Aktiv məşğulluq tədbirləri davam etdirilir
Məşğul qabiliyyətli insanların əmək bazarında iş tapması daim problemli məsələlərdən olub. Obyektiv və subyektiv səbələrdən qaynaqlanan bu problemin çözülməsi sonda vətəndaşların boynuna qoyulub. Azərbaycan kimi sosial dövlətlər isə əmək qabiliyyətli hesab olunan vətəndaşlarının işlə təmin edilməsi məqsədilə daim məqsədyönlü tədbirlər həyata keçiriblər.
21 İyun 2017 13:19 Sosialİşəgötürən və işaxtaranlar elektron sistem vasitəsilə bir-birlərini tapa biləcəklər
Məşğul qabiliyyətli insanların əmək bazarında iş tapması daim problemli məsələlərdən olub. Obyektiv və subyektiv səbələrdən qaynaqlanan bu problemin çözülməsi sonda vətəndaşların boynuna qoyulub. Azərbaycan kimi sosial dövlətlər isə əmək qabiliyyətli hesab olunan vətəndaşlarının işlə təmin edilməsi məqsədilə daim məqsədyönlü tədbirlər həyata keçiriblər. Belə tədbirlərdən biri də ölkədə işaxtaranların şansının artırılması üçün nəzərdə tutulanyeni qaydaların müəyyən edilməsidir. Əvvəlcə onu qeyd edək ki, indiyə qədər də Azərbaycanda müvafiq qurumlar işaxtaranlara yardım məqsədilə çoxsaylı tədbirlər həyata keçiriblər. Məhz bunun nəticəsindəölkəmizin əmək bazarı dünyada baş verən iqtisadi böhranın təsirlərindən qoruna bilib. Xüsusən, məşğulluq mərkəzlərinin səmərəli fəaliyyəti nəticəsində çoxsaylı vətəndaşlar işlə təmin oluna biliblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq, qeyri-neft sektorunun inkişafı məqsədilə həyata keçirilən köklü islahatlar ilk növbədə əmək resurslarının məşğulluğuna yönəldilib. Nazir bildirib ki, xüsusən ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində stimullaşdırıcı tədbirlər əhalinin 47 faizinin yaşadığı kənd rayonlarında əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğuna yol açıb: "Eyni zamanda, Azərbaycan Prezidentinin irəli sürdüyü sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət şirkətləri ilə əməkdaşlığı şəraitində, onların təqdim etdikləri vakansiyalar əsasında həyata keçirdiyi aktiv məşğulluq tədbirləri də davam etdirilir. Ümumilikdə 2017-cı ilin yanvar-may aylarında nazirliyin məşğulluq orqanları tərəfindən 31,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib, 58 min nəfərdən çox vətəndaş peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb olunub. Müsbət nəticələrdən biri kimi, vaxtında və kompleks şəkildə görülən tədbirlər ötən ilin ilk aylarında əmək bazarında müəyyən qədər özünü göstərmiş gərginliyin artıq tam aradan qalxmasına və əmək bazarında yenidən sabitliyin mövcud olmasına imkan verib". Məhz görülən işlərin nəticəsidir ki, Azərbaycanda iş üçün müraciət edənlərin sayı kəskin şəkildə azalıb. Belə ki, bu ilin ilk beş ayında 69 min 250 nəfər iş üçün məşğulluq orqanlarına müraciət edib. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 141 min 651 olub.
İşaxtaranlar üçün yenilik
Yeri gəlmişkən qeyd edək ki, dünyada baş verən iqtisadi geriləmə və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi iş yerlərinin sayının azalması ilə nəticələnib. Beynəlxalq alımdə baş verən iqtisadi proseslər Azərbaycandan da yan keçməyib. Lakin ölkədə yeni iş yerlərinin açılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Məlum olduğu kimi ölkəmizdə işaxtaranlar yeni iş yeri əldə etmək məqsədilə Dövlət Məşğulluq Xidmətinə müraciət edirlər. Məsələ orasındadır ki, Xidmət tərəfindən vakant iş yerlərinə göndəriş alanların heç də hamısı işlə təmin oluna bilmir. Məhz bu kimi amillər nəzərə alınaraq ölkəmizdə işaxtaranlar üçün əlavə imkanlar yaradılıb. Nazir S.Müslümov bildirib ki, Azərbaycanda işəgötürən və iş axtaranlar üçün elektron vakansiya sistemi hazırlanır. Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi tərəfindən hazırlanan yeni sistem vasitəsilə vətəndaşların məşğulluq xidmətinə gəlməsinə ehtiyac qalmayacaq. Belə ki, Azərbaycanda işəgötürən və işaxtaranlar elektron sistem vasitəsilə bir-birlərini tapa biləcəklər. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni virtual vakansiya sistemi yaradılır. S.Müslümov deyib ki, yeni sistem istifadəyə verildikdən sonra vətəndaşın məşğulluq xidmətlərinə gəlmələrinə ehtiyac qalmayacaq.
İşaxtaranlar nələri bilməlidir?
