Soydaşlarımız Gürcüstandakı parlament seçkilərinə necə hazırlaşır?

Cənubi Qafqazın daha bir ölkəsi seçki ərəfəsindədir. Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçiriləcək ümumxalq səsverməsi, referendumun ardınca Gürcüstanda parlament seçkiləri baş tutacaq. Oktyabrın 8-də bu ölkədə keçiriləcək növbəti parlament seçkilərinin təbliğat və təşviqat kompaniyasına artıq bir aydan çoxdur ki, start verilib.

Nərgiz Əliyeva: "Çox şadam ki, Gürcüstanda bu şəkildə açıq seçki prosesi baş tutur və bizim millətin nümayəndələri olan namizədlər də hər bir partiyada təmsil olunurlar"

"Bu bizim Gürcüstanın ictimai -siyasi həyatına düzgün şəkilldə inteqrasiya olunmağımızdan bir nümunədir"

Cənubi Qafqazın daha bir ölkəsi seçki ərəfəsindədir. Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçiriləcək ümumxalq səsverməsi, referendumun ardınca Gürcüstanda parlament seçkiləri baş tutacaq. Oktyabrın 8-də bu ölkədə keçiriləcək növbəti parlament seçkilərinin təbliğat və təşviqat kompaniyasına artıq bir aydan çoxdur ki, start verilib. Məlumat üçün qeyd edək ki, Gürcüstanın qanunverici orqanında 150 yer üçün 29 partiya mübarizə aparacaq. Seçkilərdə mübarizə aparacaq əsas aparıcı partiyalar "Gürcü arzusu", "Vahid Milli Hərəkat", "Paata Burkuladze-Xalq üçün", "Respublikaçılar" və "Azad demokratlar" partiyaları hesab edilir. Bir faktı da qeyd etmək lazımdır ki, Gürcüstanda keçiriləcək parlament seçkilərində bu ölkədə yaşayan soydaşlarımızdan da iştirak etmək arzusunda olanlar var və onlar müxtəlif partiyalardan, təşəbbüs qrupu tərəfindən Gürcüstan parlamentinə öz namizədliyini irəli sürüb. Onlardan biri də "Gürcü arzusu " partiyasının Marneuli rayonunun kəndlərindən olan namizədi Ruslan Haciyevdir.

Eyni zamanda soydaşlarımızın komapkt yaşadıqları Dmanisi rayonundan Namiq Bayramov və digər şəxslər də Gürcüstan qanunverici orqanında təmsil olunmaq məqsədilə seçki mübarizəsinə qoşulub. Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi də seçki mübarizəsinə qoşulan soydaşlarımıza dəstək nümayiş etdirir, onların Gürcüstan parlamentində yer almasını arzu edir. Ancaq maraqlısı odur ki, sözügedən mərkəzin ortaya qoyduğu mövqe heç də bütün namizədləri razı salmır. Xüsusilə, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyevanın daha çox

deputatlığa namizəd Ruslan Hacıyevin görüşlərində iştirak etməsi digər namizədlər arasında incikliyə səbəb olub. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva bu barədə fikirlərini bölüşərkən qeyd edib ki, hər dəfə Gürcüstanda seçki prosesləri başlayanda ölkənin siyasi həyatına rəng qatılaraq proses olduqca maraqlı anlarla yadda qalır. Nərgiz Əliyevanın sözlərinə görə, son günlər bəzi qardaş-bacılar tərəfindən yazılan status və şərhlərlə üzləşir: "Onların bir neçəsi mənim kəndlərdə qadınlarla görüşlərə qatıldığım haqqındadır. "Gürcü arzusu " partiyasının Marneuli rayonunun kəndlərindən olan namizədi Ruslan Haciyev və onun tərəfdarları ilə görüşlərə qatılıram , qadınlarımızla görüşlərdə iştirak edirəm, onların qayğıları, problemlərilə maraqlanırıq, söhbətlər edirik. Bu görüşlər mənim üçün olduqca maraqlı və faydalıdır. Bu görüşlərin seçkiqabağı olması da müsbət bir haldır. Düşünün ki, qadınlar ölkənin siyasi həyatında fəallaşır, sözünü deyir, seçimi üçün görüşlərə qatılaraq namizədlərə təklif və iradlarını bildirir. Bu da onu göstərir ki, Gürcüstanda yaşayan azərbaycanlı qadınlar da bu proseslərdən uzaqlaşmayıb". Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin rəhbərinin szlərinə görə, tənqidlərin bir hissəsi onun nə üçün Ruslan Hacıyevə dəstək verməyi ilə bağlıdır: "Ruslan müəllim uzun müddətdir ki, təhsil sahəsində çalışıb, və rayonumuzda bu sahədə xeyli yeniliklər və müsbət işlər görüb. Gəncdir, potensialı var. Eyni zamanda hər bir yaşda olan çoxsaylı insanlar arasında hörmət və rəğbətə malikdir. İkinci məsələ, mənim işim və tutduğum statusla əlaqədardır. Açıq bəyan etmək istəyirəm ki, dəfələrlə də vurğulayıb demişəm, şəxsi səhifəmdə paylaşdığım status və şəkillər, görüşlərim, mənim şəxsi fikirimdir, mövqeyimdir, iş yerimin ümümi strategiyasıyla mənim fikirlərim uyğun gəlməyə bilər. Qarşıdan gələn parlament seçkilərində təqdim olunan azərbaycanlı namizədlərin hər biri mənim üçün əziz və doğma insanlardır. Bir neçə nəfərə isə mənim və ailəmin xüsusi hörməti və böyük rəğbəti var. Mən çox şadam ki, Gürcüstanda bu şəkildə açıq seçki prosesi baş tutur və bizim millətin nümayəndələri olan namizədlər də hər bir partiyada təmsil olunurlar. Bu bizim Gürcüstanın ictimai -siyasi həyatına düzgün şəkilldə inteqrasiya olunmağımızdan bir nümunədir. Hər bir namizədə və şəxsən tanıdığım və hörmət etdiyim bacı və qardaşlara seçkilərdə uğurlar arzulayıram. Hansı partiya və ya mövqeydə olmamızdan asılı olmayaraq unutmayaq ki, biz bir elin övladlarıyıq, biz bir millət nümayəndəsiyik, biz bacı-qardaşıq. Gəlin elə seçki keçirək ki, başqa millətlərə,regionlara nümunə olaq, xoşməramımızla, seçki mədəniyyətimizlə, mehribançılığımızla, savadımızla".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31