Gənclərin vətənpərvər ruhda tərbiyə olunması vacibdir

Bu istiqamətdə QHT-lərin də üzərinə mühüm vəzifə düşür

Azərbaycanda tarixin bütün dövrlərində gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin aşılanması diqqət mərkəzində olub. Düzdür, bu amilə müəyyən zaman kəsiyində az və ya çox diqqət ayrılsa da, lakin ümumilikdə götürüldükdə, gənclərin vətənpərvərlik hisslərinin artırılması, onların bu ruhda tərbiyə olunması heç vaxt arxa plana keçməyib. Ayrı-ayrı dövrlərdə bu istiqamətdə qəbul edilən dövlət proqramları, imzalanan fərman və sərəncamların da müəyyən mənada bu prosesə dəstəyi olub. Daha dəqiq desək həmin sənədləri əsas götürərək müvafiq dövlət qurumları yola bununla davam edib, mövcud hüquqi baza əsasında gənclərlə vətənpərvərlik işini yüksək səiyyədə qurublar.

Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkədə vətəndaş cəmiyyətinin inkişafı, QHT sektorunun mühüm amilə çevrilməsi hər bir sahə kimi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə də öz müsbət təsirini göstərdi. Həmin illərdə əksəriyyət qeyri-hökumət təşkilatları maliyyə vəsaitini xarici donorlardan alsa da, lakin fəaliyyətlərində milliliyə daha çox üstünlük verir, həyata keçirdikləri layihələrdə gənclərlə əməkdaşlığa daha çox maraq göstərirdilər. Bir qayda olaraq gənclərlə bağlı həyata keçirilən layihələr isə onların sağlam mühitdə böyüməsi, gənclərin tərbiyəsinin ağlam təməllər üzərində qurulması, eləcə də onlarda vətənpərvərlik hisslərinin artırılmasına xidmət edirdi.

Günümüzdə də qeyri-hökumət təşkilatları gəcnlərin vətənpərvər ruhda böyüməsi, tərbiyə olunmasında əhəmiyyətli rol oynayır. Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov deyir ki, gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. Onun sözlərinə görə, bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının mütləq əksəriyyəti məhz bu istiqamətdə fəaliyyət göstərirlər: "Bu gün əminliklə deyə bilərik ki, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları gənclərin vətənpərvər ruhda tərbiyə olunması işində fəal rol oynayırlar. Düzdür, etiraf etmək lazımdır ki, bu istiqamətə diqqət yetirməyən təşkilat və birliklər də var. Ancaq müsbət cəhət ondan ibarətdir ki, həmin qeyri-hökumət təşkilatları az saydadır və əksəriyyət təşkil etmir. Əksinə Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının böyük bir qismi həyata keçirdikləri layihələrdə gənclərin vətənpərvər ruhda təbiyə olunmasına üstünlük verirlər". İctimai Birlik sədri qeyd edir ki, qeyri-hökumət təşkilatlarını bu istiqamətdə fəaliyyət göstərməyə stimul verən amillər də var: "Təbii ki, bu da Azərbaycan dövlətinin ölkədə vətəndaş cəmiyyətinin, QHT sektorunun inkişafına göstərdiyi diqqət və qayğı ilə əlaqədardır. Məlum olduğu kimi 2007-ci il, iyulun 27-də Azərbaycan

Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edildi. Bu konsepsiya ölkəmizdə QHT inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyən etdi. Konsepsiya ilə bağlı ictimai sektorda gedən prinsipial müzakirələrdən sonra Cənab Prezidentin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu illər ərzində minlərlə QHT-nin layihəsini maliyyələşdirib. Qeyd etdiyim kimi həmin layihələrin də böyük əksəriyyəti məhz gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı olub. Günümüzdə də eyni fəaliyyət davam edir. Qeyri-hökumət təşkilatları qeyd edilən istiqamətin ölkəmiz üçün prioritet olduğunu nəzərə alaraq bir qayda olaraq gənclərin vətənpərvərliyinin daha da artırılması məsələsinə bir qədər də artıq diqqət ayırırlar. Bütün bunlar isə Azərbaycanda vətənpərvər gənclər ordusunun formalaşmasına təkan verir". TUMİB sədri deyib ki, Azərbaycanda vətənpərvər gənclər ordusunun formalaşdığını cari ilin aprel ayının əvvəllərində təmas xəttində baş verən döyüşlər zamanı bir daha aydın gördük: "Erməni təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi qətiyyətli döyüş, uzun illər işğal altında olan bir neçə yüksəkliyin ordumuzun əks-hücumu nəticəsində işğaldan azad edilməsi, bununla paralel olaraq uşaqdan böyüyə hər kəsin əlinə silah alaraq döyüşə getməyə can atması, Müdafiə Nazirliyinə edilən müraciətlər gənc nəslin, ümumilikdə Azərbaycan cəmiyyətinin vətənpərvərliyinin bariz nümunəsi idi. Təbii ki, qeyd etdiyimiz kimi bu müsbət nəticədə qeyri-hökumət təşkilatlarının, onların gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına xidmət edən layihələrinin həyata keçirilməsinin də müstəsna rolu var. Hesab edirəm ki, bu baxımdan qeyri-hökumət təşkilatlarının gənclərin vətənpərvər ruhda tərbiyə olunması, onlarda bu hisslərin aşılanması baxımından fəaliyyəti təqdir edilməlidir. Eyni zamanda gələcəkdə bu istiqamətə diqqət daha da artırılmalıdır. Çünki biz müharibə şəraitində olduğumuz üçün hər bir vətəndaşımızın vətənpərvər olaraq böyüməsi, tərbiyə alması vacibdir".

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31