“İş adamları” istehlakçıları necə aldadırlar?
Son vaxtlar respublikada istehlakçıların aldadılması hallarına daha çox rast gəlinir. Ticarət mərkəzlərində istər satışa çıxarılan malların keyfiyəti, istərsə də süni qiymət artımı baxımından vəziyyət elə də ürəkaçan deyil.
12 İyun 2017 13:45 SosialƏhaliyə sırınan su filtirləri özünü doğrultmur
Son vaxtlar respublikada istehlakçıların aldadılması hallarına daha çox rast gəlinir. Ticarət mərkəzlərində istər satışa çıxarılan malların keyfiyəti, istərsə də süni qiymət artımı baxımından vəziyyət elə də ürəkaçan deyil. Vəziyyət o həddə çatıb ki, istənilən şəxs heç bir standarta cavab verməyən yerli, yaxud xarici məhsulu yaxşıca reklam edib istehlakçıya sırıya bilir. Belə məhsullardan biri də su filtirləridir ki, hazırda sözügedən məhsul üzərində biznes quran "iş adamları" min cür hoqqlardan çıxırlar. Xatırladaq ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan "Azad İstehlakçılar" İctimai Birliyi (AİİB) su filteri satan biznes qurumların primitiv təcrübələr nümayiş etdirib əhalini aldatması, elm adamlarının, laboratoriya mütəxəssislərinin məsələyə seyrci mövqeyi, biganəliyi barədə "Azad İstehlakçılar" İctimai Birliyi (AİİB) dəfələrlə məlumatlar yayıb. Lakin indiyə qədər həyata keçirilən çoxsaylı maarifləndirici tədbirlərlə belə halların qarşısını almaq mümkün olmayıb. Üstəlik, istehlakçıları aldadan biznes qurumları məhsullarının kefiyyətsiz olmasına baxmayaraq vətəndaşlara dəyən ziyanı ödəməkdən boyun qaçırılar. Elə "Azad İstehlakçılar" İctimai Birliyinə daxil olan növbəti şikayət ərizəsi də istehlakçının aldadılması ilə bağlıdır. Bakı şəhəri Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, A Yaşayış sahəsi, S.Əfəndiyev küçəsi, ev №150 ünvanında yaşayan Hüseynov Hidayət İmaməli oğlu müraciət edərək bildirir ki, 29 may 2017-ci ildə axşam təxminən saat 20:00 radələrində evində oturaraq telefonla danışdığı vaxt içəri cavan bir xanım daxil olur: "Su filtrləri haqqında mənə məlumat verməyə başladı. Üzərində "İNLİNE" markası olan bu filteri evdə quraşdırmağı təklif etdi. Əlavə etdi ki, bu mənim karyeramda yüksəlişə səbəb ola bilər və bundan mənə bonus gəlir. Mən cavan xanıma etibar edib, karyerasında yüksəlişə kömək məqsədilə onunla razılaşdım. Ona filtr haqqında bir neçə sual verdim, ancaq o, mənim suallarıma cavab verə bilməyəcəyini söyləyib, bu haqda həmkarının sualları cavablandıracağını bildirdi. O, həmkarını dəvət etmək üçün evdən çıxdı və təxminən 15 dəqiqə sonra cavan bir oğlan, əlində iri bir çantayla həyətə daxil oldu. Evdə o, su filtrləri haqqında məlumat verdi. Onun bulaq suyu tamından heç nəylə fərqlənmədiyini bildirdi. Sözarası evdəkilərdən həkim, müəllim, kimya və fizikadan məlumatı olub-olmayanları sordu. Biz ondan filtrlərin qiymətini soruşduqda o, bizə 1400 manat olduğunu dedi. Bu bizimçün çox böyük məbləğ olduğundan biz imtina etdik. Bundan sonra o, çantadan xüsusi bir aparat çıxartdı. Bizə stəkanlarda içdiyimiz sudan gətirməyi xahiş etdi. Sonra o, həmin aparatı cərəyana qoşaraq həmin suların və çayın içinə saldı. Suların rəngi bir neçə - qəhvəyi, sarı, yaşıl, boz, qara rənglərə düşdü. Suyun dibində yaşıl çöküntü əmələ gəldi. Suyun üzündəki təbəqəni salfet ilə silib bizə baxmağı və qoxulamağı xahiş etdi. Biz bu görüntüdən dəhşətə gəldik. Bizə bildirdi ki, bu suyun tərkibində olanlar insan orqanizmi üçün çox təhlükəlidir və xüsusən körpə uşaqlarda qurd xəstəlikləri və böyrəklərdə daş əmələ gətirir. Biz bu görüntüdən təşvişə düşərək ailənin, uşaqların sağlamlığının vacibliyini nəzərə alıb kor-koranə həmin su filtrini evdə qoşmağa icazə verdik. Sonra həmin oğlun telefonla başqa bir nəfərə zəng edərək filtrdən hazırlamağı və gətirib quraşdırmağı xahiş etdi. Təxminən 10 dəqiqə sonra həmin oğlan yanında 2 nəfər şəxslə və əllərində filtr aparatı ilə evə qayıtdılar. Sonra onlardan biri mənimlə müqavilə bağladı. 