, BMT İnkişaf proqramının hesabatında isə "yüksək insan inkişafı"ölkələri qrupunda qərarlaşan Azərbaycan rəqabət qabiliyyətliliyinə görə  MDB ölkələri arasında öz birinciliyini qoruyub saxlayır. Bu isə o deməkdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan siyasət hər bir ölkə vətəndaşının, eləcə də sosial cəhətdən həssas qruplardan olan insanların rifahına xidmət edir. Təsadüfi deyil ki, dövlət başçısı Nazirlər Kabinetinin iclasında sosial siyasətin həmişə prioritet olduğunu qeyd edərək "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar", deyə vurğulayıb. Hazırda əhalinin, xüsusən də onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə Prezident İlham Əliyevin 25-dən artıq Fərman və Sərəncam imzalaması da vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasının dövlət başçısı tərəfindən hər şeydən üstün tutulduğunu təsdiq edir. Xüsusən, qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısı dünyaya az qala insan hüquqlarından dərs deyən Avropa dövlətləri üçün örnəkdir.

Millət vəkili İmamverdi İsmayılov qeyd edib ki, məcburi köçkünlər həyat şəraitinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir: "Azərbaycan dövləti həyatın sərt sınağı ilə üzləşərək qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə, məşğulluqlarının təmin edilməsinə davamlı qayğı göstərir. Qaçqın və məcburi köçkün soydaşlarımızın sosial vəziyyətlərinin, o cümlədən də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir". İ.İsmayılov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından məhrum olan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Onun sözlərinə görə, son 13 ildə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib: "Nəzərə almaq lazımdır ki, qaçqın və məcburi köçkün soydaşlarımız üçün ölkənin müxtəlif şəhər və rayonlarında yeni qəsəbələrin salınması müvəqqəti xarakter daşıyır. Ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində o mövqedən çıxış edir ki, münaqişə beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapmalı və zəbt olunan bütün torpaqlar geri qaytarılmalıdır. Hələlik ölkəmiz xoş məram nümayiş etdirərək münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda fəal iştirak edir. Ancaq danışıqlar sonsuzluğadək davam edə bilməz. Danışıqlar prosesi nəticə verməyəcəyi təqdirdə ölkəmiz öz ərazi bütövlüyünü başqa vasitələrlə təmin etmək məcburiyyətində qalacaq. Məcburi köçkünlər üçün ən rahat mənzillər də işğaldan azad edilən ərazilərdə tikiləcək. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması buna sübutdur".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31