Biznesə başlama prosedurları sadələşdirilib
Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabət qabiliyyətliliyinə nail olunması üçün vergi xidmətində mütərəqqi beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır.
16 İyun 2017 14:43 Sosialİlkin Vəliyev: "ASAN imza" sertifikatlarının qarşılıqlı tanınması istiqamətində mühüm işlər görülməkdədir"
Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabət qabiliyyətliliyinə nail olunması üçün vergi xidmətində mütərəqqi beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır. Məhz bunun nəticəsidir ki, ölkədə biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib. Vergilər nazirinin müavini İlkin Vəliyev bildirib ki, əlverişli biznes mühitinin yaradılması işinin iştirakçısı olan vergi orqanları qarşısında vergi ödəyiciləri ilə konstruktiv dialoq qurmaq, yaranmış problemlərin aradan qaldırılmasına diqqətlə yanaşmaq, vergi məsələlərində və tətbiq olunan innovasiyalarda biznesə və vətəndaşlara yardım etmək vəzifəsi durur. İ.Vəliyev qeyd edib ki, beynəlxalq vergitutma sahəsində son illər ərzində baş verən proses və tendensiyalar, o cümlədən xarici ölkələrin beynəlxalq müqavilələrin tətbiqi təcrübəsi nəzərə alınmaqla, bağlanmış müqavilələrin inzibatçılığının həm rezident, həm də qeyri-rezident şəxslərə münasibətdə asanlaşdırılması və mütərəqqi informasiya texnologiyalarından istifadə edilməsi yolu ilə elektronlaşdırılması nəzərdə tutulur: "Bu məqsədlə Vergilər Nazirliyi tərəfindən "Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı Qaydaları" yeni redaksiyada hazırlanıb və bu Qaydalarda elektron müraciət etmək imkanı və güzəştlərin əvvəlcədən tətbiq edilməsində gəlir növlərinin siyahısının genişləndirilməsi kimi yeniliklər nəzərdə tutulub. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən xarici ölkələrlə elektron imza, o cümlədən, "ASAN imza" sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bu yenilik elektron imza, o cümlədən "ASAN imza" vasitəsilə DTA formalarının xarici ölkə ərazilərində də elektron qaydada təsdiq edilməsi imkanını yaratmaqla onlardan daha rahat və geniş şəkildə istifadə edilməsi mümkün olacaq. Vergi sistemi üzrə aparılan kompleks islahatlar çərçivəsində vergi inzibatçılığının sadələşdirilməsinin davamı olaraq xüsusi vergi rejimi tətbiq olunan vergi ödəyicilərinə münasibətdə ƏDV inzibatçılığının elektronlaşdırılması qarşıya hədəf kimi qoyulub. Bu məqsədlə, ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olma sertifikatının alınması məqsədilə Vergilər Nazirliyi tərəfindən nazirliyin İnternet Vergi İdarəsində "e-Sertifikat" modulu yaradılıb".
Nazirliyin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva da ölkəmizdə biznesə başlama prosedurlarının əsaslı şəkildə sadələşdirildiyini, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edildiyini, mövcud vergi sisteminin sahibkarlığı və ixracı təşviq etdiyini bildirib. Onun sözlərinə görə, ötən müddət ərzində ölkədə biznesə başlama ilə bağlı proseduralar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınır. "Doing Business 2017" hesabatına görə ölkəmiz "Biznesə başlama" indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-ci yerdədir. Hazırda ölkəmizin Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü olmaqla, cəmi 129 güzəşt və azadolma mövcuddur. İnvestisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində son dövrlərdə vergi güzəşt və azadolmalarının sayı artıb. S.Musyeva ölkə Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" 6 dekabr 2016-cı il tarixli fərmanı və bu xəritələrdə xarici investisiyaların stimullaşdırılması ilə bağlı müəyyən edilmiş hədəflər barədə də məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı İkiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlərin (DTA) inzibatçılıq qaydalarının sadələşdirilməsi ölkəmizin digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlər şəbəkəsi, bu Sazişlərin vergi ödəyiciləri üçün yaratdığı imkanlardan qaynaqlanır. Bu məqsədlə DTA formaları sadələşdirilib, elektron müraciət etmək, bütün gəlir növləri üzrə güzəştlərin əvvəlcədən tətbiq edilməsi, formanın təsdiqinin gəlir ödəyən şəxsə birbaşa onlayn göndərilməsi imkanı yaradılıb. Bununla yanaşı, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən "ASAN imza" sertifikatının verilməsi nəzərdə tutulur. Xarici ölkələrlə elektron imza, o cümlədən "ASAN imza" sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində intensiv işlər aparılır. Bütün bunlar vergi ödəyicilərinin xərclərinin optimallaşdırılması və biznesin təşviqinə xidmət edir, xarici biznes tərəfdaşları arasında sənədlərin elektron formada tərtibi və imzalanmasına, digər dövlətlərlə elektron məlumat mübadiləsi, transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə, xarici investorlar üzrə vergi və inzibati xərclərinin azalmasına imkan verir.
Zəka