1399 manat pulu kredit qaydasında ödəməyi, öncədən 100 manat ödəməklə 18 ay ərzində ayda 72 manat ödəməklə kredit müqaviləsi bağladım. Müqavilədə satıcı rekviziti bele göstərilmişdir: Həsənov Azər Nazim oğlu (VÖEN 1403156872) Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 4, mənzil 20,Tel:012 480 10 76/055(070) 546 06 61, qaynar xətt:050 456 06 60. Sonra həmin şəxs qəbz verdi çıxıb getdi. Lakin qəbzin üzərində VÖEN yox idi. İkinci şəxs həmin filtri mətbəxtdə quraşdırdı. Sonra biz sudan istifadə etməyə başladıq. Ailə üzvlərimiz suyun acı daddığını, baş ağrı və qarınağrısı olduğunu bildirdilər. Xüsusən də bu azyaşlı nəvəmizdə özünü daha çox büruzə verdi. Biz öz-özlüyümüzdə hesab etdik ki, bəlkə hansısa qidadan törəyir, sudan istifadəni dayandırdıq. Sonradan belə hal təkrarlanmadı. Biz əvvəl istifadə etdiyimiz sudan istifadə etməyə başladıq. İndi həmin aparat tam istifadəsizdir".
Şikayət müəllifi hesab edir ki, su filtiri satan şirkət onun istehlakçı hüquqlarımı pozub. Satdıqları mal barədə onlara doğru-düzgün məlumat verməyib: "Bizi içdiyimiz suyun nə qədər ziyanlı olmasıyla təşvişə salaraq öz mallarını bizə sırıyıb. Bu filtrlər keyfiyyətsizdir, müvafiq standartlara uyğun gəlmir, texniki pasportu yoxdur. Şirkətin əməkdaşları Azərbaycan Respublikasının "istehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanununun tələblərini pozaraq bir istehlakçı kimi mənim hüquqlarımı pozmuşlar. Əlavə olaraq qeyd edirəm ki, ilkin olaraq məndən alınan 100 manata görə verilən qəbz Azərbaycan Respublikasının Vergilər Haqqında qanunun şərtləri ilə uzlaşmır. Bu da vergidən yayınma halı kimi qiymətləndirilməlidir. Deməli, şirkət eyni vaxtda həm dövləti, həm də Azərbaycan dövlətinin mənbəyi olan onun vətəndaşlarını aldadır. Mən kasıb ailənin başçısıyam, işsizəm. Sonradan bildim ki, aldanmışam. Ona görə də malı geri qaytarmaqla məndən alınmış 100 (yüz) manat pulun mənə qaytarılmasına kömək etməyinizi xahilş edirəm. Əlavə olaraq xahiş edirəm ki, mənə və mənim kimi sadə insanların bu fırıldaqçıların toruna düşməməsi üçün kömək göstərmək məqsədilə bu məsələni kütləvi informasiya vasitələrində, televiziyada işıqlandırmaqla hüquq mühafizə orqanlarına bildirəsiz".
AİB sədri Eyyub Hüseynov bildirib ki, ərizədə istehlakçının qaldırdığı məsələnin danışıq yolu ilə həllinə nail olmaq istəsələr də, istehlakçının tələbi hələ ki, yerinə yetirilməyib. AİB yəqin ki, bütün hüquqi addımları atacaq ki, istehlakçının istəyi yerinə yetirilsin: "Ədalət naminə nə bacarıramsa təmənnasız olaraq edirəm. Hələ dərk olunmur ki, istənilən biznes biz istehlakçıların hesabına mövcuddur! Ona görə də ən effekli metod pis malı sadəcə baykot etmək, yəni kütləvi surətdə almamaqdır!" "Azərsu" ASC isə rəsmi mövqeyini illərlədir mətbuat vasitəsilə ictimaiyyətə çatdırır: "Əhaliyə verilən su standartlara tam cavab verir və buna tam məsuliyyət daşıyırıq. Amma su filtrləri satanlara qarşı mübarizəni müvafiq qurumlar - istehlakçı hüququnu qoruyan, məhsulun keyfiyyət sertifikatına nəzarət edən qurumlar və ictimai təşkilatlar aparmalıdır".
Alim