“Minlərlə insanın gələcəyi təhlükə qarşısında qala bilər”

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən xeyli sayda vətəndaşın işlərə cəlb edilməsi faktlarını aşkarlayıb.

Qənirə Paşayeva: "Əmək müqaviləsi bağlamayan işçilər pensiya hüququndan məhrum ola bilərlər"

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən xeyli sayda vətəndaşın işlərə cəlb edilməsi faktlarını aşkarlayıb. Belə ki, iyun ayının 5-də fiziki şəxs Nəbiyev Toğrul Fuad oğlunun rəhbərlik etdiyi kompozit taxta sexində və "Vegaplast" MMC-yə məxsus istehsal sexində əmək münasibətləri sahəsində vergi nəzarəti tədbirləri keçirilib. Nəzarət tədbirləri zamanı Toğrul Nəbiyevə məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ŞTQ, 2-ci Mədən, ev 2 ünvanda yerləşən və "Tekoplast" əmtəə nişanı adı altında kompozit taxtalar, pvc lambirinlər, plintuslar, asma tavanlar istehsal edilən sexdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 19 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktının) olmadığı müəyyən edilib. Eyni zamanda, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ŞTQ, 2-ci Mədən, ev 2 ünvanda yerləşən, "Vegaplast" MMC-yə məxsus su boruları, dam örtükləri, izolyasiya panelləri istehsal edilən sexdə isə işlərin yerinə yetirilməsinə cəlb edilmiş 42 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin olmadığı müəyyən edilib. Həmçinin hüquqi şəxs "DONQFANQ İNTERNATİON" MMC-yə məxsus, Abşeron rayonu, Maştağa qəsəbəsi, subtropik bağlar sovxozu ərazisində yerləşən və lambir istehsal edilən sexdə də oxşar hallar aşkarlanmışdı. Tədbir zamanı müəssisənin Çin əsilli rəhbərliyi yerli işçiləri anbarda gizlətməyə çalışsa da, buna müəssər olmamış, nəzarət tədbiri zamanı anbarda gizlənmiş, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 33 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktının) olmadığı müəyyən edilib.

İşçilərdən alınmış izahatlardan aydın olub ki, həmin işçilərin bu sahədə bir neçə ay ərzində çalışdıqlarına baxmayaraq, onların heç biri ilə əmək müqaviləsinin (kontraktının) hüquqi qüvvəyə minməsi ilə bağlı sənədləşdirmə işləri aparılmayıb. Faktla bağlı materiallara Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində baxılacaqr. Ümumilikdə, 2017-ci ilin ötən 5 ayı ərzində əmək müqavilələrinə nəzarət tədbirləri zamanı 261 vergi ödəyicisi üzrə 1965 nəfər əmək müqaviləsi olmayan işçi aşkar edilib, işəgötürənlərə 1,6 mln. manat maliyyə sanksiyası tətbiq edilməklə məsuliyyət qərarı çıxarılıb.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün də bir sıra şirkətlər və qurumlar əmək müqaviləsi bağlamadan insanları işə cəlb edirlər və əmək haqlarını əmək müqavilələrində az göstərirlər: "Buna qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mübarizəsi sərtləşməlidir. Unutmamalıyıq ki, biz pensiya təminatı ilə bağlı fərdi uçot sisteminə keçmişik". Millət vəkili qanunvericilikdə  işsiz qalan insanlara dəstək istiqamətində vacib məsələlərin öz əksini tapdığını, amma bu məsələ ilə bərabər əmək müqavilələri ilə bağlı problemlərin öz həllini tapmasının vacibliyini bildirib. Q.Paşayeva isçilərin hüquqlarının müdafiəsi istiqamətində işlərin daha da surətlənməli olduğunu bildirib: "Əmək müqaviləsi olmadan çalışan insanların əmək müqavilələri və buna müvafiq olaraq DSMF-yə ödəmələri olmadığı üçün gələcəkdə onların pensiyaları sual altında qalacaq və minlərlə insanın gələcəyi böyük təhlükə qarşısında qala bilər. Ona görə də əmək müqaviləsi olmadan işçi çalışdıran şirkət və qurumlara qarşı mübarizə aparılmalı və ciddi tədbirlər görülməlidir. Eyni zamanda bir sıra hallarda əmək müqavilələrində əmək haqqı işçinin aldığı real əmək haqqından az göstərilir ki, bu da gələcəkdə həmin şəxsin pensiyası ilə bağlı ciddi problemlərin əsasını qoyur. Bu istiqamətdə əməli addımlar atılmazsa, gələcəkdə yüzlərlə vətəndaşımızın ciddi narazılığı ortaya çıxacaq. Çünki əmək müqaviləsi olmadan çalışan faktiki olaraq işləyir, amma əmək müqaviləsi olmadığı üçün onun gələcəkdə pensiya alması üçün hesabına heç bir vəsait yığılmır. Bu halların qarşının alınması istiqamətində işləri ƏƏSMN daha sürətləndirməlidir, vətəndaşın hüquqlarını daha yaxşı qorumalıdır. Əmək müqaviləsi olmadan, işçi çalışdıran və əmək haqlarını əmək müqaviləsində real əmək haqqından az göstərən qurumlara, şirkətlərə qarşı sərt tədbirlər görülməlidir. Təbii hamımız istəyirik ki sahibkarlıq daha da inkişaf etsin. Çünki iqtisadiyyatın inkişafı, iş yerlərinin açılması üçün bu çox vacibdir".

Millət vəkili bildirib ki, hamı sahibkarlara qarşı süni maneler, qanunsuz yoxlamaların əlehinədir: "Amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının da əlehinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Necə pensiya alacaqlar? Yaşlananda heç olmasa özlərinə yetə biləcək pensiya ala bilməkdən məhrum olacaqlar və bu dövlət üçün ciddi bir problem olacaq. Unutmamalıyıq ki, biz pensiya təminatı ilə bağlı fərdi uçot sisteminə keçmişik, yəni hər bir insan öz əmək haqqında DSMF-yə nə qədər vəsait ödəyibsə, ona müvafiq də pensiya alacaq. Əmək müqaviləsi olmadan çalışan insanların əmək müqavilələri və buna müvafiq olaraq DSMF-yə ödəmələri olmadığı üçün gələcəkdə onların pensiyaları sual altında qalacaq. İnsanlar iş tapmaq asan olmadığından və işlərini itirməmələri üçün bəzən əmək müqaviləsi olmadan işləməyə məcbur olurlar. Amma müvafiq dövlət qurumu bu cür şirkət, qurumlara qarşı bu kimi hallara son qoyulması istiqamətində mübarizə tədbirlərini sərtləşdirməlidir. Çünki bu şərtlərlə işləyəməyə məcbur olan insanlar bu gün müəyyən problemlərlə üzləşməklə bərabər, onların gələcək pensiya təminatında da çox ciddi problemlər yaranacaq".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31