Radikal müxalifətin əsassız iddiaları
Sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçiriləcək referenduma hazırlıq prosesi davam edir. Reeferendumun təbliğat-təşviqat mərhələsi çərçivəsində seçicilərlə keçirilən görüşlər və əldə edilən nəticə onu deməyə əsas verir ki, Azərbaycan vətəndaşları ümumxalq səsverməsi zamanı Konstitusiya islahatlarının lehinə səs verəcəklər.
16 Sentyabr 2016 13:38 SosialSentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçiriləcək referenduma hazırlıq prosesi davam edir. Reeferendumun təbliğat-təşviqat mərhələsi çərçivəsində seçicilərlə keçirilən görüşlər və əldə edilən nəticə onu deməyə əsas verir ki, Azərbaycan vətəndaşları ümumxalq səsverməsi zamanı Konstitusiya islahatlarının lehinə səs verəcəklər. Elə Milli Məclisin deputatı Tahir Rzayev də bu qənaətdədir. Konstitusiya islahatlarına radikal müxalifətin etiraz etməsinə də toxunan millət vəkili deyib ki, bu düşərgənin xalq arasında ciddi dayağı olmadığı üçün onların etirazları da əhəmiyyətsizdir: "Referendum aktına münasibətdə radikal müxalifət düşərgəsi gözlənildiyi kimi yenə də əsassız iddialarla çıxış etməkdədirlər. Qəribədir ki, ölkədə insan hüquq və azadlıqlarının daha dolğun təmin edilməsindən, siyasi sistemin və idarəetmə mexanizminin təkmilləşməsindən, dövlət hakimiyyətinin möhkəmləndirilməsindən, gənclərə öz fəaliyyətlərini göstərmək və genişləndirmək üçün şəraitin yaradılmasından, yerli idarəetmə orqanlarının məsuliyyətinin artırılmasından, ictimai siyasi sabitliyin qorunmasından daim söz açanlar bu gün dediklərinin əksini söyləməkdədirlər. Hətta onlar bu dəyişikliklərin insanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına xidmət etdiyi barədə yanlış bəyanatlar verirlər. Bu bəyanatların hüquqi əsası yoxdur və təbiidir ki, pisliyə yozulan düşüncələrin ifadəsidir. Ümumiyyətlə, Konsitusiyada nəzərdə tutulan hər bir dəyişiklik əhəmiyyətlidir və maddələrdə əks olunan yeni fikirlər xalqın istəyi ilə üst-üstə düşür. Bu, səsvermə zamanı özünü bir daha təsdiq edəcək. Sözsüz ki, hər bir azərbaycanlı seçici səsvermədə fəal iştirak edəcək, xalqımızın və dövlətimizin gələcək inkişafında müstəsna rola malik olan bu sənədin lehinə səs verəcəkdir". Tahir Rzayev deyib ki, bu gün Azərbaycan Respublikası Konstitusiyasına dəyişiklik edilməsi zərurəti yalnız ölkədə gedən köklü sosial inkişafdan, həyata keçirilən mühüm islahatlardan, genişmiqyaslı layihələrdən, insanların demokratik təhsilatlara yiyələnmək cəhdindən irəli gəlmir, bunu həm də dünyada baş verən qlobal dəyişikliklər, hadisələr, dövləti qorumaq və müdafiə etmək, insanları yad mənfi meylərdən çəkindirmək zərurəti tələb edir: "Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan keçən 20 ildən çox vaxt ərzində həm ölkənin ictimai-siyasi,iqtisadi-mədəni həyatında baş verən əsaslı dəyişikliklər, eləcə də respublikanın beynəlxalq aləmə çıxışı, dünya problemlərinə münasibətdə seyirçi mövqedə durmaması, Avropa dəyərlərinə yiyələnməsi, xarici dövlətlərlə əlaqələrin durmadan möhkəmlənməsi, digər tərəfdən daxildən və xaricdən ölkəmizin zəiflədilməsinə, asılı vəziyyətinə salınmasına yönəldilən səylər, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hərbi qüdrətimizin, ordumuzun möhkəmləndirilməsi bu zərurəti surətləndirmişdir". Millət vəkilinin sözlərinə görə, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərin hər biri əhəmiyyətlidir: "Birincisi 7 illik prezident müddəti inkişaf etmiş bir çox demokratik ölkələrdə mövcuddur və bu müddət prezidentlərə ölkəni idarə etmək üçün maneə törətmir, əksinə mühüm uzunmüddətli proqramların, layihələrin həyata keçirilməsi, dövlətlərarası
münasibətlərin möhkəmlənməsi üçün onlara geniş imkanlar yaradır. Azərbaycanda Prezidentin 7 il müddətinə seçilməsi həm çevik və səmərəli idarəetmə mexanizminin yaradılıb təkmilləşməsinə, sosial və iqtisadi məsələlərin dinmaik həll olunmasına, həm də dövlət büdcəsinə qənaət edilməsinə hesablanıb. Yaş məhdudiyyətinin aradan qaldırılması əslində insan hüquqlarının aliliyinə ən demokratik prinsiplərə, hər bir gəncə seçim yolu ilə öz bacarığını, savadını sübut etmək imkanı yaradır. Seçimə hörmət, dəyər vermək prinsipinin Konstitusiyada daha dolğun əks olunması ictimai siyasi həyatda gənclərin fəallığının yüksəlməsi bir stimul olmaqla bərabər, həm də Azərbaycan gəncinə göstərilən etimadın nümunəsi kimi qiymətləndirilməlidir, bu mütərəqqi bir addımdır. Birinci vitse-prezident və vitse-prezidentliyin yaradılması Azərbaycan üçün yeni idarəçilik modeli olsa da artıq bu institut bir çox ölkələrdə mövcuddur və səmərəliyi ilə fərqlənir. Müəyyən səbəblərə görə -istirahət, müalicə, xarici ölkələrə səfərlər zamanı vitse-prezidentin prezidnti əvəz etməsi, onun səlahiyyətlərini həyata keçirməsi təbii haldır. Bu çevik idarəetmə mexanizminin formalaşması üçün vacibdir". Millət vəkili deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır: "İnsan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının başlıca mahiyyətini təşkil edir.
Azərbaycanın Konstitusiyasında insan hüquq və azadlıqları geniş təsbit edilib. Lakin həyatımızda baş verən pozitiv dəyişikliklər, vətəndaşların iqtisadi, sosial və siyasi proseslərdə iştirak əmsalının əhəmiyyətli dərəcədə artması həyatımızın real parametrinə çevrilib. Son illərdə insanların ictimai həyatda iştirakının artırılması yönündə ciddi addımlar atılıb. Hüquq və azadlıqlar sferasının genişlənməsi və qorunması mexanizminin təkmilləşməsi daxili siyasətin prioritetlərindən biri kimi qəbul edilib. Azərbaycanda insan hüquq və azadlıqları sistemi Avropa standartlarına daha çox uyğunlaşdırılıb. Bütün bu dəyişikliklərin Konstitusiyada əks olunması, tamamilə təbiidir".
Füzuli