Mənşəyi məlum olmayan ət məhsulları və onun ətrafında yaradılan şər-böhtan kampaniyası

2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı özündə bir neçə müsbət cəhəti ehtiva etdi. Ölkədə qeyri-neft sektorunun inkişafına təkan verdi, regionların, ümumilikdə ölkənin simasını dəyişdi, yerlərdə yeni müəssisə və zavodlar açıldı, bütün bunların fonunda daxili istehsal artdı. Lakin öz işini səmərəli şəkildə qura bilməyən, yaxud istehsal etdiyi məhsulların istehlakçıları qane etməməsindən dolayı bəzi müəssisə və zavodlar rəqabətə davam gətirə bilmədi, istehsal etdikləri məhsullar bazarda reytinq göstəricilərində ən son sırada yer aldı. “Azərsun Holdinq” və onun istehsal etdiyi məhsullar isə bütün bunların fövqündə dayanırdı. Nədən ki, şirkət fəaliyyətini ümummilli lider Heydər Əliyevin “Azərsun Holdinq”in qurucusu Abdolbari Goozalı qəbul edərəkən qeyd etdiyi kimi fəaliyyətini düzlük üzərində qurmuşdu.

Yaxud "Qafqaz" Konserv Zavodu niyə hədəf seçilib?

2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı özündə bir neçə müsbət cəhəti ehtiva etdi. Ölkədə qeyri-neft sektorunun inkişafına təkan verdi, regionların, ümumilikdə ölkənin simasını dəyişdi, yerlərdə yeni müəssisə və zavodlar açıldı, bütün bunların fonunda daxili istehsal artdı. Lakin öz işini səmərəli şəkildə qura bilməyən, yaxud istehsal etdiyi məhsulların istehlakçıları qane etməməsindən dolayı bəzi müəssisə və zavodlar rəqabətə davam gətirə bilmədi, istehsal etdikləri məhsullar bazarda reytinq göstəricilərində ən son sırada yer aldı. "Azərsun Holdinq" və onun istehsal etdiyi məhsullar isə bütün bunların fövqündə dayanırdı. Nədən ki, şirkət fəaliyyətini ümummilli lider Heydər Əliyevin "Azərsun Holdinq"in qurucusu Abdolbari Goozalı qəbul edərəkən qeyd etdiyi kimi fəaliyyətini düzlük üzərində qurmuşdu.

***

Müstəqilliyin ilk illərindən Azərbaycan bazarında fəaliyyət göstərən şirkətin istehsal etdiyi məhsulların qısa zamanda təkcə daxildə deyil, eləcə də xaricdə brendə çevrilməsi təbii ki, rəqabətə davam gətirməyən digər istehsal müəssisələrini, bəzi şirkətləri, eləcə də onları himayə edən dairələri narahat edən əsas məsələlərdən idi. Ona görə də şirkət, onun istehsal etdiyi məhsullar barədə əsassız ittihamlar, böhtan və yalan dolu fikirlər müntəzəm olaraq gündəmə gəlirdi. Hətta yerli istehsalçılar arasında ən çox böhtan və şərə tuş gələn müəssisələrdən birinin "Azərsun Holdinq" Şirkətlər Qrupu olduğunu da açıq şəkildə söyləyə bilərik. Amma şirkət öz işini, fəaliyyətini sağlam formada, günün tələbələrinə və müştəri məmnuniyyətinə uyğun qurduğu üçün ötən müddət ərzində ona atılan çamurların hamısı əks effekt verərək gəldiyi ünvana qayıtdı. Lakin sağlam rəqabət mühiti ilə fəaliyyət göstərməyənlər imkan düşdükcə keçmiş ənənələrini davam etdirir və "Azərsun", eləcə də onun digər müəssisələrini nüfuzdan salmaq üçün dəridən-qabıqdan çıxırdılar. Və belə bir fürsət bir neçə il əvvəl yaranan neft böhranından sonra ara qatanlar üçün əlverişli oldu. Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və paralel olaraq manatın Amerika dollarına nisbətən dəyərini itirməsi istər-istəməz daxili bazarda ərzaq məhsulları, eləcə də digər istehlak mallarının qiymətinin artmasına gətirib çıxardı. Təbii ki, bu da "Azərsun"a hücum üçün əlverişli fürsət idi. Bütün diqqətlər maraqlı şəkildə o istiqamətə yönəldildi ki, ərzaq məhsullarının qiymətini "Azərsun" qaldırır. Sanki ölkədə başqa bir istehsal müəssisəsi yoxmuş kimi əsas hədəf bu şirkət oldu. Halbuki reallıq tamamilə fərqli idi və şirkət maksimum dərəcədə bazarlarda qiymətlərin sabit qalmasında maraqlı idi. Beləliklə, işpozanların, araqatanların bu dəfəki planı da işə yaramadı. Ancaq "Azərsun"un işgüzar imicinə zərbə vurmaq planı hələ də qüvvədə idi və bu dəfə şər-böhtan dağarcıqları daha həssas nöqtəni müəyyən etdikləri və bununla da şirkətin istehsal etdiyi məhsullar barədə ictimaiyyət arasında mənfi rəy formalaşdıracaqları qənaətində idilər. Söhbət, son bir neçə ayda ölkə gündəmini bürüyən mənşəyi məlum olmayan heyvan ətinin əhaliyə müxtəlif üsullarla satışından gedirdi. Adətən bu cür ətlərin kolbasa sexləri və digər ət məhsulları istehsal edən müəssisələrə verildiyi cəmiyyətə aydın olduğundan bu dəfə də hədəf "Azərsun" və onun yerli istehsal müəssisəsi seçildi. Belə ki, bir neçə gün əvvəl avtomobilin yük yerində müvafiq qurumlar tərəfindən aşkarlanan mənşəyi məlum olmayan ətin Qafqaz Konserv Zavoduna aparıldığı barədə cəmiyyətə yalnış informasiya çatdırıldı. Bu şər-bəhtan dolu məlumat həmin məhsulu aparan şəxsin dilindən səslənsə də, əslində həmin ifadə cəmiyyəti yalan məlumatla bilgiləndirən sürücünün öz təxəyülünün məhsulu deyildi. Və yuxarıda da qeyd etdiyimiz kimi bu "Azərsun" məhsulları barədə istehlakçılarda mənfi rəy yaratmaq, onun işgüzar mühitinə zərbə vurmaq istiqamətində atılmış daha bir düşünülmüş addım idi.

