İştahı azaldan, arıqlamağa səbəb olan kulinar məmulat

Ac mədəyə saqqız çeynədikdə mədə xorası yarana bilər

Saqqız xüsusi kulinar məmulatı olub, əsasını yeyilməyən elastik maddə təşkil edir. Tərkibində müxtəlif tamlı və ətirli əlavələr vardır. Bunlara şəkər pudrası, limon turşusu, mentol, portağal və s. göstərə bilərik. Ümumi və xüsusi təyinatlı (validollu, ksilitli, sorbitli, kariesə qarşı profilaktik, nikotinə qarşı və s.) olur. İstifadəsi zamanı saqqız demək olar ki, heç vaxt kiçilməyərək əvvəlki həcmində qalır, lakin tərkibindəki tamı və ətri müəyyən vaxtdan sonra itir və atılır. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, faktiki olaraq geniş çeşidləri ilə ticarət obyektlərinin vitrinlərini bəzəyən saqqızın bir sıra xüsusiyyətləri vardır. Belə ki, saqqız insan sağlamlığı üçün faydalı vasitədir. İştahı azaldır və arıqlamağa səbəb olur. Gərginliyi, stresi götürmək üçün xeyirlidir. Saqqız çeynəmək insanda kalori itkisinə səbəb olur. Beyinə gedən qanı artırır. Eyni zamanda saqqız həm də yaddaşı möhkəmləndirir. Ağız və diş sağlığı üçün əvəzolunmaz vasitədir. Ağızı bakteryalardan qoruyur, diş çürüməsini əngəlləyir, dişin mina qatındakı problemləri aradan qaldırır. Onun tərkibindəki ətirverici maddələr təbii və süni olur. Təbii ətirvericilərlə hazırlanmış saqqızların alınması daha məqbuldur. 3 yaşadək uşaqların istifadə etməsi məsləhət deyil. Bu onların nəfəs borularının tutulmasına səbəb ola bilər. Səhvən udulan saqqız uzun müddət orqanizmdə qalır və bağırsaqlarda ciddi fəsad törədə bilər. Saqqız mütləq yemək yedikdən sonra istifadə olunmalı, 5-10 dəqiqədən artıq çeynənməməlidir. Ac mədəyə saqqız çeynədikdə qastrit və mədə xorası kimi xəstəliklərin yaranmasına səbəb olur. Saqqız praktik, ucuz və az kalorilidir. O, şəkərli və şəkərsiz olur. Şəkərli saqqızda təqribən 5-10 kalori vardır. Şəkərsizdə isə onun miqdarı aşağıdır. Şəkərsiz saqqız ağız sağlamlığına bir çox tərəfdən kömək edir. Diş ərpinin və çürüklərinin yaranmasının, diş minasında mineral pozğunluqların və diş ləkələrinin yaranmasının qarşısını alır və olanları azaldır. Əksər saqqızların tərkibində rəgverici maddələr olur. Rəngverici qismində isə natural və kimyəvi üsullarla hazırlanan ona oxşar maddələrdən istifadə olunur. Süni rəngvericilər əlavə olunan saqqızlardan istifadə edilməsi sağlamlıq üçün təhlükəli ola bilər. Saqqız normativ sənədlərə əsasən paçka, paket və korobkalara qablaşdırılır. Bu məmulatlar qablaşdırıldıqdan sonra mütləq markalanmalıdır. Markalanmada aşağıdakı məlumatlar əksini tapmalıdır: əmtəə nişanı, istehsalçısının adı və ünvanı, məhsulun adı, xalis çəkisi, istehsal tarixi, saxlama müddəti, həqiqi standartı və s. öz əksini tapmalıdır. Ticarət şəbəkələrinə saqqızı üstü bağlı bütün növ nəqliyyat vasitələrində daşımaq mümkündür. Saqqız 18ºC temperatur və havanın nisbi rütubəti 75% olan quru, təmiz və havalandırma sistemi olan, kənar qoxu və ziyanvericilərin təsirinə məruz qalmayan yerlərdə saxlanılmalıdır. Günəş şüalarından uzaq olmalı, spesifik qoxusu olan məhsullarla bir yerdə saxlanmamalıdır. Ticarət şəbəkələrində saxta yolla hazırlanmış saqqızlara tez-tez rast gəlmək mümkündür. Onun üçün də istehlakçı olaraq hər kəs saqqız alarkən onların qutusunu nəzərdən keçirməlidir. Bilin ki, saqqız qutusunun üzərində olan şəkili əllə sürtərkən silinməməlidir. Saqqız görünüşcə təmiz olmalı, üzərində heç bir ləkəyə rast gəlinməməlidir. Nəzərə almaq lazımdır ki, istehsal tarixindən etibarən saqqızın saxlama müddəti drajeləşdirilmişlərdə 6 ay, drajeləşdirilməmişlərdə isə 9 aydır.

