Narkomaniya-dünyanı narahat edən əsas problemlərdən biri

Azərbaycanda bu istiqamətdə uğurlu iş aparılır

Azərbaycanda bu istiqamətdə uğurlu iş aparılır

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Dünyanın hər yerində narkomaniyaya aludəçilik ağır ictimai bəlaya çevrilib, narkotik vasitələrin qanunsuz dövriyyəsi isə çoxdan ölkələrin sərhədlərini aşaraq transmilli cinayətkarlıq halına gəlib. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Ən acınacaqlısı da budur ki, gənc nəsil arasında narkotiklərə meyillilik artır. Sözügedən problemin ağırlığını və fəsadlarını diqqətə alan digər dünya ölkələri kimi, Azərbaycanda da narkomaniya ilə mübarizədə cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsi prioritet önəm kəsb edir.

Müstəqilliyimizin ilk illərindən bu istiqamətdə genişmiqyaslı tədbirlər, o cümlədən beynəlxalq konvensiyalara uyğun milli qanunvericiliyin formalaşdırılması, normativ akt və proqram sənədlərin qəbulu həyata keçirilib. Azərbaycan Respublikası hələ 1992-ci ildə BMT-nin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Konvensiyasına qoşulub. Ümummilli lider Heydər Əliyev bu bəlanın təkcə cəmiyyət üçün deyil, bütövlükdə dövlətin gələcəyi üçün təhlükə olduğunu nəzərə alaraq 1996-cı il avqustun 26-da "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında" Fərman imzalayıb. Fərmana əsasən, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. 1999-cu il 18 iyun tarixində "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu, bir il sonra isə bu sahədə ilk əhatəli fəaliyyət sənədi - 2000-2006-cı illərədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul olunub.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətini əhalinin sağlamlığının, milli genefondun qorunması sahəsində fəaliyyət təşkil edir. Dövlət başçısı öz çıxışlarında nəzərə çatdırır ki, təhsil, mədəniyyət, elm və texnologiyaya prioritet diqqət ölkənin davamlı inkişafı, insan kapitalının formalaşması üçün nə qədər əhəmiyyətlidirsə, xalqın sağlamlığı da bir o qədər vacib məsələdir. Bu baxımdan gənc nəslin zərərli vərdişlərə aludəçilikdən qorunması, xüsusilə narkomaniya ilə mübarizə böyük önəm kəsb edir: "Narkomaniyaya qarşı ciddi mübarizə aparılır. Biz gəncləri pis vərdişlərdən çəkindirməliyik... Azərbaycanın böyük imkanları var. Ən böyük sərvət isə insanların sağlamlığıdır. Biz istəyirik ki, yetişən gənc nəsil həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olsun". Ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən və 2007-2012-ci illərdə icra olunan "Narkotik vasitələrin, psixotrop

maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması üzrə Proqram" bu istiqamətdə cəmiyyətin daha da səfərbər olmasına, o cümlədən mədəniyyət və təhsil ocaqlarının, QHT-lərin, gənclər təşkilatlarının, medianın maarifləndirici fəaliyyətinin artmasına zəmin yaradıb. Bu baxımdan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının həmin fəaliyyətlərdə əlaqələndirici rolunu vurğulamaq lazımdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə qəbul olunan "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın da üç ili arxada qalmışdır. Proqramın icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2013-cü il tarixli əmri ilə Tədbirlər Planı təsdiq edilmiş və ötən müddətdə nazirliyin tabeliyindəki təşkilatlar tərəfindən müxtəlif layihələr, tədbirlər həyata keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, paytaxtda və bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində "Narkomaniya bəşəriyyətin məhvi deməkdir", "Narkomaniya əsrin bəlasıdır", "Sağlam həyat tərzi bizim məqsədimizdir", "Narkomaniyaya yox deyək", "Sağlam həyat uğrunda", "Narkomaniyanın qarşısının alınmasında kitabxanaların rolu", "Narkomaniya cəmiyyətin mənəvi dayaqlarını sarsıdır" və s. mövzularda müxtəlif səpkili tədbirlər təşkil edilib. O cümlədən 2016-cı ilin birinci yarısında muzeylərdə, kitabxanalarda, tədris ocaqlarında, rəsm qalereyalarında narkomaniya və narkotik vasitələrin fəsadlarından bəhs edən sərgilər, maarifləndirici görüşlər, "dəyirmi masa"lar, məlumat saatları keçirilib, fotostendlər hazırlanmış, slayd və videofilmlər, kompozisiya və səhnəciklər nümayiş olunub, eləcə də teatrların repertuarında bu mövzu əksini tapıb. Bu istiqamətdə kitabxanalarda görülən işləri xüsusi qeyd etmək gərəkdir. Hər gün minlərlə insanla - oxucu kütləsi ilə ünsiyyətin olduğu kitabxanalar müxtəlif formatlı maarifləndirici tədbir və layihələr üçün əlverişli məkandır. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının fonduna narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair yeni ədəbiyyat alınıb, dövri mətbuat məqalələrinin tammətnli resursları hazırlanaraq elektron bazaya yerləşdirilib, yeni ədəbiyyat sərgiləri təşkil olunub. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında mövzuya dair kitab sərgiləri, narkomaniyanın acı nəticələrini əks etdirən foto-stendlər tərtib edilib, müvafiq dövlət qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, gənclərin iştirakı ilə "dəyirmi masa"lar keçirilib. Eləcə də paytaxt rayonlarındakı Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və kitabxana filiallarında, habelə Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Yevlax, Şirvan şəhər MKS-lər tərəfindən kitabxanalarda mövzu ilə bağlı "dəyirmi masa"lar keçirilib, tədbirlərdə narkotik vasitələrin və ümumiyyətlə, tüfeyli həyat tərzinin insan düşüncəsinə, sağlamlığına mənfi təsirindən danışılıb.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31