“Azərbaycan Səfəvi hökmdarı – I Şah Abbas” mövzusunda konfrans keçirilib

Nizami rayonu, 201 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi çərçivəsində "Azərbaycan Səfəvi hökmdarı - I Şah Abbas" mövzusunda elmi-praktik konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, konfransda layihənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək, dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açmışdır. O, Azərbaycanın 5 min illik dövlətçilik tarixinin və Azərbaycan xalqının dünya tarixində ən qüdrətli şəxsiyyətlər yetişdirmiş bir xalq olduğunu vurğulayaraq, xalqımızın orta əsrlərin böyük dövlətlərini - Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar kimi imperiyalar yaratdığını diqqətə çatdırıb. Y.Mahmudov Səfəvi hökmdarı Şah Abbas haqqında konfrans iştirakçılarına ətraflı məlumat vermiş və Şah Abbasın "Tarixe-aləmaraye-Abbasi" əsərinin Səfəvilərin hərbi-siyasi, xüsusilə Azərbaycan Səfəvi döyüşçülərinin cəngavərlik tarixini və xalqımızın hərbi sərkərdəlik keçmişini öyrənmək üçün misilsiz bir mənbə olduğunu söyləyib. Həmçinin Y.Mahmudov "Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Səfəvi dövlətinin Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00