Möhlət hüququnun qanundan çıxarılması kimə sərfəlidir?

Elmin inkişafına, yoxsa ordunun möhkəmlənməsinə?

Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsindən çıxarılıb. Bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli mətbuata açıqlamasında bildirib. Komitə sədri bunun səbəbini təmas xəttində gərginliklərin artması ilə izah edib: "Aprel ayından təmas xəttində yüksək gərginlik müşahidə edilir. Eyni zamanda, bu günlərdə 9 mayda II Dünya Müharibəsinin veteranları da Prezidentə müraciət edərək bildirdilər ki, lazım gəlsə, biz də təmas xəttinə gedərək Azərbaycanın haqq işi uğrunda mübarizəsinə kömək edə bilərik. Düşünürəm ki, belə bir zamanda magistr və doktorantlara möhlət hüququnun verilməsi düzgün olmaz". İ.Həbibbəyli sözlərinə əlavə edib ki, Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər. Bu yerdə xatırlatmaq yerinə düşər ki, sözügedən qanun layihəsi hələ kohnə variantda ötən çağırış parlamentin plenar iclasının müzakirəsinə çıxarılanda bu məsələ ətrafında birmənalı olmayan mövqelər ortaya qoyulmuşdu. Əksəriyyət möhlət hüququ məsələsinin tərəfdarı olsa da, bu məsələnin Müdafiə Nazirliyi ilə mütləq razılaşdırılmasını məqbul saymış, daha doğrusu, bu məsələnin adıçəkilən qanunun deyil, hərni xidmətə çağırışla bağlı mövcud qanunvericliyin predmeti olduğunu vurğulamışdı. Onu da qeyd edək ki, ötən çağırış parlamentdə sözügedən qanun layihəsini müzakirələrə MM-in Elm və təhsil komitəsinin sabiq sədri Şəmsəddin Hacıyev təqdim və məruzə etmişdi. Axırıncı parlament seçkilərindən sonra sonra isə onun yerinə İsa Həbibbəyli seçilib. Artıq yeni komitə sədrinin də qeyd etdiyi kimi, bu məsələ məlum səbəblərdən qanun layihəsindən çıxarılıb. Bəs görəsən, sözügedən müddəanın qanunvericilikdən çıxarılması nə dərəcədə məqbul hesab edilir? Xatırladaq ki, bir mürrət öncə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanun layihəsi parlament müzakirəsinə çıxarılan zaman bir sıra deputatlar ali məktəblərin magistratura pilləsində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi təklifini səsləndirmişdi. Düzdür, təkliflər nəzərə alınaraq son zamanlar ictimaiyyətin diqqətində olan magistraturada oxuyan tələbələrə hərbi xidmətdən möhlətin verilməsi, tək uşaqlı ailələrin övladlarının hərbi xidmətə çağırılması və alternativ xidmətlə bağlı məsələlər qanun layihəsinə daxil edilmişdi. Ancaq sənədin müzakirəsi zamanı bəlli oldu ki, qanun layihəsinə görə, müddətli hərbi xidmətə çağırışlardan azadetmə yalnız fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlara aid olunur, yəni magistraturada təhsil alan tələbələr hərbi xidmətə çağırılacaqlar. Parlament rəhbərliyinin rəsmi izahatı belə oldu ki, Ermənistanla müharibə vəziyyətində olmağımız səbəbindən magistrlərə möhlət hüququ müzakirə mövzusu deyil, yalnız gələcəkdə müzakirə oluna bilər. Qanun layihəsində isə ailə vəziyyətinə görə hərbi çağırışdan möhlət hüququ aşağıdakı şəxslərə aid edilir: Tək övladı olan, birinci qrup əlil ata və ya anaya;Üç və daha çox uşağı olanlara; Birinci qrup əlil arvadı olanlara. Alternativ xidmətə gəlincə, qanun layihəsinin 3-cü maddəsinin 4-cü bəndində göstərilir: Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. Lakin ekspertlər hesab edirlər ki, qanunda heç olmasa fərqli ixtisaslarla bağlı magistrlərə möhlət hüququ verilməlidir. Millət vəkili Əli Məsimli deyib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna görə, bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər. O, xatırladıb ki, Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi hər dəfə MM-də qaldırılanda fikirlər haçalanıb: "Fikir mübadilələri zamanı biz həmişə Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsinin tərafdarı olmuşuq. Bununla belə, eyni zamanda həm də hesab edirik ki, birincisi, bu məsələsi "Elm haqqında" qanunun yox, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun predmetidir. İkincisi, belə məsələlərə münasibətdə həm bu ilin aprelindən bu yana cəbhə xəttində yaranmış situasiya nəzərə alınmalıdır.Həm də bütün parametrlər üzrə təbii surətdə belə bir dəyişilik üçün münasib şərait və zaman yetişəndə, Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsində yox, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda müvafiq dəyişiklik edilməklə həyata keçirilməlidir". Sözügedən komitənin üzvü, professor Gövhər Baxşəliyeva da komitə sədrinin mövqeyindən çıxış edib: "Mən də bu məsələdə komitəmizin sədri İsa Həbibbəylinin fikirlərini dəstəkləyirəm və məqbul sayıram. Hesab edirəm ki, ölkənin bu vəziyyətində, yəni, müharibə şəraitində olan bir ölkə kimi, o cümlədən, cəbhə xəttində tez-tez atəşkəsin pozulması ilə bağlı elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi düzgün olmazdı. Həm də ki, bu məsələ daha çox hərbi qanunvericiliyin predmeti olan bir məsələdir". Ancaq heç olmasa fərqli ixtisaslarla bağlı magistrlərə möhlət hüququ verilə bilərdi. Nəzərə almaq lazımdır ki, müasir dünyada elm özü də səngər, döyüş meydanıdır. Bu gün dünyada təkcə ordu yox, həm də elm döyüşür.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00