Komendantlar sakinlərə hədə-qorxu gəlirlər...

Azərbaycanda çoxmənzilli binaların idarə edilməsinin yeni qayaları müəyyən edilib. Belə ki, prezidentinin təşəbbüsü ilə Mənzil Məcəlləsinə yeni maddə əlavə edilib. Ölkə parlamenti iyunun 13-də Mənzil Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini müzakirəyə çıxararaq qəbul edib. Sənədə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanmalıdır. Eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.

"Kommunal xərclərinizi ödəməsiniz işıq, su və qazınız kəsiləcək"

Azərbaycanda çoxmənzilli binaların idarə edilməsinin yeni qayaları müəyyən edilib. Belə ki, prezidentinin təşəbbüsü ilə Mənzil Məcəlləsinə yeni maddə əlavə edilib. Ölkə parlamenti iyunun 13-də Mənzil Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini müzakirəyə çıxararaq qəbul edib. Sənədə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanmalıdır. Eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq. Lakin buna baxmayaraq hazırda çoxmənzili idarə edən şəxslərin qanunsuz əməlləri davam etməkdədir. Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyəti heç bir iqtisadi səbəb olmadan "kommunal pulu" adlandırdıqları aylıq ödənişlərin məbləğlərini son günlər daha da artırıblar. Bu isə bir sıra yeni inşa edilmiş yaşayış binalarında sakinlər ilə MTK sahibləri arasında narazılığa səbəb olub. Hətta bəzi MTK sahibləri "bir az da uzağa gedərək" hər evin kvadrat metri üçün aylıq 1 manat 50 qəpik ödəniş təyin ediblər. Bu isə o deməkdir ki, 130 kvadrat metrlik 3 otaqlı mənzil sahibi ayda 200 manata yaxın "kommunal pulu" ödəməlidir. Əsaslandırılması mümkün olmayan ödəniş məbləğidir. Azad İstehlakçılar Birliyinə daxil olan məktubda bildirilir ki, Yeni Baki şəhərciyində vəziyət tamamı ilə fərqlidir: "Bu qanun layihəsinin müzakirəsindən sonra,  komendant Ehtiram Yusifov mənzil sahiblərinə zəng edərək, işçilərini sakinlərin qapısına göndərərək, onlardan qanunsuz kommunal xərcləri tələb edir, bu haqlar ödənilmədiyi halda isə digər xidmətlərin (su, qaz, işıq) dayandırılacağı haqda qapılara bildirişlər qoyurlar, və yeni qəbul olunan qanunun onlara heç bir aidiyyatı olmadıgını dilə gətirirlər. "Komendant" Ehtiram Yusifov deyir ki, mən heç bir qanun tanımıram. Gedin hara, kimə istəyirsiniz şikayət edin". Maraqlıdır, komendatlar kommunal xərcləri ödəməyən sakinlərin işıq, qaz və suyunu kəsə bilərmi?

Kommunal xərclərin yığımında ayrıseçkilik

Millət vəkili Çingiz Qənizadə deyib ki, sğzügedən qanunun qəbulu çoxdan gözlənilirdi: "Biz 2009-cu ildə bu qanunu tətbiq etmişik. Təəssüf ki, bir çox hallarda qanun işləmir. Çünki MNTK-ların burada marağı var, pul yığırlar. Kommunal xərclərin yığımında ayrıseçkilik ola bilməz. Ancaq bəzən eşidirik ki, MNTK-lar deyirlər ki, bina çox gözəl yerdə yerləşir, odur ki, kommunal xidmətlər üçün daha yüksək pul istənilir. Bu gün edilən dəyişikliklər boşluğu dolduracaq, konkretliyi təmin edəcək". Onun sözlərinə görə, bəzən çoxmənzilli binalarda xoş olmayan hallar müşahidə edilir: "Vətəndaş Rusiyada yaşayır, mənzil alıb, amma illərdir ki, orada yaşamır. Lakin buna baxmayaraq ondan kommunal ödənişlər tələb edilir. Bu doğru deyil. Çünki bir çox hallarda həmin şəxslər heç aldığı mənzili belə təmir etdirməyib. İnsan yaşamadığı halda necə pul ödəyə bilər. Hesab edirəm ki, bu qanun qüsurları aradan qaldıracaq". İqtisadçı-ekspert Vüqar Bayramov  bildirib ki, birmənalı şəkildə, MTK sahibləri "havadan götürülmüş rəqəmlərə" söykənib aylıq ödəniş tələb edə bilməzlər. Ümumiyyətlə, MTK sahibləri ayrıca, yəni sakinlərin və ya onların təmsilçilərinin razılığı olmadan sərbəst şəkildə aylıq ödəniş məbləğini müəyyənləşdirmək hüququna malik deyillər. Mənzil Məcəlləsinin 109.5-ci maddəsində qeyd edilir ki, "kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan, həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ qanunvericilikdə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra, altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir". Elə həmin məcəlləyə əsasən, "yeni binalarda daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir". Bu isə o deməkdir ki, bina istifadəyə verildikdən 6 ay sonra idarəetmədə həmin tikilidəki mənzil sahibləri də iştirak etməlidirlər. Təəssüf ki, bu qaydalar təhvil alınmış, yəni dövlət qeydiyyatı olan binalara aid hesab edildiyindən, "kupçasız binalar" bu şərtləri çox əksər hallarda pozurlar. Konkret, aylıq ödənişlərə gəldikdə isə V.Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən, dövlət mənzil fondu üzrə yaşayış sahələrinə görə haqqın miqdarı özəl mənzil fondu üzrə isə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən müəyyən olunur. Yəni, MTK sahibləri bina sakinlərinin razılaşmadığı aylıq ödəniş məbləği təyin edə bilməzlər. Amma problem ondadır ki, indiyədək cəmi 43 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti qeydiyyatdan keçib. Deməli, böyük əksəriyyət binalarda belə cəmiyyətlər fəaliyyət göstərmir. Deməli, əksər MTK sahibləri özləri şişirdilmiş aylıq ödənişlər müəyyənləşdirirlər.

Qanunvericilik nə deyir?

Xatırladaq ki, mövcud qanunvericiliyə görə, nəinki çoxmənzilli binanı idarə edənlərin, hətta MİS-lərin belə  hər hansı kommunal xidməti dayandırmaq hüququ yoxdur. Nazirlər Kabinetinin təsdiq etdiyi "Qazdan istifadə Qaydaları"-nın 6.2-ci bəndinə əsasən, istehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Qazın verilməsinin dayandırılması hüququ yalnız qaz paylayıcısına məxsusdur. Nazirlər Kabinetinin təsdiq etdiyi "Elektrik enerjisindən istifadə Qaydaları"nın 9.13-cü bəndinə uyğun olaraq, istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması da yalnız fərdi qaydada həyata keçirilə bilər. Bu zaman istehlakçıya 3 gün əvvəldən rəsmi xəbərdarlıq edilir.  Eləcə də su ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Sudan istifadə Qaydaları"nın 8.2-ci bəndinə uyğun olaraq, istehlakçıya suyun verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Qazın, elektrik enerjisinin və suyun  dəyərini vaxtında ödəməyən istehlakçıya bunların  verilməsinin dayandırılması digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31