Züleyxa Nadir yazır... Savad ziyalılığın baş tacıdı
“Özü sual olan müəllim”. Bir həftə əvvəl “Olaylar”da yazdığım yazının sərlövhəsidi. Düz bir həftədi yazıya görə məni “cəzalandırırlar”. Cənub bölgəsindən olan insanlar, üstəlik də özlərini ali təhsilli, savadlı hesab edənlər ünvanıma ləyaqətə sığmayan, əxlaqdan kənar sözlər yazırlar. Guya ki, mən cənub zonasının insanlarını və müəllimlərini təhqir etmişəm.
13 İyun 2017 15:42 SosialZüleyxa Nadir
Savad ziyalılığın baş tacıdı
"Özü sual olan müəllim". Bir həftə əvvəl "Olaylar"da yazdığım yazının sərlövhəsidi. Düz bir həftədi yazıya görə məni "cəzalandırırlar". Cənub bölgəsindən olan insanlar, üstəlik də özlərini ali təhsilli, savadlı hesab edənlər ünvanıma ləyaqətə sığmayan, əxlaqdan kənar sözlər yazırlar. Guya ki, mən cənub zonasının insanlarını və müəllimlərini təhqir etmişəm.
AzTəhsil.com adlı sayt yazını öz panelində yerləşdirib. Qiyamət də bundan sonra başlayıb. Öncə cənub zonasından olanlar yazının şərhlər bölümündə yazdılar... söydülər. Əhəmiyyət vermədim. Sonra Masallı rayonundan bir kənd müəlliminin imzası ilə "məqalə" yerləşdirdilər. Yenə əhəmiyyət vermədim.
Bundan bir şey çıxmadığını, mənim susduğumu görən sayt açıqlamalar alaraq "cənub bölgəsindən olan bir qrup ziyalıların fikrini öyrənib" (dırnağa aldığım sözləri saytdan olduğu kimi götürmüşəm). Cənub regionundan olan təhsil ekspertləri, orta məktəb və universitet müəllimləri kor-korana, yazının əsas məzmununa dəxli olmayan sözlərlə haqqımda xoşagəlməz fikirlər bildiriblər. Buna da sadəcə güldüm. Güldüm ki, ay "alimlər", ay "ziyalılar", bu qədərmi şovinistsiniz? Bu qədərmi torpağa bağlısınız? Bu qədərmi təəssübkeşsiniz?
Amma yox, gördülər ki, söylədiklərinin mənim üçün bir qəpiklik dəyəri yoxdu, başqa üsula əl atdılar, başladılar facebookdakı mesaj qutuma yazmağa. Və bu yerdə səbr kasam daşdı....
Mən jurnalistəm. İşim və peşəm yazmaq və yazılarımla dövlətə, dövlətçiliyə xidmət etməkdi. İmza qoyduğum yazılarda təkcə uğurlardan deyil, ölkənin problemlərindən də söz açıram. Bunları yazmağa tam haqqım var. Bu haqqı qazanmaq üçün universitetin jurnalistika fakültəsində müəllimlərindən beş il dərs almışam. Uzun illik jurnalist təcrübəmdə və peşə fəaliyyətimdə aldığım dərslərə əməl edərək, etikadan kənar, əxlaqa sığmayan, jurnalistikaya kölgə sala biləcək heç bir söz və fikir yazmamışam. Oxucunu incidə biləcək, onu təhqir edəcək cümləyə meyl etməmişəm. Amma indi məlum olur ki, özünü ziyalı, alim, müəllim, vəzifə sahibi adlandıran özünübilməzlər heç sözlərinin də yerini bilmirlər. Özünü və sözünü bilməmək təkcə sağalmaz qüsur deyil, həm də çox böyük qəbahətdi.
Əslində yazıda başlığa çıxardığım sualın cavabını verməyə çalışmışam. Bu gün ölkədə kənd müəllimlərinin vəziyyəti qətiyyən ürəkaçan deyil. Onlar müəllimlikdən çox kənd təsərrüfatı ilə məşğul olurlar ki, bu da həm təhsilin keyfiyyətini aşağı salır, həm də diaqnostik qiymətləndirmədə suallara doğru cavab vermələrinə əngəl yaradır. Bu, faktdı, kimsə bunun üstündən xətt çəkib sıfıra endirə bilməz.
Mənim üçün Azərbaycanın bütün regionlarında çalışan müəllimlər müqəddəsdi. Müəllim adı ilə bağlı birini o birindən fərqləndirən əlahiddə fərq görmürəm. Hamısının işi öyrətməkdi, şagirdə bilik verməkdi. Və bu da çox zəhmətli, məsuliyyətli işdi. Sadəcə bu gün Azərbaycanın kənd yerlərində işləyən müəllimlərin öyrətmənliyini ağırlaşdıran, çətinləşdirən onların dərsdən sonra kənd təsərrüfatı işlərində çalışıb pul qazanmalarıdı. Çünki məktəbdən aldıqları maaş az olduğu üçün o buna məcburdu. Yazıda da bu haqda ətraflı yazmışam.
