Televiziya dünyası insanların real həyatlarını əsir alıb
Aysel Vəlizadə: “İnsanlar filmlərdə, seriallarda, şoularda göstərilən həyatları yaşamağa başlayiblar”
25 Aprel 2016 12:17 SosialBir qayda olaraq insanların çoxu özlərini hansısa film qəhrəmanlarına bənzədir, həyat tərzi, yerişi, duruşunda həmin qəhrəmana oxşamağa çalışırlar. Xüsusilə, təssüfedici məqamlardan biri ondan ibarətdir ki, adətən mənfi qəhrəmanlara daha çox meyil göstərilir ki, bu da sonradan cəmiyyətdə neqativ halların meydana gəlməsinə səbəb olur. Təsadüfi deyil ki, əksər mütəxəssislər də bunun yanlış olduğu düşüncəsindədirlər və hesab edirlər ki, insanların özlərini film qəhrəmanlarına bənzətməsi əksər hallarda heç də normal situasiyaya yol açmır. Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini, təhlilçi Aysel Vəlizadə də bu qənaətdədir ki, insanların çoxu artıq öz həyatlarını deyil, filmlərdə, seriallarda, şoularda göstərilən həyatları yaşamağa başlayiblar. Onun sözlərinə görə, dünyanın dörd bir yanında müharibələr gedərkən, günahsız insanlar öldürülərkən, işgəncə görərkən, onlar bütün bunları görməzdən gəlib hansısa serial qəhrəmanının ölümünü drammatik bir hala gətirə bilirlər: "Kiminsə filmdə sevgilisindən ayrılması, hansısa şouda diskalifiyə edilməsi və s. onlar üçün dəhşətli bir hala şevrilir. Telefonda, görüşəndə saatlarla boş-boş bu mövzuları müzakirə edirlər. Televiziya dünyası onların real həyatlarını əsir alıb". Aysel Vəlizadənin sözlərinə görə, nə əcaib təlqindir ki, guya xeyirxahlıq üçün hazırlanan verilişlər belə insanlarda ancaq mənfi təəssüratlar buraxır: " Hətta uşaqlar cizgi filmləri izləyərkən belə ancaq pis vərdişləri mənimsəyirlər. Şəhərdə, əyləncə mərkəzlərində diqqət etsəniz uşaqlar hamısı eyni kaprizləri, eyni hərəkətləri edirlər. Hazırlanan verilişlərin, filmlərin demək olar hamısı nifrət, dava-dalaş, sevgisiz üslubdadır. Yemək şousuna baxırsan, süfrədə 4-5 növ yemək var, amma hamı yeməkləri pisləyir. Geyim şousunda hamı iştirakçının geyiminin, saçının, makiyajının bərbad oldugunu deyir və s. Sevgi üslubu, mərhəmətli yanaşma, ədalətli olma kimi anlayışlar yaddan çıxıb. Çünki izlənən bütün proqramlar tək bir təlqin verir. Güclü olan qazanır, zəif olan əzilir. Bəs hər kəs belə qəddar olarsa, qarşəsındakına acımasız davranarsa, bu cəmiyyət necə bir hal alar? Dünya yaşanmaz bir hala gələr. Heç kimə güvən qalmaz, heç kimdən mərhəmət gözlənilməz. Heç kim belə dünyada yaşamaq istəməz. Öz daxilinizə bir baxın. Sevgi dolu, hər kəsin çox mehriban olduğu, bir-birinə güvəndiyi, evlərin qapılarının qıfıl vurulmadığı, yaşlılara hörmət və qayğı göstərildiyi, uşaqlara sevgiylə, anlayışla yanaşılan bir dünyada yaşamağı hansınız istəməz? Təbii ki, belə bir dünya hər kəsin arzusudur. Və bu dünyanı sevgiylə əhatə etmək imkansız bir şey deyil". Təhlilçi Aysel Vəlizadə hesab edir ki, əgər televiziyalar insanları bir-biriylə dalaşdırıb reytinq yığmaq yerinə, gözəl üslublu verilişlər hazırlasalar, insanların şüurunu açacaq yayınlara üstünlük versələr, dünyanı dəyişmək mümkün olar: "Insanlar sevgiyə açıq şəkildə yaradılmışdır, sevgi bizim fitrətimizdə, yaradılışımızda var. Bu hissləri örtməkdənsə, nifrəti, qaranlığı uzaqlaşdırmaq lazımdır. Sevgi bütün problemlərin çarəsidir. Dünyada sevgi, mərhəmət hakim olarsa, nə aclıqdan ölən insanlar olar, nə kreditlərini ödəyə bilməyib intihar edənlər, nə də başqalarına zülm edən insanlar qalar".
Süleyman