Bu həm də qeyri-sağlam rəqabətin göstəricisi idi. Baxmayaraq ki, dövlət başçısı dəfələrlə iş adamları, sahibkarlar, istehsal müəssisələri arasında sağlam rəqabətin mövcud olmasını arzulayıb və dəfələrlə bunun zəruriliyini vurğulayıb. Hələ 2011-ci ildə dövlət başçısı Ağcabədidə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı demişdi: "Biz elə etməliyik ki, ölkəmizdə sağlam rəqabəti təmin edək. Bu, həm sahibkarlardan, eyni zamanda, bəlkə də daha da çox dövlət qurumlarından asılıdır. Çünki bəzi hallarda qeyri-sağlam rəqabət işimizə çox böyük mane törədir".

***

Həqiqətən də, yayılan qərəzli məlumat "Azərsun" və onun yerli istehsal müəssisəsi olan Qafqaz Konserv Zavodunun fəaliyyətinə maneçilik törətmək məqsədi daşıyırdı. Lakin yuxarıda qeyd etdiyimiz kimi şirkət öz fəaliyyətini sağlam təməllər, düzgünlük, ən əsası müştəri məmnunluğu üzərində qurduğundan bu maneəni də aşa bildi. Hər zaman cəmiyyət, ictimaiyyət üçün açıq olan, bütün uğurları, nailiyyətlərini xalqla bölüşən şirkət bu dəfə də müzakirə mövzusu olan Qafqaz Konserv Zavoduna mediatur təşkil edərək reallığın, həqiqətin nədən ibarət olduğunu KİV nümayəndələrinə açıqladı. Mətbuat nümayəndələrinin zavoddakı istehsal prosesini yaxından izləməsinə tam şərait yaradaraq bütün şübhələri aradan qaldırmış oldu. Zavodun fəaliyyəti, istehsal etdiyi məhsullar, ötən illər ərzində qazandığı nailiyyətlər barədə KİV nümayəndələrinə məlumat verən "Qafqaz" Konserv Zavodunun direktoru Rüstəm Rüstəmov bildirdi ki, zavod 12 sentyabr 2003-cü il tarixində Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Qafqaz Konserv Zavodu keyfiyyətli məhsul istehsal etmə yönündə daim öndə olub, irəliləyib. Məhz uğurlu fəaliyyətinin göstəricisidir ki, zavod 2005-ci ildən etibarən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistem Sertifikatını qazanıb. Rəhbərlik etdiyi müəssisədə hazırda 361 işçinin çalışdığını deyən Rüstəm Rüstəmov istehsal edilən məhsulların ilk istifadəçisinin özləri olduğunu deyib. Bildirib ki, özlərinin istifadə etmədiyi məhsul istehlakçıya məsləhət görülmür: "Yəni əsas məqsədimiz insanlığa xidmətdir Ən əsas prinsipimiz isə ədalət və düzgünlükdür" Mətbuat nümayəndələri vasitəsi ilə ictimaiyyətə doğru məlumatların çatdırılmasının hər zaman şirkət tərəfindən təmin edildiyini deyən "Azərsun" Holdinq Şirkətlər Qrupunun rəsmisi Afiq Səfərov bildirib ki, şirkətin fəaliyyət göstərdiyi 25 il ərzində heç bir məhsulda ərzaq təhlükəsizliyi və gigiyena baxımından problem yaşanmayıb. Afiq Səfərov bu göstəriciyə keyfiyyətə nəzarət sisteminin hesabına təmin edildiyini vurğulayıb.

