Elçin Hüseynbəyli yazır... Qarısına tut dərən qoca
Parka gedən yolun üstündə iki tut ağacı var. Ağappaq, şipşirin tutları olur. Hər səhər ondan xeyli dərib yeyirəm. Şirinliyindən adamın boğazı qavışır, ədəbi dildə desək, göynəyir. Mən tut həvəskarı deyiləm, çünki uşaqlıqdan onun içində böyümüşəm, o qədər yemişəm ki, limitim dolub, amma babalarımızın səhərlər, acqarına tut yemək barədə tövsiyyəsini unutmamışam. Bir-ikisinin əvəzinə, otuz qat artığnı yeyirəm.
12 İyun 2017 12:50 SosialElçin Hüseynbəyli
Qarısına tut dərən qoca
Mərhəmət unudulmayıb, dostlar, insanlıq yaddan çıxmayıb...
Parka gedən yolun üstündə iki tut ağacı var. Ağappaq, şipşirin tutları olur. Hər səhər ondan xeyli dərib yeyirəm. Şirinliyindən adamın boğazı qavışır, ədəbi dildə desək, göynəyir. Mən tut həvəskarı deyiləm, çünki uşaqlıqdan onun içində böyümüşəm, o qədər yemişəm ki, limitim dolub, amma babalarımızın səhərlər, acqarına tut yemək barədə tövsiyyəsini unutmamışam. Bir-ikisinin əvəzinə, otuz qat artığnı yeyirəm.
Mənim danışacağım əhvalat, daha doğrusu mənzərə isə qoca cütlüklə bağlıdır. Həmin cütlük bilsə ki, onlara "qoca" deyirəm, məndən inciyərlər, elə sizdən də, çünki yazanla oxuyanın bədəli eynidir. Ona görə də bu nurani insanlara "ixtiyar cütlük" deyək. Əvvəllər həmin cütlüyün yalnız kişisi tut yığardı. Yolda astagəl olan qoca (yəni ixtiyar adam) ağaca, az qala, qırğı kimi dırmaşırdı. Bir dəfə ondan soruşdum ki, yıxılmaqdan qorxmur? Dedi ki, qorxu hissini çoxdan itirib, tutu isə evdəkinə, yəni arvadı üçün dərir. Arvadı xəstələnib, yataqdan qalxa bilmir.
Bir gün isə başqa mənzərənin şahidi oldum, cütlüyün zəif tərəfi də ağacın altındaydı və ixtiyar kişi tutu dərib arvadına verirdi, arvadı da uşaq kimi onları alıb bir-bir ağzına qoyurdu, oğrun-oğrun. Uşaqdan fərqli olaraq, qadının üzündə heç bir ifadə yox idi. Ona görə yox ki, sevinmirdi, sadəcə ətrafdan utanırdı. Bir az kənardakı sözxanada isə (besedka) çoxdan tanıdığım nurani qoca oturmuşdu.
-Siz niyə tut yemirsiniz? -deyə yaxınlaşıb xəbər aldım.
-Orucam, -deyə ağ saqqallı nurani qoca cavab verdi və əli ilə tut yığan cütlüyü göstərdi. Fikir verdim ki, qocanın gözlərindən yaş süzülür. O, için-için ağlayırdı. Səbəbini özü dedi, daha doğrusu bircə kəlmə deyə bildi:
-Onlara baxıram, içim göynəyir...
Düzü, bilmədim, qoca nəyi nəzərdə tutur: adamların imkansızlığınımı, yoxsa bir-birinə sevgisinimi? Amma mənə elə gəldi ki, o, insanlığın hələ itmədiyinə, sevginin hələ yaşadığına, mərhəmətin təntənəsinə inanır və kövrəlir. Bəlkə qoca qarısını itirmişdi və onu xatırlayırdı. Bəlkə onlar da nə zamansa burda, elə bu ağacın dibində tut dərirlərmiş. İndi qarısının yoxluğu onu göynədirdi, qoca xiffət çəkirdi.
Yolda gedə-gedə fikirləşdim ki, indiki nanatexnoglogiyalar əsrində, sosial şəbəkələrin həyasızlaşdığı bir zamanda, dünyanın alqoritmlərə kökləndiyi bir dövrdə mərhəmət hissinin öldüyünü deyənlər yanılırlar. Çünki hisslər insanlarla birgə doğulub, rəngini, duyğusallığını dəyişsə də, daim yaşayıb. Ola bilsin ki, ilk insanlar həmin hissin adını bilməyiblər, amma onu duyublar.
Bəlkə elə ona görə də həmin qoca niyə kövrəldiyinin səbəbini mənə izah edə bilmədi, bəlkə də izah eləmək istəmədi, bəlkə də heç bacarmadı...
12 iyun, 2017