Fidaninin qanlı bıçağı...
Evində yox urvalıq, könlündən keçir koxalıq
24 Avqust 2016 20:00 SosialEvində yox urvalıq, könlündən keçir koxalıq
Ataların bu deyimi bir neçə situasiyada yerinə düşür. İndiki halda isə gədəbəyli Fidani İsmayılov "koxalıq" fikrinə düşüb. O Fidani ki, rayondan Bakıya işləməyə gəlib. Qazandığı pulları rayonda qoyub gəldiyi ailəsinə göndərmək əvəzinə Binəqədidə özünə məşuqə tapıb, onun yolunda xərcləyib. Hətta bu adam özünü sevgilisi Əfsanə Məmmədovanın üzərində o qədər hakimi-mütləq hesab edib ki, qadının qardaşı Anarı öldürməkdən belə çəkinməyib.
Hadisə belə olub. Əfsanə Məmmədova qardaşı ilə dənizə gedib. Fidani bunu biləndə "kişilik" damarındakı qanı beyninə sıçrayıb ki, Əfsanə niyə ondan icazə almamış qardaşına qoşulub dənizə gedib? Anındaca bıçağı götürüb qardaş-bacının üzərinə hücuma keçib. Qardaş yerindəcə keçinib, bacı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Sorğuya çəkilən Fidani şokda olduğunu vurğulayıb. Amma bilmək olmur cəmi dörd aydı birlikdə olduğu məşuqəsinin dənizə getməyindən şokdadı, yoxsa onu öldürmək fikrinə düşdüyündənmi? Hər iki halda Fidani "koxalıq" edir. Adam özünün həyat yoldaşının rayonda nə yediyindən, nə etdiyindən bəlkə də xəbərdar deyil. Bəlkə də heç ailəsinə vaxtlı-vaxtında pul da göndərməyib. Bəlkə də halal-hümbət, kəbinli arvadının üzərində bu qədər hökmü yoxdur. Bəlkə də tam əksinə... bütün hallarda "bəlkə"lərin sayını istənilən qədər artırmaq olar, amma ehtiyac yoxdu. Yəqin ki, Fidani həmin "bəlkə"lərin sayəsində düşdüyü "şokdan" həbsxanada ayılacaq. Ayılmasa da ayıldacaqlar...
Əslində məsələnin kökü "bəlkə"də deyil. Problem ailə münasibətlərində və ərin cılız xarakterində, bir də sevgisizlikdədi. "Sevgi" deyəndə təkcə qadın-kişi arasındakı münasibəti yox, bütövlükdə kişinin ailəsinə olan sevgisini, diqqət və qayğısını nəzərdə tuturam. Ailənin nə olduğunu, orada qadının və kişinin vəzifələrini bilən, ailə başçısı kimi bir yükün məsuliyyətini hiss edən kişi (ər) heç vaxt kənar qadını özünün həyat yoldaşından üstün tutmaz. İllah da qadın bilə-bilə ki, kişinin həyat yoldaşı var və geci-tezi onların ayrılmağı labüddür. Bu vəziyyətdə kişi bir qədər düşünməli, qarşısındakı qadından uzaq durmalı, qura biləcəkləri münasibətin ailəsinin möhkəmliyinə təhlükə yaradacağını hiss etməlidir. Amma Fidani belə düşüncə sahibi deyil,
hissiyyat sarıdan kasaddır. Əvəzində özünə belə haqq qazandırır ki, birlikdə yaşamağı Əfsanə ona təklif edib. Bu təklifi cani-könüldən qəbul edən Fidani isə Əfsanə ilə yaşamaq xoşbəxtliyinə qanlı bıçaqla son qoyub.