Afiq Səfərov diqqətə çatdırıb ki, mediatur təşkil edilən Qafqaz Konserv Zavodunda məhsulun keyfiyyətinə nəzarət zavodla paralel, Mərkəzi Ofisdə yerləşən prosesə və keyfiyyətə nəzarət direktorluğu tərəfindən də həyata keçirilir: "Burada prosesə nəzarət və keyfiyyətə nəzarət direktorluğunun nümayəndələri zavod rəhbərliyinə tabe deyil. Onlar birbaşa mərkəzi direktorluğa tabedir. Bu direktorluq nə qədər qüsur tutarsa, bir o qədər gəlirləri artır. Sırf bu cür idarəetmənin nəticəsində maraqların toqquşması keyfiyyət amilini meydana çıxarır. Məhsulun keyfiyyəti bir nömrəli prioritetdir. Prosesə nəzarət və keyfiyyətə nəzarət direktorluğunun anbara daxil olmasına icazə verdiyi məhsulda sonradan karantin dövründə problem çıxarsa, bu dəfə onlar məsuliyyət daşıyırlar. Bax bu cür, dəfələrlə yoxlama sistemi nəticəsində keyfiyyət amili tam şəkildə əhatə oluna bilir".

***

Zavod barədə qısa məlumat aldıqdan sonra səbəbi-ziyarətimizin mənşəyi məlum olmayan ətlə əlaqədar olduğunu nəzərə alaraq ilk növbədə ət konserv məhsullarının istehsalı prosesi ilə yaxından tanışlıq qərarına gəldik. Və ilk addımda bir neçə gün əvvəl zavod barədə yayılan məlumatın şər-böhtan olduğu qənaəti yarandı. İstehsal müəssisəsinə daxil olarkən hər birimizin ciddi şəkildə gigiyenik qaydalara əsasən forma ilə təmin olunmağımız, aparılan dezinfeksiya prosesi bu qənaəti yaradırdı. Həmçinin istehsal prosesində çalışan işçilər də hər gün eyni qayda ilə gigyenik prosedurdan keçərək sexə daxil olur və xüsusi geyim, maskalarla iş prosesini həyata keçirirlər. Bu istehsal prosesində ətə insan orqanizmindən hansısa bir yad maddə və mikrobun düşməsini minimuma endirən başlıca amildir.

İstehsal prosesi ilə tanışlıq zamanı məlum oldu ki, Qafqaz Konserv Zavodu ümumiyyətlə yerli istehsalçılardan ət qəbul etmir. O ki, qaldı əlini-qolunu sallaya-sallaya mənşəyi məlum olmayan əti zavoda gətirən tanımadığı bir sürücüdən. Afiq Səfərov da bildirib ki, zavod son 8 ildə yerli istehsalçılardan ət qəbul etməyib. Bunun isə əsas səbəblərindən biri ölkədə mal əti ehtiyatının o qədər də böyük olmamasıdır. Afiq Səfərovun sözlərinə görə, hər ay daxili bazardan müəyyən miqdarda ətin qəbul olunacağı halda, ölkədə ətin qiymətinin sürətlə qalxa bilər: "Ona görə də yalnız xarici bazarlardan və yalnız halal sertifikatlı məhsullar qəbul olunur. Həmin heyvanlar da Ukraynadakı "Azərsun"a məxsus fermalarda bəslənilir". Şirkət rəsmisinin sözlərinə görə, zavod tərəfindən yerli səviyyədə ət qəbul edilməməsinin digər bir səbəbi isə bəzi hallarda müəssisəyə qəbul edilən ətdə müəyyən nöqsanların aşkar edilməsidir. O, bildirib ki, əvvəllər bir neçə dəfə belə xoşagəlməz hal aşkar edildiyi üçün artıq 8 ildir zavod yerli səviyyədə ət qəbul etmir. Afiq Səfərov həmçinin onu da diqqətə çatdırıb ki, artıq şirkət ətə olan tələbatın yerli səviyyədə həll edilməsi üçün ferma salınması planı üzərində işləyir. İlkin mərhələdə onun yem bazası yaradılıb. Növbəti mərhələdə xaricdən gətiriləcək mal-qaranın yerli səviyyədə bəslənməsi prosesi həyata keçiriləcək.

