“Deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin müzakirəsinə tövsiyyə olunub
İyunun 20-də Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
21 İyun 2017 14:19 Sosialİyunun 20-də Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, öncə Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qanun layihəsi üzərində aparılmış işlər barədə məlumat verdi. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov qanun layihəsini təqdim edib. Bildirib ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi əvvəlki müzakirələrdə səslənmiş fikirlər nəzərə alınmaqla əsaslı surətdə təkmilləşdirilib. İşçi qrup bütün irad və təkliflərə ciddi diqqət yetirib. Nəticədə diskussiyalardakı fərqli mövqeləri nəzərə alan lakonik bir sənəd meydana gəlib. Bu qanun Milli Məclisin nüfuzunun gücləndirilməsinə və deputatlara etimadın artırılmasına xidmət edəcək. Müzakirə zamanı hər iki komitənin üzvləri qanun layihəsinin təkmilləşdirilmiş variantını yüksək dəyərləndiriblər. Çıxışlarda vurğulanıb ki, bu qanun layihəsinin hazırlanmasında və təkmilləşdirilməsində Milli Məclisin Sədri Oqtay Əsədovun tövsiyələri və dəstəyi mühüm rol oynayıb.Sənəd mükəmməl hazırlandığına görə, deputatların etik davranış qaydaları haqqında qanun layihəsi ikinci və üçüncü oxunuşda plenar iclasın müzakirəsinə tövsiyə olunub.