Cənub bölgəsinin insanlarını hiddətləndirən isə başqa sözlərdi. Yazinin ümumi qayəsi, məzmunu qalıb bir kənarda yapışıblar bu fikirdən: "Hələ sovetlər dönəmində cənub bölgəsindən ali təhsil dalınca Bakıya gedənlər çox az olurdu. Bu, Masallı, Lənkəran, Yardımlı, yaxud da Lerikdə işləyən müəllimlərin günahi deyildi. O bölgənin insanlarının yaşam tərzində oxumaq, ali təhsil almaq o qədər də önəm daşımırdı. Xüsusilə də qızların oxuyaraq cəmiyyətdə görünməsi, fəaliyyəti ilə başqalarına nümunə olması ailələr üçün başucalığı sayılmırdı".
Burda nə var ki? Yalandı bəyəm? Hamı bilir ki, o bölgənin kəndlərində qızların ali təhsil almalarından çox, tez ərə getmələri fəxr sayılır. İnsan həddini nə qədər bilməz ki, bir xanımın, bir jurnalistin ünvanına dediyi sözlərin məsuliyyətini anlamayacaq qədər aşağı ensin. İnsan nə qədər əxlaqı dar, abırsız olmalıdır ki, yazsın: " mən bu arvad deyən qadınların necə və nə cür təhsil almalarını çılpaqlığı ilə deyim, yoxsa qalsın". Qələtdir edir də... get bozbaşını bişir"?
Özünü kənd müəllimi hesab edən başqa birisi isə mənə belə irad tutur: "Soyadı da atasının adı ilə eynilik təşkil etməsi məlum olur. Akademik düşüncəyə malik qadının öz yaşını gizlətməsi onun şoumen psixologiyasına daha yaxın olduğunu sübut edir. Soyad və ata adının eyniləşməsi isə onun akademik düşüncədə problemi olmasını göstərir. Dünyada heç baba adının soyad kimi göstərilməsi qəbul edilmir"... Bu yerdə rəhmətlik Səyavuş Aslanın məşhur deyimi yerinə düşür: heç dəxli var, mən ölüm?
Adam kəndlərindəki qızların təhsildən kənar qalmalarına belə haqq qazandırır: "Talış qadınları ilk növbədə özlərini "ana" və ya "gələcək ana" hesab edirlər. Onlar dünyaya sağlam insan gətirməyi və onları bir savadlı və tərbiyəli şəxs kimi cəmiyyətə təqdim etməyi qadının ilk işi hesab edirlər. Bizim analarımız ali təhsil alıb yazı müəllifi kimi "bozbaş" təfəkkürünə sahib olmaqdansa və ya 200 manata işləyib və güya ki "ziyalı" adlanmaqdansa öz övladlarına özlərini qurban verməyi daha üstün sayırlar"... Beləsinə nə deyəsən?
Haqqımda söylənilən təhqirlərdən ən yumşaq ifadə hesab etdiklərimi seçib yazdım. Mesaj qutuma yazılanlar isə daha dözülməzdi. Doğrusu, çox fikirləşirəm, çox düşünürəm ki, görəsən bu adamlarin hiddətlənməsinə, "gül ağızlarını" açmalarına səbəb olan yazınin məzmunu niyə bu qədər anlayıblar? Mən ki, tərtəmiz ana dilində yazmışam - mübtədası, xəbəri və durğu işarələri yerində. Yoxsa, bunlar Azərbaycan dilini başa düşmürlər?
Sıravi adamlar bəlkə də öyrədilmişlərdi, bəlkə də anlamazlardı. Ya da ki, düşüncələri elə cılızdı ki, jurnalistə bu qədər daş atırlar. Onların adını çəkməyə gərək yoxdu. Amma Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev, Lənkəran Dövlət Universitetinin keçmiş rektoru Hacıbaba Əzimovovun adını çox böyük həvəslə yazıram. Hörmətli Əjdər müəllim mənim savadsız, dünyadan xəbərsiz olduğumu iddia edərək məsuliyyətə cəlb olunmağımı tələb edir. Hacıbaba Əzimov isə məni qərəzli fikir söyləməkdə suçlayır. Guya mən yazıda savadsızlığı, təhsilin pis vəziyyətdə olmağını cənub bölgəsinə bağlamışam.
Sadəcə gülməlidi. Ya bu adamlar yazını oxumayıblar, ya həmyerlilərinə gözüyumulu və haqlı-haqsız dəstək olur, ya da ki, saytın əməkdaşının onlara verdiyi sualı başa düşməyiblər. Bütün hallarda qüsurlu fikir bildiriblər.
Mənim damarlarımla tərtəmiz azərbaycanlı qanı axır. Vətənimi, torpağımı və millətimi çox sevirəm. Azərbaycanda yaşayan başqa xalqların və etniklərin nümayəndələrinə də hörmətlə yanaşıram. Birinin də ətəyinə balaca daş dəyməyinə belə razı deyiləm. Həmin bölgədən çoxlu sayda dost-tanışım, qohum olduğumuz ailələr, çox sevdiyim rəfiqələrim, oğlum qədər candan bağlandığım və "qızım" dediyim gənc xanım var. "Sən kimsən, müəllim"? yazısında da heç bir ayrı-seçkilik salmamışam.
Amma görünən o ki, regionda yaşayan bir qrup adamın əlinə fürsət düşüb ki, kimliklərini ortaya qoysunlar. Həmçinin də öz sözləri ilə öz savadsızlıqlarını bildirsinlər. Savad təkcə orta məktəb attestatı və ali məktəb diplomu, ya da alim adı və yüksək vəzifə ilə ölçülmür. Savad ziyalılığın baş tacıdı.
Özünüzü bundan məhrum etməyin...