BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Miqrasiya Xidmətində olub

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Cənubi Qafqaz üzrə regional nümayəndəsi Yohannes van der Klauv ilə görüşüb.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Cənubi Qafqaz üzrə regional nümayəndəsi Yohannes van der Klauv ilə görüşüb. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, Xidmət rəisi Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında qurulan sıx əməkdaşlıq əlaqələrinin inkişafı və bir sıra layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti barədə söhbət açıb. Bildirib ki, Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının "10 ilə vətəndaşsızlığa son" kampaniyası, o cümlədən "Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü" (ŞACQKT) layihəsi çərçivəsində əldə edilən nailiyyətlər qurumlar arasında güclənən səmərəli əməkdaşlığın göstəricisidir. Firudin Nəbiyev qeyd edib ki, müasir dünyada qaçqınların və sığınacaq axtaranların, məcburi köçkünlərin, həmçinin miqrantların problemlərinin həll edilməsində dövlətlər və BMT-nin müvafiq mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. F.Nəbiyev əlavə edib ki, ölkəmizə qaçqın statusu almaq, sığınacaq axtarmaq məqsədilə pənah gətirən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə, onların ailə üzvlərinə hər zaman diqqət və qayğı göstərilir.

Bu ilin yanvarında respublikamıza səfərini xatırladan Yohannes van der Klauv qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirib. O, vətəndaşsızlıq hallarının aradan qaldırılması, qaçqın statusu almış şəxslərin cəmiyyətə uğurlu inteqrasiyası istiqamətində BMT QAK ilə DMX-nin birgə fəaliyyətinin bundan sonra da müvəffəqiyyətlə davam etdirməsinin zəruriliyinə toxunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31