Dolanışıq üçün ailəsindən ayrılıb qazanc dalınca uzaq-uzaq ölkələrə gedən insanlar Azərbaycanda həmişə olub. Sovetlər dönəmində onlar Rusiyaya, əsasən də Qazaxıstan Respublikasına işləməyə gedirdilər. Həmin kişilər orada tikintidə çalışır, qazandıqları pulları ailəsinə göndərir, tez-tez evlərinə baş çəkməyə gəlirdilər. Kəndimizdəki ikimərtəbəli, daş evlərin xeyli hissəsi 60-80-ci illərdə Rusiyadan, Qazaxıstandan gələn pulların hesabına tikilib. Bəlkə kəndimizin kişiləri də orada hər hansı bir qadınla münasibət qururdular, bilmirəm, amma əminliklə deyirəm ki, heç vaxt həyat yoldaşlarını nataşaların ayağına verməyiblər. Mən eşitməmişəm ki, o vaxtlar Rusiyada işləməyə gedən bir azərbaycanlı kişi məşuqəsini öldürsün, yaxud da qısqanclıq üstündə hansısa başqa bir cinayətə əl atsın.
Amma indi Biləcəridən o yana gedə bilməyən bəzi kişilər boş cibləri ilə Bakıda istədikləri kimi geninə-boluna gəzir, kef edirlər. Ona görə yox ki, xarici ölkələrin yolunu tanımırlar, sadəcə oralara getmək üçün pulları olmur. Yol pulunu qonşudan-qohumdan borc alıb Bakıya gəlməyin yolunu isə yaxşı bilirlər. Ən ağır işlərdə çalışaraq, "it günü ilə yığdıqlarını" qarşısına çıxan ilk qadının yolunda xərcləməkdən də çəkinmirlər. Çoxları ailəsini unudur, kənddə-kəsəkdə qoyub gəldiyi arvadını-uşağını aylarla itirib-axtarmır. Ən yaxşı halda hərdən telefonla zəng edib hal - əhval tutur, necə deyərlər "xala, xətrin qalmasın". Halbuki o, kənddə qalıb təsərrüfat işləri ilə məşğul olaraq ailəsini normal dolandıra da bilər.
Təəccüb edirəm: əksər Azərbaycan kişiləri niyə bu günə düşüb? Ailə məsuliyyəti, övlad sevgisi, həyat yoldaşına olan hörmətin erroziyaya uğramasının səbəbi nədi, günahkarı kimdi? Kişinin ailəsinə xəyanət etməsinin kökü hardan gəlir: aldığı tərbiyədən, ətraf mühitdən, yoxsa cəmiyyətdən?
Ailədə oğlan uşağına verilən tərbiyə ən vacib, ən gərəkli şərtdi. Valideyn oğlunu bütün çətinliklərə hazır olmağı bacaran əsil kişi kimi böyütməlidi. Bu çətinliklər ailədə də ola bilər, cəmiyyətdə də. Ailə başçısı olan dünənki oğlan uşağı bu gün çiyninə götürdüyü məsuliyyəti atasından öyrənməlidi. Cəmiyyətdə qarşılaşdığı maneələrdən aşmağı, ətraf mühitdə rastlaşdığı neqativ halları dəf etməyi yeniyetmə vaxtından götür-qoy etməlidi. Bütün bunlar birləşib bir tam olanda o ailədə zaval olmur. Ailə başçısının həyat yoldaşına olan hörməti, diqqəti, övladına göstərdiyi sevgisinə qarışıb çox gözəl ahəng yaradır. Və bu birlik, bu ahəng heç bir çat yaranmadan sona qədər davam edir.
Amma bizim "qəhrəmanımız" olan Fidani İsmayılov, deyəsən, bu sadaladıqlarımdan məhrumdu. Əks halda cavan yaşında biləyinə qandal vurulmaz, ömrünün, ən azı, 10 ilini həbsxana divarları arasında keçirməyə məhkum olmazdı. Əminəm ki, bundan sonra Fidani rayonda qoyub gəldiyi ailəsi haqqında düşünmək fikrinə düşsə vaxtdan dolayı şikayət etməyəcək. Vaxtı bol olacaq və bu bolluq içində yəqin ki, həyatına son qoyduğu Anarın və Əfsanənin qanı bulaşmış bıçaq bir ömür gözlərinin qabağından getməyəcək. Çünki onun məşuqə saxlamaq ehtirasına həmin qanlı bıçaq son qoydu. Fidani qarşıdakı 10-15 ildə özünün araya-ərsəyə gətirdiyi "qanlı bıçaq nağılını" həbsxana nağılı ilə birləşdirəcək.
Ki... bir də "koxalıq" eşqinə düşməsin.
Züleyxa Nadir