Azyaşlılara siqaret satışı davam edir
Parlamentində müzakirəyə çıxarılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ölkə ictimiyyəti tərəfindən geniş müzakirəyə səbəb olub. Belə ki, tütün və tütün məmulatlarının istehsalından tutmuş onun satışı, realizasiyası və istifadəsinə qədər məslələr ətrafında müxtəlif fikirlər səslənməkdədir.
13 İyun 2017 13:43 SosialQanundan yan keçənlər isə cəzasız qalır
Parlamentində müzakirəyə çıxarılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ölkə ictimiyyəti tərəfindən geniş müzakirəyə səbəb olub. Belə ki, tütün və tütün məmulatlarının istehsalından tutmuş onun satışı, realizasiyası və istifadəsinə qədər məslələr ətrafında müxtəlif fikirlər səslənməkdədir. Xüsusən siqaretin çəkilməsinə məhduduyyət qoyulan ərazilərin genişliyi və satışına qoyulan qadağa bəzi insanlar tərəfindən anlaşılmazlıqla müşahidə olunub. Xatırladaq ki, qanun layihəsinin tütün məmulatlarının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması haqqında maddəsinə əsasən tütün məmulatlarının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istifadəçilərin həvəsləndirilməsi üçün üsullardan istifadə edilməsi qadağan edilir. Belə ki, tütün məmulatlarının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi, tütün məmulatlarının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi, tütün məmulatlarının satışı və istifadəsi ilə bağlı uduşlu oyunların, o cümlədən stimullaşdırıcı lotereyaların keçirilməsi daxildir. Tütün istehsalı və satışı ilə məşğul olan şəxslər istehsal edilən və ya satışa çıxarılan tütün məmulatlarını istehlakçılara hədiyyə və ya yardım kimi paylaya bilməzlər. Eləcə də Azərbaycanda tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində, sanatoriya-kurort müəssisələrində və onların ərazilərində idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə xüsusi ayrılmış yerlər istisna olmaqla onların ərazilərində, restoranlar, kafelər, barlar daxil olmaqla ictimai iaşə obyektlərində, ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, yerləşdirmə vasitələrində (tütün çəkənlər üçün otaqlar və xüsusi ayrılmış yerlər təşkil oluna bilər), teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində, uşaq meydançalarında tütündən istifadə qadağandır. Eyni zamanda, yerüstü qapalı və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarında, hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla), su nəqliyyatı vasitələrində (xüsusi ayrılmış yerlər istisna olmaqla), tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə ola yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində (xüsusi ayrılmış yerlər istisna olmaqla) də bu qadağa tətbiq olacaq. Onu da qeyd edək ki, sözügedən qanunun icrası məqsədilə bir sıra qanunvericilik aktlarında da əlavə və dəyişikliyin edilməsi nəzərdə tutulur. Belə ki, Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub. Əgər layihə qəbul olunsa, məcəlləyə yeni 522-ci (Yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsi) maddəsi əlavə ediləcək. Millət vəkili Fazil Mustafa bildirib ki, yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsinə görə 60 manatdan 100 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə, valideynləri və ya digər qanuni nümayəndələr 100 manatdan 250 manatadək cərimə ediləcək. Millət vəkili Fazil Mustafa bildirib ki, yeni qanuna əsasən, valideynlər bilərəkdən uşaqların tütün və alkoqollu içkilərdən istifadə etməsinə şərait yaradırsa və valideyn uşağı bu məhsullarla təmin edirsə, bu zaman o, cərimə oluna bilər: "Amma uşaq valideynin xəbəri olmadan, gizlin şəkildə bunlardan istifadə edirsə, o zaman ana və ata cərimələnə bilməz". Fazil Mustafa əlavə edib ki, yeni qanun qəbul ediləndən sonra Prezident bununla bağlı sərəncam verəcək: "Qanunda bu öhdəliyin hansı aidiyyatı orqana həvalə edilməsinin adı açıqlanacaq və onlar bu qanuna nəzarət edəcəklər. O ki, qaldı satıcıların cərimələnməsinə, onların yetkinlik yaşına çatmayan uşaqlara spirtli içki və siqaret satmasını qadağan edən qanun çoxdan qəbul edilib. Amma bu qanun çox zaman pozulurdu. İnsanlar rüşvət alır və digər insanların hüquqlarını pozur. Buna görə də, bəzən qanunu pozanlar cəzalanmır. Təbii ki, yeni qanun qəbul olunandan sonra da cəza almayanlar olacaq və qanunsuz satışlar davam edəcək". Ekspertlər hesab edirlər ki, qanunun icrasında müəyyən problemlərin yaranmaması üçün bəzi müddəalar konkret göstərilməlidir. Məsələn, indinin özündə də azyaşlı uşaqlar siqaret çəkir, spirtli içkilərdən istifadə edirlər. Ancaq onların gizlində, yaxud valideyinlərinin yanında tütün məmulatları, yaxud spirtli içkilərdən istifadə edib-etməmələrini araşdırmaq elə də asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, heç bir valideyinin övladının sadalanan məmulatlardan istifadəsindən xoşlanması mümkün deyil. Sadəcə, ətraf mühit və qanunlara riayət olunmaması azyaşlılarda belə adətlərə meyilliyi artırır. Belə bir vəziyyətin davam etməsi şübhəsiz ki, qanunun icrasında müəyyən problemlər yarada bilər. Xatırladaq ki, hazırda qüvvədə olan qanunvericilikdə azyaşlı uşaqlara siqaretin satılmasına qadağa qoyulub. Lakin reallıqda buna əməl edən mağaza sahiblərinin sayı olduqca azdır.
Nurlan