Jurnalistlərlə bilrikdə istehsal prosesini izləyən zavodun direktoru Rüstəm Rüstəmov da deyir ki, ət konservinin hazırlanmasında yerli xammaldan istifadə edilmir: "Zavod ət koservi istehsalı üçün xammalı əsasən Ukraynadan, halal ət kəsimi sertifikatı olan müəssisədən alır. Dondurulmuş ətlər paketlərdə ölkəyə gətirilərək anbara yığılır. Lazım olduqca anbardan çıxarılaraq ət konservlərinin hazırlanmasında istifadə edilir. Onu da qeyd edim ki, xaricdən gətirilən ətlər də istehsala verilməzdən öncə təkrar-təkrar laborator müayinələrdən keçirilir". Məlumat üçün qeyd edək ki, xaricdən xüsusi paketlərdə gətirilən ət zavoddakı soyuducu anbarda, -18 dərəcədə saxlanılır.

***

Zavodun proses və keyfiyyətə nəzarət üzrə baş inspektoru Anar Qədirov isə bildirib ki, xammalın qəbulundan hazır məhsulun çıxışına qədər olan bütün mərhələlərdə keyfiyyətə nəzarət bölməsi tərəfindən yoxlamalar aparılır. Onun sözlərinə görə, hansısa mərhədə problem yaranarsa istehsal dayandırılır: "4 otaqlı laboratoriyada həm fiziki, həm kimyəvi mikrobioloji analizlər aparılır. zavoda daxil olan xammaldan nümunə götürülür və laboratoriyada analiz edilir. Yalnız bundan sonra həmin xammal istehsala buraxılır. Laboratoriya müasir avadanlıqlarla təchiz edilib. İstehsal müəssisəsi 2005-ci ildən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistemi, 2008-ci ildən ISO 22000 Qida Təhlükəsizliyini İdarəetmə Sistemi və 2013-cü ildən BRC Beynəlxalq sertifikatlara malikdir".Mediatur çərçivəsində jurnalistlər istehsal prosesini izləməklə yanaşı, ətin saxlanma şəraiti, konservlərin istehsalı və qablaşdırılması prosesini izləyib, müasir texnoloji avadanlıqlar, laborotoriya ilə yaxından tanış oldular. Mediaturun nəticəsi olaraq keyfiyyətsiz ət qəbulu ilə bağlı Qafqaz Konserv Zavodu barədə yayılan məlumatların şaiə, iftira və müəssisədə çalışan yüzlərlə yerli sakininin əməyinə qarşı hörmətsizlik olduğu isbat olunub.

Səbəbi-ziyarətimiz mənşəyi məlum olmayan ətlə bağlı olsa da, lakin bir güllə ilə iki quş vurmaq prinsipinə sadiq qalaraq təkcə ət konservi istehsalı ilə maraqlanmaqla kifayətlənmədik. Eyni zamanda zavodun istehsal etdiyi digər məhsulların hazırlanma və istehsal prosesi ilə yaxından tanış olduq. Həmçinin zavodun istehsal etdiyi məhsulların saxlanma anbarı ilə də yaxından tanışlıq imkanı qazandırıldı. Məlumat üçün qeyd edək ki, anbarda məhsulların anbarda saxlanılması üçün xüsusi rəflər yerləşdirilib. Hansısa məhsulun rəfdən kənarda, yerdə olması faktından söhbət gedə bilməz. Burada temperatur da daim nəzarət altında saxlanılır. Məhsulların yığıldığı rəflərin üzərindəki termometrlər vasitəsilə isə burada nəmişlik daim nəzarətdə saxlanılır. Məlumat verildi ki, buada 800-1000 ton məhsul tam qaydalara uyğun saxlanıla bilir.

Son olaraq zavodla yaxından tanışlıq, bütün istehsal prosesini əyani şəkildə müşahidə etməyimiz bir qənaət və əminliyi formalaşdırdı. Burada istehsal edilən istənilən məhsullar tam gigyenik qaydada hazırlanır və onların insan orqanizminə zərəri olmaması barədə tam zəmanət var.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31