Universitetlərə hazırlıq kursları müvafiq icra hakimiyyəti tərəfindən təşkil olunacaq

Milli Məclisin iyunun 13-də keçirilən növbədənkənar plenar iclasında Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Layihə ilə bağlı Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.

Oqtay Əsədov: "Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq"

Milli Məclisin iyunun 13-də keçirilən növbədənkənar plenar iclasında Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Layihə ilə bağlı Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. Komitə sədri bildirib ki, "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin məqsədi çoxmənzilli binanın (o cümlədən, kooperativ binanın) idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsindən, idarəetmədə mənzil mülkiyyətçilərin daha yaxından iştirakının təmin olunmasından ibarətdir. Layihədə qeyd olunub ki, Mənzil Məcəlləsinin XV fəsli çoxmənzilli binanın idarə edilməsi ilə bağlı müddəaları (çoxmənzilli binanın idarə edilməsi üsulu, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi, dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi, binanın mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə olunması və s.) nəzərdə tutsa da, çoxmənzilli binanın idarə edilməsi ilə bağlı vahid qaydaların olmaması bu müddəaların həyata keçirilməsində problemlər yaradır. Qanun layihəsinə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək, bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanılacaq, eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq. Hazırkı qanunvericiliyə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Dəyişiklik layihəsində bu müddət 1 aya endirilir. Millət vəkili Zahid Oruc qeyd edib ki, yeni çoxmərtəbəli binalarda mənzil-tikinti şirkətləri kommunal xərcləri yığırlar. Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır: "Sanki, biz oz evimizdə kirayədə yaşayırıq, yığılan vəsait də  kirayə haqqı kimi ödənilir". Deputat əlavə edib ki, birgirişli mənzillərdə ümumiyyətlə mühafizəçiyə ehtiyac yoxdur: "Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. Mənzil-Tikinti Kooperativləri (MTK) binadakı təmizlik işlərinə baxırlar. Bir də, 5-7 ildənbir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alınır".

Sonra millət vəkilləri Torpaq Məcəlləsinə dəyişiklik layihəsini müzakirə ediblər. Layihəyə əsasən, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun. Məcəllədə dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır və ictimai çimərliklərin hüquqi aktların tələblərinə və normalara uyğun olaraq yaradılması tələb edir. Layihə səsverməyə çıxarılaraq qəbul edib.