Mütəxəssislər hesab edirlər ki, bütün hallarda işaxtaranlar layiqli iş əldə etmək məqsədilə bəzi mətləblərdən hali olmalıdırlar. Məsələn, Dövlət Məşğulluq Xidməti tövsiyyə edir ki, iş tapmaq daha çox insanın özündən asılıdır. İş axtararkən fəal olmalı, vətəndaşlar özlərini işəgötürənə düzgün təqdim etməyi bacarmalıdırlar. Əgər işaxtaranlar düzgün hərəkət etsələr asanlıqla iş tapa bilərlər. Nəzərə almaq lazımdır ki, işsizlər çox vaxt uğursuzluqla üzləşərək iş axtarmağa cəhd göstərmirlər. Uğursuzluqla rastlaşmamaq üçün iş axtarışı zamanı bir sıra qaydalara əməl edilməlidir: "Yadda saxlayın, heç kim sizə heç nə, eləcə də iş borclu deyil. İş əldə etmək üçün mübarizə aparmaq lazımdır. İş axtarışında bəxtigətirən və bəxtigətirməyən adam arasındakı fərq, əmək bazarındakı çətinlikdən deyil, işaxtaranların öz işlərini necə qurmasından asılıdır". Tövsiyyə olunur ki, işaxtaran test üsulu ilə işə qəbul zamanı tapşırığın yerinə yetirilmə vaxtı və tapşırığın necə yazılması izah edilərkən diqqətli olmalıdır: "Nə isə soruşmaq istəyirsinizsə, bunu tapşırıq verilməmişdən əvvəl edin. Tələsməyin, çünki, tələsmək nadir hallarda uğurla nəticələnir. Heç də vacib deyil ki, verilmiş tapşırığın hamısını yerinə yetirəsiniz. Bacarmadığınız mövzunun üzərində çox durmayın, növbəti tapşırığa keçin. Test qurtardıqdan sonra heç də narahat olmayın ki, özünüzün nəyə qadir olduğunuzu tam şəkildə göstərə bilməmisiniz. Unutmayın ki, Sizin topladığınız balların miqdarı sizin bacarığınızı göstərən amillərdən yalnız biridir".
Müsabiqə zamanı özünü necə aparmalı?
İşaxtaranın müsabiqə zamanı həyəcan keçirməsinə ehtiyac yoxdur. Çünki, müsahibə zamanı cavablar qısa və dəqiq olmalıdır: "İşəgötürənin marağını öyrənməyə çalışın, eləcə də nə cür iş istədiyinizi onlara anladın. İş qabiliyyətiniz barədə şişirtmədən danışın. Bacarmadığınız və bilmədiyiniz iş barədə danışmayın, yersiz sual verməyə tələsməyin. İşəgötürən əmək haqqı məsələsinə toxunarkən müzakirəyə hazır olun. Bu məsələ müzakirə olunarkən reallığa əsaslanın. İşəgötürən sizə dəqiq bir söz demirsə, ondan onunla nə vaxt əlaqə saxlaya biləcəyinizi aydınlaşdırın". Ardınca sizinlə danışıqlar aparana minnətdarlığınızı bildirin: "Eyni işi yerinə yetirərkən digərlərindən yaxşı mənada fərqlənməyinizə nə qədər nail olsanız, bir o qədər sizin şansınız çox olar. İnadkarlıqla istədiyiniz işə can atın, məhz nə üçün bu işi seçdiyinizi başqalarına izah etməyi bacarın. İşəgötürənlər çalışırlar ki, uğur qazananları işə qəbul etsinlər. Özünüzü onlara lazımlı işçi kimi göstərin, yazıq adam kimi yox. İşsiz qaldıqda, günün çox hissəsini iş axtarışına sərf edin, çünki yaxşı işi inadkarlıqla axtaran tapar. Bununla bərabər rədd cavabı almağa hazır olun. Buna hazır olduqda növbəti rədd cavabı sizi narahat etməyəcək və siz axtarışların birin də uğur qazanacaqsınız. Xatırladaq ki, işəgötürənlərdə müsbət rəy yaratmaq üçün ən güclü vasitə özünüz haqqında yaxşı tərtib olunmuş işgüzar məlumatdır. Məlumatın məqsədi sizi gələcək işçi kimi təqdim etməkdir. Yaxşı təşkil olunmuş məlumat sizin özünüz və iş qabiliyyətiniz barədə obyektiv təsəvvür yarada bilər. Ondan qəzetə elan vermək üçün, eləcə də sizi maraqlandıran işəgötürənlərə göndərmək üçün istifadə etmək olar. Nəhayət, onu iş axtarışında sizə kömək edə biləcək dostlarınıza və tanışlarınıza verə bilərsiniz. O, qısa və dəqiq olmalıdır. İşəgötürənlərə müraciət edərkən Siz öz maraqlarınız deyil, bu təşkilata nə kimi xeyir gətirə biləcəyinizi qeyd etməlisiniz". İşə qəbul zamanı namizədlərin seçilməsində və qiymətləndirilməsində daha vacib və geniş yayılmış üsul müsabiqədir: "Müsabiqədə sizin iş təcrübəniz, verilmiş işi hansı səviyyədə bacarmağınız aşkarlanır. Bundan əlavə, müsabiqə yolu ilə seçilmək, işin sizi nə dərəcədə qane etdiyini açıqlamaq imkanını verir. Lakin müsabiqəyə elə hazırlaşmaq lazımdır ki, sanki hazırda düzələcəyiniz iş yeri sizin çoxdankı arzunuz olmuşdur. Özünüzlə təhsilinizi, əlavə bacarığınızı və biliyinizi təsdiqləyən sənədlərin nüsxəsini, işgüzar məlumatı götürməyi unutmayın. İşlə təmin olunduqdan sonra, mütləq işəgötürən ilə əlaqə saxlayıb, onlara minnətdarlığınızı bildirərək artıq işlə təmin olunduğunuzu xəbər verin. İşlə əlaqədar müraciət etdiyiniz insanların hamısını xəbərdar edin və öz təşəkkürünüzü bildirin.
Beləliklə, siz özünüz barədə yaxşı fikir yaratmış olarsınız və ehtiyac yarandıqda onlara bir daha müraciət etmək sizə asan olar".
Zəka