Dünyaya çıxışımız əcnəbi dillər vasitəsilə olmalıdır

İstənilən ölkə vətəndaşlarının bir neçə xarici dil bilməsi dövlətin imici ilə yanaşı, vətəndaşların da həyat tərzinə müsbət mənada təsir edir. Odur ki, əksər dövlətlərdə milli dillə yanaşı, bir neçə dünyəvi dilin inkişafına şərait yaradılır. Azərbaycan da dünyaya intqrasiya etdiyindən əcnəbi dillərin işlədilməsi zədudəti yaranıb.

Deputat: "Bizdə dil məsələsinə baxışda hədsiz biganəlik özünü hiss etdirir"

İstənilən ölkə vətəndaşlarının bir neçə xarici dil bilməsi dövlətin imici ilə yanaşı, vətəndaşların da həyat tərzinə müsbət mənada təsir edir. Odur ki, əksər dövlətlərdə milli dillə yanaşı, bir neçə dünyəvi dilin inkişafına şərait yaradılır. Azərbaycan da dünyaya intqrasiya etdiyindən əcnəbi dillərin işlədilməsi zədudəti yaranıb. Hazırda ölkəmizdə rus, ingilis, ərəb, fars, fransız dillərinin işlədilməsi məqamları var ki, bunu da beynəlxalq alımdə gedən proseslərin məntiqi nəticəsi kimi qəbul etmək olar. Əslində, Azərbaycanda beynəlxalq dillərin tədrisinə şəraitin yaradılması heç bir təhlükədən xəbər vermir. Əksinə,  ölkə həqiqətlərini, xüsusən, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini beynəlxalq aləmə çatdırmaq üçün əcnəbi dillərin mövcudluğu vacib şərtdir. Necə deyərlər, "düşmənlə öz dilində danışarlar". Ancaq maraqlı məqam ondan ibarətdir ki, son illər Azərbaycanda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Xüsusilə rusdilli olmayan ailələrin rus bölməsinə müraciət etməsi paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı yaradıb. Məlumat üçün qeyd edək ki, əgər  1990-cı illərin sonlarında rus bölməsində təxminən 107 min şagird oxuyurdu və onların payı ümumi şagird sayında 7 faizə çatırdısa,  hazırda  ölkənin rus bölməsi 300-ə yaxın ümumtəhsil məktəbində oxuyan  ümumi şagird payının 15 faizini təşkil edir. Bəs rus bölməsinə marağın artmasının səbəbləri nələrdir? Valideynlər niyə övladlarının Azərbaycan dilində təhsil almasını istəmirlər? Doğrudanmı  ölkədə rus və yaxud ungilis dillərinin inkişafına ehtiyac varmı? Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda hətta əcnəbi dillərin yayılmasına siyasi don geyindirənlər də mövcuddur.

Məlumata görə, Azərbaycanda rus dilinə maraq o dərəcədə artıb ki, hətta rayon qeydiyyatında olan və rusca bilməyən ailələr də uşaqlarını rus məktəblərinə qoymaq istəyirlər. Nəyin bahasına olursa-olsun övladına rus dili öyrətmək istəyən valideynlər uşaqlarına kiçik yaşlarından rus dili öyrətməyə çalışırlar, onları rus dilli bağçalara qoyurlar.Yeri gəlmişkən xatırladaq ki, ölkədə rus dilinə tələbatın artması bir sıra amillərlə bağlıdır. Ekspertlər hesab edilər ki, ölkədə rus dilinə marağın artmasının başlıca səbəbi Azərbaycan təhsilində baş verən geriləmədir. Daha doğrusu, Azərbayvan bölmələrində təhsilin istənilən səviyyədə olmamasıdır. Başqa faktor isə bunun bir dəb halını almasıdır. Bəzi ailələrdə valideynlər özləri rus dilini bilməsə də, övladının rus bölməsində oxumasını istəyir. Digər bir amil vətəndaşların işlə təminatı ilə bağlıdır ki, son zamanlar rus, yaxud ingilis dilini bilməyən gənc kadrlar kənarda qalırlar. Ölkədə demək olar ki, bütün şirkət və qurumlarda işçi götürən zaman üç dildə - rus, ingilis və Azərbaycan dillərində sərbəst danışmaq, yazıb-pozmaq tələb edilir. Yəni xarici dilləri bilən məzunların daha rahat və gəlirli iş tapmaq şansı yüksəkdir.

Millət vəkili Fazil Mustafa bildirib ki, bu məsələdə ənənəvi mübahisəyə başlamağın heç bir əsası yoxdur: "Bizdə bir qorxu var ki, rus dilinin geniş yayılması Azərbaycan dilinin inkişafına müəyyən mənfi təsir göstərə bilər. Əksinə düşünürəm. Bütövlükdə həm rus dilinin, həm də ingilis dilinin yüksək səviyyədə mənimsənilməsi vacibdir. Cəmiyyətin müəyyən çoxluğunun bu istiqamətdə hazırlıqlı olması yaxşı haldır. Dilimizə heç bir mənfi təsir göstərmir. Çünki bizim dilin bütövlükdə yayılma arealı məhduddur. Biz onsuz da dilimizi inkişaf etdiririk. Dövlət dili Azərbaycan dilidir. Amma dünyaya çıxışımız bu dillər vasitəsilə olduğuna görə, Rusiya mühitində müəyyən üstünlük qazanmaq üçün ciddi vasitəçidir. Mühafizəkar yanaşmadan uzaqlaşmalı, bacardıqca Rusiyaya gedən azərbayanlıların belə xüsusilə rus dilinin yüksək səviyyədə öyrənməsi, normal davranış biçiminə nail olması üçün çalışmalıyıq. Dili bilənlər daha tez yüksəliş imkanı əldə edirlər. Azərbaycan dilinin qorunması, hər kəsin öz dilini bilməsi şərtilə, rus, ingilis dillərinin, hətta çin dilinin öyrənilməsinin tərəfdarıyam. Çünki Azərbaycan iqtisadiyyatının müəyyən hissəsinin inkişafı Çinlə bağlıdır. Çinlə iqtisadi əməkdaşlıq perspektivləri daha çox var. Hansısa bir mədəniyyətin içində olmasaq da, yanında olmaq məcburiyyətindəyik. Xaricdən Azərbaycanın maraqlarını yüksək səviyyədə təmin edə bilək deyə normal səviyyədə dili öyrənmək işimizin xeyrinədir". Millət vəkili rus dilini öyrənmək məsələsinə də aydınlıq gətirib: "Söhbət dil vasitəsilə bizim üzərimizdə Rusiyanın hansısa siyasi basqılarının gücləndirilməsindən getmir.Buna qarş müqavimət göstərməliyik. Rusiya auditoriyasında öz mövqeyimizin müdafiə olunması üçün daha hazırlıqlı olmağımız vacibdir. Kiminsə övladını rus dilindən hazırlığa qoyması öz seçimidir. Ana dilini bilməyən Azərbaycanlı utanc hissi keçirməlidir. Bizdə dil məsələsinə baxışda hədsiz biganəlik özünü hiss etdirir. Qırğızlara, qazaxlara baxsaq görərik ki, özlərinin milli geyimlərini geymək, papaqlarını taxmaqdan utanmırlar. BMT-də belə taxırlar. Amma biz milli geyimimizi nümayiş etdirməkdən utanırıq".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31