Daha sonra "Məhkəmələr və hakimlər haqqında" qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycanın bəzi rayon (şəhər) məhkəmələrində hakimlərin həm də məhkəmənin sədri olması təklif edilir. Qanunun 22-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan rayon (şəhər) məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Qanuna edilən əlavə əsasən isə rayon (şəhər) məhkəməsi bir hakimdən ibarətdirsə, həmin hakim eyni zamanda bu məhkəmənin sədri təyin olunur. Layihədə vurğulanıb ki, ölkə ərazisində 30-dan çox rayon məhkəmələri mövcuddur ki, həmin məhkəmələr bir hakimdən ibarətdir. "Qanuna əsasən, rayon (şəhər) məhkəməsinə bir hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir, yəni, işə qəbul, işdən azad edilməsi məsələləri, məhkəmənin fəaliyyətində cari məsələlər və.s. Faktiki olaraq hakim həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir, lakin bu o anlama gəlmir ki, o, məhkəmə sədridir. Qanuna uyğun olaraq, hakimlərin fəaliyyəti 5 ildə 1 dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilir. Hakim sədrin səlahiyyətlərini həyata keçirməsinə baxmayaraq onun fəaliyyətini 5 ildə 1 dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirmək mümkün olmur. Dəyişiklik qanunun təkmilləşdirilməsi məqsədilə edilir" - deyə layihədə qeyd olunub. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Millət vəkilləri həmçinin "Təhsil haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsini müzakirə ediblər. Qanuna nəzərdə tutulan dəyişiklik barədə məlumat verən parlamentin Elm və təhsil komitəsinin sədri müavini Bəxtiyar Əliyev bildirib ki, qanuna üç dəyişiklik nəzərdə tutulur: "Birinci dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, ali və orta xistisas məktəblərində hazırlıq kursları müvafiq icra hakimiyyəti tərəfindən təşkil olunacaq. Bildiyiniz kimi ildə 70-80 min abituryent imtahan verir, ancaq onların heç də hamısı ali və orta ixtisas məktəblərinə qəbul ola bilmirlər. Onlar müəyyən bal toplasa da, bakalavr pilləsinə qəbul ola bilmirlər. Qanuna nəzərdə tutulan dəyişikliyin də məqsədi imtahan zamanı müəyyən bal toplayan abituryentlərin təhsildən kənarda qalmamasını təmin etməkdir. Bu şəxslər hazırlıq kurslarına cəb olunacaq. Sonra müvafiq icra hakimiyyəti tərəfindən buraxılış imtahanları müəyyən ediləcək. Hazırlıq kurslarının müvəfəqiyyətlə bitirənlərin ali və orta ixtisas məktəblərinə qəbulu məsələsi müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək". Deputat onu da əlavə edib ki, hazırlıq kurslarının ödənişli olması nəzərdə tutulur. Müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa dəyişikliyi təqdir edərək bildirib ki, ali məktəblərə qəbul qaydalarını asanlaşdırıb, universiteti bitirməyi çətinləşdirmək lazımdır: "Qoy bir ali məktəbə on minlərlə adam qəbul olunsun, ancaq 10-20 nəfəri diplom ala bilsin. Bununla da pul ölkədə qalır. Bəzən elə olur ki, Azərbaycanda ali məktəbə qəbul zamanı yüksək bal toplayan gənclər xaricdəki ali məktəblərdə təhsilə üstünlük verirlər. Amma onlar da xaricdə təhsili nəzərdə tutulan müddətdə başa vurmurlar. Ona görə də bizdə də diploma almağı çətinləşdirmək lazımdır. Tələbə bilməlidir ki, oxumaq lazımdır". Deputat Vahid Əhmədovun hazırlıq kurslarını bitirən abituryentlərin ali məktəbə test və ya testsiz qəbul edilməyəcəyi ilə bağlı qaldırdığı məsələ isə Milli Məclis sədri Oqtay Əsədov tərəfindən etirazla qarşılanıb. Spiker bildirib ki, bəzən bütün məsələlərdə hansısa xoşagəlməz məqamlar axtarırlar: "İldə Azərbaycanda 70-80 min abituyent imtahan verir və onun haradasa 40 mini tələbə adını qazanır. Qalanları isə kənarda qalır. Məsələn, ötən il 40 min abituriyent tələbə adını ala bilməyib. Onalrın 20 mini xarici ölkəyə üz tututb. Hazırlıq kurslarının da təşkil olunması məhz xaricə axının qarşısını almağa xidmət edir. Burada digər məqam ondan ibarətdir ki, hazırlıq kursunu bitirən abituriyentin ali məktəbə imtahansız qəbulu nəzərdə tutulmur. Hazırlıq kursunu bitirənlər üçün də yekunda imtahan verməsi nəzərdə tutulur". Deputat Qüdrət Həsənquliyev də qanuna nəzərdə tutula dəyişikliyi təqdir edərək bildirib ki, bununla da külli miqdarda valyuta ölkədə qalcaq: "Bu gün Azərbaycanda ali məktəbə qəbul olmayanlar xarici ölkələrə üz tutur. Hansı ki, həmin ölkələrdəki ali məktəblər də elə də reytinqli ali məktəblər deyil. Ora üz tutuanların valideynləri də sonradan onlara maddi dəstək vermək üçün ciddi problemlərlə üzləşirlər. Ona görə də qanuna dəyişikliyi təqdir edirəm". Deputat sonda onu da bildirib ki, Azərbaycanda region ölkələri arasında tələbə sayına görə sonuncu yerdədir və bu say artırılmalıdır. Qanun layihəsi sonda səsə qoyularaq qəbul edilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31