Yaqub Mahmudov: "Əslində Azərbaycanın Ermənistana qarşı haqlı ərazi iddiası olmalıdır"

Qarabağ Araşdırmalar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində KİV nümayəndələri üçün “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” haqqında qısamüddətli elmi maarifləndirmə və təbliğat kursları keçirb.

Qarabağ Araşdırmalar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində KİV nümayəndələri üçün "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri" haqqında qısamüddətli elmi maarifləndirmə və təbliğat kursları keçirb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov deyib ki, məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım siyasətinin mahiyyəti, eləcə də Qarabağ həqiqətlərinin daha sistemli öyrənilməsi və dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.

Sonra AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri" mövzusunda mühazirə oxuyub. O bildirib ki, ermənilər Azərbaycan torpaqlarına kütləvi halda XIX əsrdən köçürülməyə başlanıb: "Çar Rusiyası tərəfindən aparılan siyasətin məqsədi azərbaycanlıları bu coğrafiyadan çıxarmaq və məhv etmək olub. Azərbaycan torpaqları təkcə Gülüstan və Türkmənçay müqavilələri ilə bölüşdürmədi. Çar Rusiyası dövründə dəfələrlə ərazilərimiz müəyyən islahatlar adı altında bölüşdürüldü, əlimizdən alındı. Bu siyasət 1-ci Pyotrla başladı və bunun üçün ideologiya hazırlandı. Bu ideologiya ondan ibarət idi ki, guya biz bu torpaqlara gəlməyik, bu torpaqların qədim sakinləri gürcü və ermənilərdir. İlk öncə türk olduğumuzu bizə unutdurmağa çalışdılar". Y. Mahmudov qeyd edib ki, Xalq Cümhuriyyəti dövründə İrəvan şəhəri və ətraf ərazilərin Ermənistana verilməsi faktı da bir daha sübut edir ki, ermənilər bizim torpaqlarda dövlət qurublar: "Bu baxımdan Ermənistanın deyil, əslində Azərbaycanın bu dövlətə qarşı haqlı ərazi iddiası olmalıdır". Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun Qarabağ şöbəsinin baş elmi işçisi Nazim Mustafa isə "XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)" mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, ermənilərin azərbaycanlılara qarşı ən böyük soyqırımı məhz bu dövrü əhatə edir. N. Mustafa qeyd edib ki, həmin dövrdə ermənilərin Azərbaycanın bir neçə bölgəsində kütləvi qırğınlar törətməsi tarixi araşdırmalarla da sübuta yetirilib və bu barədə erməni müəlliflərinin əsərlərində də məlumatlar var.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Qarabağ Araşdırmalar Mərkəzində iyunun 13-dən 19-dək keçiriləcək kurslarda "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri"; "Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri"; "XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)"; "Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)"; "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, DQMV-nin yaradılması və onun nəticələri (1918-1923)"; "Sovet dövründə Ermənistanın Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticələri (1945-1985)"; "XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)"; "Millətlərin öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və beynəlxalq hüquq kontekstində", "Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Xocalı soyqırımı" və "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycanın dövlət siyasəti" mövzularda proqram üzrə mühazirələri Azərbaycanda bu sahədə tanınmış alimlər və mütəxəssislər oxuyacaqlar. Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim ediləcək. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31