Sosial islahatlar davam etdirilir

İyunun 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda komitə  sədri Hadi Rəcəbli bildirib ki, gündəliyə “İşsizlikdən sığorta haqqında” Qanun layihəsi (ikinci oxunuş) daxil edilib.

"İşsizlikdən sığorta haqqında" Qanun layihəsi ikinci oxunuşda

İyunun 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda komitə  sədri Hadi Rəcəbli bildirib ki, gündəliyə "İşsizlikdən sığorta haqqında" Qanun layihəsi (ikinci oxunuş) daxil edilib. Məlumat verildi ki, müvafiq qurumlar tərəfindən bu qanun layihəsinin hazırlanması üçün iki il iş aparılıb. Dünyanın 72 ölkəsinin bu sahədə təcrübəsi öyrənilib. Layihə hazırlandıqdan sonra isə Milli Məclisə təqdim olunub. Komitə sədri məlumat verdi ki, bu qanun qəbul olunduqdan sonra işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyəcəkdir. Qanunun məqsədi ölkəmizin əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Bu qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Qanun siyasi vəzifə tutan şəxslərə şamil edilmir.

Qeyd olundu ki, bu qanun layihəsinin hazırlanması ölkəmizdə aparılan sosial islahatların bir qoludur. Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev layihənin parlamentin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı səsləndirilmiş fikirləri diqqətə çatdırdı. Qeyd etdi ki, həmin fikirlər təhlil  olunmuş, məqsədə müvafiq olan məsələlər nəzərə alınmışdır. Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edildi.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31