Nigar Adil yazır... Məktub

Son günlər telefonumdan heç nəyi silmirəm, yaddaşı yüklü olsa belə, ekran anidən qaralıb sönsə belə. Təbii ki, bütün bunların niyə baş verdiyini bilirəm. Məsələn, yaddaşdan nələrisə silsəm, telefon bir müddət normal işləyəcək. Gərəksiz şəkilləri, müxtəlif yükləmə və mahnıları silsəm, telefonumun bir anlıq dərindən “ohhhh” edib rahatlayacağını da bilirəm. Sadəcə... sadəcə etmirəm və bir müddət bunu etmək barədə də düşünmürəm...

Nigar Adil

Məktub...

Son günlər telefonumdan heç nəyi silmirəm, yaddaşı yüklü olsa belə, ekran anidən qaralıb sönsə belə. Təbii ki, bütün bunların niyə baş verdiyini bilirəm. Məsələn, yaddaşdan nələrisə silsəm, telefon bir müddət normal işləyəcək. Gərəksiz şəkilləri, müxtəlif yükləmə və mahnıları silsəm, telefonumun bir anlıq dərindən "ohhhh" edib rahatlayacağını da bilirəm. Sadəcə... sadəcə etmirəm və bir müddət bunu etmək barədə də düşünmürəm...

Axı bütün canlı varlıqlardan da ən xoşbəxti cansız telefonlardı. Bütün ağıllı insanlardan da ən ağıllısı, kamili də elə yenə cansız, amma "ağıllı" adlandırılan telefonlardı. Telefonlardakı imkanlarla insanların real həyatdakı imkanlarını qarşılaşdırıram bəzən. Məsələn, telefon hər şeydən bezəndə, usananda, yorulanda və gözü dönəndə bir saniyənin içindəcə sönür və açıldığında onu incidən, yoran hər şeyin üstündən asanlıqla xətt çəkdiyini görürsən. Heç sahibinin bu materiallar üçün necə əziyyətlər çəkdiyi, onları necə qoruduğu vecinə də olmur. "Adam" istəmir, vəssəlam. Anındaca hər şeyi silməyi bacarır, daha özünü boş, mənasız hadisələrə görə "öldürmür". Məncə düz də edir!

Nəyinə lazımdı axı bunlar? Bütün bunlar qarşı tərəf üçün önəmli idi, vacib idi. Niyə, özünü kiməsə görə yormalıdı, kimisə düşünməlidi ki? Məhz buna görə də ağıllı telefonlara paxıllığım tutur. Amma bu dəfə mən də tərsləşdim. Bu dəfə telefonuma insanların "insan" hesab elədiklərindən nələr çəkdiklərini yaşatmaq istədim. Bizim belə bir imkanımızın olmamasını, öz xoşbəxtliyini "insanlar" dan qorumağını istədim.

Bu aralar "ağıllı" telefon olmaq istədim... Təsəvvür edin, günəşin gözəliyyi gözlərinizi qamaşdırır. Günün çox gözəl başlayıb, əhvalınız yerindədi. Amma, di gəl gün sonu bütün hüceyrələrinizə qədər inandığınız, güvəndiyiniz bir "insan" sizin bütün ömrünüzə yetəcək bir zərbə ilə nəinki günlərinizi, həftənizi, aylarınızı, illərinizi, hətta bütün ömrünüzü alt -üst edib... Hətta bundan məmnundu, haqlı olduğuna inanır. Və səni "məntiqli" izahlarını dinləməyə dəvət edir. Zərbənin, yumruğun altında zarıyırsan, etmə- eləmə deyirsən. Amma nə fayda?! "Adam" özünü yerdən - göyə qədər mələk, haqq tanrısı görür... Əməklərinin boşa getdiyinin fərqindəsən... Zarıyaraq mübarizədənsə, susaraq ölməyi qəbul edirsən...

Günlərlə, həftələrlə,aylarla özünlə danışırsan, beynindəki niyələrə cavab axtarırsan. Və elə bunu düşünə - düşünə birdən əlin beynində yüklənib qalan, ömrünü zəhərə çevirən hadisəni və ya fayılın "SİL" - düyməsini sıxır. Bütün olanlar, edilənlər yaddaşından tamamilə silinir. Və günəş yenə də sənə gülür...

Fikrimcə, bu "sistem" kişilərdən çox qadınlara lazımdı. İstədiyin zaman beynindən hər şeyi siləsən və sildikdən sonra ona bənzər kiçik xatirələr qalarsa belə, o zaman telefonun növbəti imkanından istifadə edirsən və ruhunu "format" edirsən. Yeni doğulmuş kimi olub hər şeyə yenidən başlayırsan...

Məhz buna görə qadınların çox zaman telefondakı bəzi imkanların varlığına həsəd apardıqlarını düşünürəm.

Tanrı mənim təsəvvürümdə hər zaman kişi obrazında canlanır. Qadınları incidən, eqoist bir kişi.

Və əgər tanrı qadınların xoşbəxt olmasını istəsəydi, o zaman elmin, texnikanın bu nailiyyətlərini onlara da bəxş edərdi.

Fikrilərim qarışıq oldu bir az, bilirəm. Sadəcə tanrıya - həmin o eqoist məktub yazmaq istədim və yazdım. Təbii ki, biz qadınlar kişilərin düşünə biləcəyi bütün bəhanələri bilirik. Ona görə də çalışıram qısa yazım, uzatmayım söhbətimi. "Vaxtım az idi, uzun -uzadı yazırsan, səbrim çatmır oxumağa", -  bəhanəsi ilə üzləşmək istəmirəm. Həə, bir də bəziləri kimi mesajını görmədim, mesaj qutusu dolu idi deməsin. Anlayacağınız, onun əlinə heç bir bəhanə vermək istəmirəm. Bəlkə də maraq bürüyəcək onu, arxamdan yazdığıma boylanacaq, ya da yazını kimsə açıb oxuyanda onun başının üstündə durub gözucu oxuyacaq, bilmirəm...

Bilirsən nə istəyirəm?

İstəyirəm ki, inkişaf etdirdiyin elmdən qadınlar da yararlansın. Deyəcəksən, necə? Bilirəm, deyəcəksən. Məsələn, mənim sənə belə bir təklifim var. Çox istərdim ki, dünyaya gələcək qadınların əllərində özlərini "farmat" olunma şansları olsun, onları üzən, incidən şəkilləri, hadisələri ürəklərindən, beyinlərindən bir düymənin köməyi ilə, bir toxunuşla silməyi bacarsınlar. Əslində, mənə nə cavab verəcəyini bilirəm. Deyəcəksən, istirahət etsinlər, gəzsinlər, əylənsinlər, alış-veriş etsinlər, düşünməməyə çalışsınlar, hər şey yaxşı olacaq.

Amma... dedim axı tanrım, sən qadın deyilsən. Qadın olsaydın bunların heç birinin bizi xoşbət etmədiyini bilərdin...

Anlayıram, bu səhər dünyaya gələcək, gələcəyin qadınına bu yeniliyi həmən tətbiq etmən mümkün deyil. Amma, 5 -10 ildən sonra bu arzumu reallaşdır, lütfən..

Heç olmasa, bundan sonra yaradacağın bəndələrin içində xoşbəxt QADINLAR olsun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31