Qətər Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq göstərir
11 May 2016 15:43 SosialMayın 11-də Azərbaycan Respublikası kənd təsərrüfatı naziri Heydər Əsədov ilə Qətər Dövlətinin İnvestisiya Qurumunun Biznesin inkişafı idarəsinin müdiri Şeyx Abdul Əziz Bin Ali Al Taninin rəhbərlik etdiyi nümayəndə heyəti görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşün məqsədi Azərbaycanın investisiya mühiti ilə tanışlıq, ikitərəfli iqtisadi münasibətlərin və investisiya layihələrinin müzakirəsi olub. Nazir son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat verib və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu qeyd edib. Nazir bildirib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə-tərəvəz öz yüksək orqanikliyi ilə digər ölkələrdə istehsal olunan məhsullarla müqayisədə keyfiyyətinə görə seçilir.Heydər Əsədov meyvəçilik və tərəvəzçilik sahəsində ən müasir standartlara cavab verən istehsal və emal müəssisələrinin olduğunu, eyni zamanda Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarının bütün vergilərdən azad olunduğunu, ixracın stimullaşdırılması üçün subsidiyaların tətbiqi ilə əlaqədar dövlət tərəfindən geniş tədbirlər planı həyata keçirildiyini və son aylarda tərəvəz məhsullarının ixracının bir neçə dəfə artdığını nəzərə çatdırıb. Nazir Qətərin iş adamlarını Azərbaycana dəvət edib və bu əlaqələrin genişlənməsi üçün nazirlik tərəfindən inverstorlara lazımi dəstək veriləcəyini vurğulayıb. Səmimi qəbula görə təşəkkür edən Şeyx Abdul Əziz Bin Ali Al Tani Qətərin Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələrə, xüsusilə heyvandarlıq, südçülük, tərəvəzçilik, ərzaq məhsullarının istehsalı sahələrinə investisiya qoyuluşunda və Azərbaycanda kənd təsərrüfatı sahəsində layihə həyata keçirməkdə maraqlı olduğunu qeyd edib.