Narkomaniyanın cavanlaşmasının başlıca səbəbi nədir?

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu ziyanın həcmi çox böyükdür. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.

Əksər vaxtlarda narkotik alverçiləri məhz məktəbliləri hədəf olaraq seçirlər

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu ziyanın həcmi çox böyükdür. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.

Hər bir ölkədə olduğu kimi Azərbaycanda da narkomaniya və narkomanlığa qarşı effektli mübarizə aparılır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan verilən məlumata görə, ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapıb. Sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri sənəddə dəqiq göstərilib. Həmin strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə yanaşı, problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması əsas vəzifələrdən birinə çevrilib. Bu sahədə ölkəmizdə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü olan "Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" qəbul edilib.

Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün dünyada ən əziz varlıq həyatdır, həyatda ən vacib amil isə sağlamlıqdır. Sağlamlıq dedikdə yalnız fiziki sağlamlıq deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Bunun üçün valideyn və övlad arasında düzgün münasibətlərin qurulması, düzgün qidalanma, iş və asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmaq və şəxsi gigiyenaya fikir verilməsi kimi əsas məqamlara xüsusi diqqət yetirmək gərəkdir. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir.

Bu bir həqiqətdir ki, tədricən narkomaniya problemi cavanlaşmağa doğru gedir və daha çox gənclər, bəiu hallarda hətta məktəblilər bu bəlanın qurbanına çevrilirlər. Bunun isə səbəbi aydındır. Belə ki, narkotik alverçiləri əksər vaxtlarda məhz məktəbliləri hədəf olaraq seçirlər. Çünki hələ gözləri həyata təzəcə açılan, yaxşı ilə pisi bir-birindən hələ ayırd edə bilməyən yeniyetmə və gənclər, narkotik alverçilərinin toruna asanlıqla düşə bilirlər. Çox təəssüf ki, son vaxtlar məktəblilər  arasında narkomaniyaya olan marağın artması narkotik alverçilərinin məktəb həyətlərinə "yol açmaları"na səbəb olur. Məktəb-valideyn əlaqələrinin olmaması, yenicə həyata atılan uşaq və yeniyetmələri kompassız gəmi kimi həyatın burulğanına aparır. Elə bir burulğana ki, oradan qayıdış möcüzəyə bağlıdır, yaxud çox vaxt heç mümkün də deyil. Onu da etiraf etmək lazımdır ki, bu bəladan qurtulmağın müxtəlif yolları vardır və zaman-zaman qeyd edilən istiqamətlərdə işlər görülür. Ancaq başlıca məqsəd bu xəstəliyə, bu bəlaya, "ağ ölümə" yoluxmadan qarşısını almaqdır. Burada cəmiyyət olaraq hər kəsin sosial vəzifəsi vardır. Gənclərimizi, uşaqlarımızı, bu bəladan uzaq tutmaq, onlarla söhbətlər aparmaq, "ağ ölüm"ün fəsadlarından danışmaq və bu qəbildən müəyyən tədbirlər görmək lazımdır. Əksər mütəxəssislər düşünürlər ki, uşaqlarımızı sərbəst buraxmaqla yanaşı, həm də onların asudə vaxtlarının fəaliyyəti istiqamətində müəyyən fakultativ məsləhətlər vermək daha məqsədəmüvafiqdir. Gənclərimiz narkomanlığın necə bir bəla olduğunu dərk edərsə, əlbəttə, bu bəladan uzaq durar və ətrafını da "ağ ölüm"dən qorumağa çalışar.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31