Azərbaycanın 23 muzeyinə məxsus 86 307 eksponat Ermənistanın nəzarəti altındadır

Gəncədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi tərəfindən ”Qarabağ münaqişəsi nəticəsində maddi - mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” mövzusunda gənclərin iştirakı ilə konfrans keçirilib.

Gəncədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə "Üfüq" Gənclərin İnkişafı Naminə ictimai birliyi tərəfindən "Qarabağ münaqişəsi nəticəsində maddi - mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi" mövzusunda gənclərin iştirakı ilə konfrans keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi də təşkilati dəstək verib. Layihənin rəhbəri "Üfüq" Gənclərin İnkişafı Naminə ictimai birliyinin sədri Nail Şükürov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd işğal altında olan Qarabağın maddi - mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı faktların elektron vasitələr ilə həm Azərbaycanda, həm də dünyada daha geniş auditoriyaya təbliğ olunması, gənclərin və gənclər təşkilatlarının Azərbaycan həqiqətlərinin - mədəniyyət irsinin obyektiv formada dünyada yayılmasında rolunun artırılmasıdır. Konfrans çərçivəsində Ermənistanın işğalı nəticəsində Qarabağın maddi - mədəni irsinə dəymiş ziyan və bu mövzuda virtual resurslarda təbliğat işlərinin gücləndirilməsi haqqında ekspertlər tərəfindən məruzələr edilib, müzakirələr aparılıb. Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonların işğalı nəticəsində Azərbaycanın 23 muzeyinə məxsus 86 307 eksponat, 4 şəkil qalareyasına məxsus 371 rəsm əsəri, 927 kitabxanaya məxsus 4,6 milyon kitab, 13 arxivə məxsus 260 000 sənəd, 5300 memarlıq abidəsi, o cümlədən 2261 arxeoloji abidə, 50 000 ədəd şəxsi kolleksiyalarda saxlanan tarixi əhəmiyyətli mədəni-irs nümunələri Ermənistanın nəzarəti altındadır. Ermənilər tərəfindən məqsədli şəkildə onlarla Kurqanın, insan məskənlərinin, qəbirstanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi, süni şəkildə, Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurub. İlkin hesablamalara görə Azərbaycanın tarix və mədəniyyət abidələrinə Ermənistan tərəfindən vurulmuş zərərin ümumi miqdarı 177 milyard ABŞ dolları təşkil edir. Konfransda həmçinin vurğulanıb ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi, digər bir qismi vandalizmə uğradılması ciddi təşviş doğurur. Qeyd olunub ki, ermənilərin bu hüquqa zidd əməlləri beynəlxalq təşkilatlar tərəfindən araşdırılıb öz hüquqi qiymətini almalıdır. Bu istiqamətdə İKT resurlarında təbliğat gücləndirilməli, bu sahədə gənclərin də rolu artırılmalıdır. Konfrans zamanı "Qafqaz Albaniyası- gecikmiş həqiqətlər" sənədli filmi nümayiş olunub. Konfrans iştirakçılarına müxtəlif çap məhsulları, paylama materialları təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31