Tanınmış jurnalistlər “Maşın”a qarşı - “…Səviyyəsiz bir şeydir”
14 İyun 2017 12:44 SosialArtıq bir müddətdir ki, "Maşın-şou" gündəmi zəbt edib. Adətən tanınmış sənətçilərin, şou-biznes nümayəndələrinin qatıldığı verilişdə mütəmadi olaraq qalmaqalların, ilginc olayların şahidi oluruq.
Xatırladaq ki, oyunda sona qalan üç nəfər artıq finalda sayılır. Bu andan etibarən şouda final şərtləri qüvvəyə minir: finalçılar günün çox hissəsini maşından ayrılmadan, ayaq üstdə, yuxusuz və digər fizioloji tələbatlarını ödəmədən keçirir. Bu məqamda yalnız mənən deyil, fiziki cəhətdən də güclü olan şəxs maşına sahib olur.
Maraqlıdır, jurnalistlər üçün də belə bir şou keçirilsəydi, kimlər iştirak etmək istərdi?

"Qafqazinfo"nun məlumatına görə, tanınmış köşə yazarı Zamin Hacı musavat.com-a açıqlamasında "Maşın şou"nu səviyyəsiz veriliş adlandırdı:
"Sözün düzü, bu şou haqqında anlayışım yoxdur. Sadəcə, bilirəm ki, belə bir veriliş var. Yəqin ki, mən belə bir şouda iştirak etmərəm. Çünki ümumiyyətlə, maşını sevmirəm və əldə etmək də istəmərəm, belə bir arzum yoxdur. İkinci tərəfdən, televiziyanı sevmirəm. Xüsusən də indiki halda yerli televiziyalarda iştirak etmək mənasızdır. Əlbəttə, sosial bir alət olaraq cəmiyyətin problemlərini çatdırmaq, müzakirə baxımından televiziya önəmlidir. Lakin bizdə bundan istifadə olunmur.
Bu cür mənasız şouların intellekt, sosial bir əhəmiyyəti yoxdur. Mənim aləmimdə əlini maşının üzərinə qoyub, onun uğrunda mübarizə aparmaq geri zəkalılığın əlamətidir. Kimsə mənə izah etsin ki, o verilişin mənası nədir? Və nəyin sınanması gedir? Ağlını gərək itirəsən ki, bir otaqda bir neçə nəfərlə əlini maşının üstünə qoyub mübarizə aparasan və bunu şou adlandırasan. Axı bunun nəyi şoudur? Bu, çox primitiv, mənasız, çox səviyyəsiz bir şeydir".

Tanınmış jurnalist-yazar Həmid Herisçi isə sorğuya bu cür münasibət bildirib:
"Şouda iştirak edən hər kəsə hörmətlə yanaşıram. Hesab edirəm ki, şou müasir həyat təzahürüdür, həyatın bir şəklidir. Yəni onu inkar etmək olmaz. Jurnalistlər də orda iştirak edə bilərlər. Çünki müasir xəbərləşmə növüdür. Qeyd edim ki, "Maşın-şou" cəmiyyətə çox güclü mesajlar verir. Mən şounun aparıcısı Murad Dadaşovu Azərbaycanın ən peşəkar şou-biznes rejissoru, aparıcısı sayıram". H.Herisçi şouda iştirak edə biləcəyindən də danışdı: "Qatıla bilərəm, sadəcə, mənlik deyil. Çünki saçımı artıq ağartmışam. Fikrimcə orada daha gənc adamlar iştirak etməlidir. Biz isə sadəcə xeyir-dua verə bilərik".

Jurnalist Seymur Verdizadə isə övladlarına bu tip verilişlərə baxmağı qadağan etdiyini dedi:
"Şou adamı olmadığım üçün hansısa şouda iştirak etməyim mümkün deyil. Üstəlik, jurnalistlərin iştirakı ilə hansısa şounun təşkil olunmasına da inanmıram. Jurnalistlər quru adamlardır, onlar efirdə "oyun" çıxarmağı bacarmazlar. Şou özlərini sənət adamı hesab edənlərin yeridir. Hərçənd ki, orta iştirak edənlərin yarısından çoxunun əsl sənətdən xəbəri yoxdur.
"Maşın-şou" müəyyən audotoriyası olan proqramdır. Bu cür verilişlər telekanala külli miqdarda vəsait gətirir. Amma mən bu kimi verilişlərin efirə ayaq açmasının qəti əleyhinəyəm. Çünki həmin maşının ətrafına toplanmış adamların gündə 2 saat evlərimizə soxulmağa ixtiyarı yoxdur. Verilişdə iştirak edən, özünü sənət adamı kimi cəmiyyətə sırıyan adamlar var ki, bizə qonaq gəlsələr, mən onları qapıdan içəri buraxmaram".
"Avropa.info" xəbər saytının direktoru Ruslan Bəşirli isə verilişi qumara bənzətdi: "Açığı, o verilişi izləmirəm. Heç vaxt da bu tipli verilişləri izləməmişəm. İştirak məsələsinə gəlincə, məncə, bu, bir qumardır. Qumar da ki dinimizə görə haramdır. Mən özüm şəxsən iştirak etmərəm".

APA informasiya agentliyinin əməkdaşı Cavid Zeynallı da şounu izləmədiyini dedi:
"Düzü, "Maşın-şou"nu izləmirəm. Şouda baş verən hadisələrdən ancaq saytlar vasitəsilə xəbər tuturam. Dünən yoldaşım deyir ki, yarışmadan könüllü gedən, imkansız iştirakçılar üçün yol açanlar da var. Yaxşı addımdır. Hərçənd inanmıram belə şeylər təşkilatçıları razı salsın. Onları da başa düşmək olar, çünki bunun adı şoudur, oyundur və nə qədər qalmaqal, dava-dalaş çox olsa, layihəni o qədər baş tutmuş saymaq olar.
O ki qaldı jurnalistlərin iştirakına, ciddi jurnalist, təbiətən təvazökar, sakit olan bir qələm əhli orda baş çıxara bilməz. Ümumiyyətlə, iştirak etməz. Yəqin ki, şoudan yazanlar qatılacaq. Buna normal baxıram və heç bir qəbahət görmürəm. Mən bu yarışmada iştirak edə bilmərəm. Buna nə vaxtım, nə həvəsim, nə də səriştəm var".

Qafqazinfo.az saytının əməkdaşı Elvin Elxan də jurnalistlərin belə bir şouda iştirak edə biləcəyinə inanmadığını bildirdi:
"Bu, ümumi götürəndə maraqlı bir şoudur. Orada baş verənlər iştirakçının səviyyəsindən və intellektindən asılıdır. Yəni bəzən ictimaiyyət qınayır ki, bayağı şoudur, süni qalmaqallar var və s. Amma sizə deyim ki, efir hər zaman gərgin bir atmosferdir. Bunun üstünə həyəcan, işıqlar, yorğunluq daxil olursa, qalmaqal yaranır.
Jurnalistlərin şouda tam olaraq iştirak edəcəyinə inanmıram, belə şey mümkün deyil. Buna prodakşının gəlirləri, sponsor və s. səbəb ola bilər. Amma sırf jurnalistlər üçün nəzərdə tutulsaydı, vay onda insanların halına. Bu arenanın üzvləri qalmaqalda heç də geridə qalmır. Ciddi rəqabət, qıcıq, əsəb, bir sözlə, hər şey var. Dəvət gəlsəydi, qəti qərar vermək barədə düşünərdim".