Faydası və ziyanı

Saqqızın yaranma və istifadə tarixi çox qədimlərə dayanır. Belə ki, qədim Roma və Yunanıstanda saqqızdan istifadə edilib. İlk olaraq 1848-ci ildə Jhon Curtis tərəfindən satılmağa başlayan saqqızın patenti 2 il sonra William Finely Semple tərəfindən alınmışdır. Lakin ilk təkmilləşdirilmiş saqqız 1869-cu ildə Tomas Adams tərəfindən hazırlanmışdır. Saqqız iştahı azaldır və arıqlamağa səbəb olur. Gərginliyi azaldır ki, bu da stres zamanı çox yiyənlər üçün xeyirdir. Kalori itkisinə səbəb olur. Araşdırmalar göstərir ki, saqqız ceynəmək saatda 11 kalori itkisinə səbəb olur. Beyinə gedən qanı artırır. Appetite jurnalının araşdırmalarına əsasən saqqız həmdə yaddaşı möhkəmləndirir. Ağız və diş sağlığı üçün əvəzolunmaz vasitədir. Ağızı bakteryalardan qoruyur, diş çürüməsini əngəlləyir, dişin mina qatındakı problemləri aradan qaldırır. Sağlam diş ətləri və ağız gigiyenası üçün saqqız çeynəmək lazımdır. Saqqız çeynəmə zamanı tüpürcək miqdarı artır və onlar dişin üzərində yığılan turşuların təmizlənməsinə səbəb olur. Yeməkdən sonra saqqız çeynəmək qidanın həzm olunması üçün mədə şirəsinin ifraz edilməsinə kömək edir. Aparılan araşdırma onu da göstərib ki, doyumlu qida qəbulundan və hətta qəlyanaltıdan sonra belə saqqız çeynəmək karies riskini təxminən 40 faiz azaldır. Saqqızı xüsusilə yeməkdən sonra 20 dəqiqə ərzində, yəni turşunun həddindən artıq aqressiv olduğu vaxt çeynəmək daha faydalıdır. Saqqız dişlərin səthini təmizləyir. Lakin dişlərin arasında qalan qida kariyesin əmələ gəlməsinə daha çox təsir göstərir. Bu cür kariyes isə adətən damaq altında inkişaf edərək dişləri kökündən məhv edir və üzdən sağlam görünən dişlər kökündən çürüyərək məhv olur. Lakin bununla yanaşı patoloji dəyişikliklərə də səbəb ola bilər. Saqqız dişləri qıra, plombları yerindən oynada bilər. Alergik reaksiyalar, tüpürcək vəzlərinin şişi ilə nəticələnə bilər. Şişirtməli saqqızlar uşaqların dişlərinin əyri bitməsinə səbəb olmur. Uşaqlıqdan durmadan saqqız çeynəyənlərin çənəsi inkişaf edərək kobud şəkil alır. Bir çoxları şəkərsiz saqqızın dişlərin sağlamlığına zərər yetirmədiyini güman edirlər. Lakin son araşdırmalar göstərir ki, saqqızın tərkibində şəkərin olub-olmaması heç bir rol oynamır. Ona görə də saqqızda şəkərin olmaması faktının qeyd edilməsi adamları çaşdıra bilər. Onlar bu məhsulun dişlər üçün təhlükəsiz olduğunu hesab edirlər. Ekspertlərin fikrincə, bəzi şəkərsiz saqqızların (xüsusilə meyvə dadı verən) tərkibində turşu var. Həmin turşu dişlərin minasına mənfi təsir göstərir və zədələnmə riskini artırır.


Nurlan
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00