Azərbaycan dünya miqyasında beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır
25 Aprel 2016 11:58 SosialBMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işinə start verib. İki gün davam edəcək forumda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət rəhbərlərinin, ümumilikdə isə 3 mindən artıq nümayəndənin iştirakı nıəzərdə tutulub. Heç şübhəsiz ki, ölkəmizdə belə bir tədbirin keçirilməsi Azərbaycana yalnız müsbət dividentlər vəd edir. Millət vəkili Kamilə Əliyeva da bu qənaətdədir. "OLAYLAR"-ın xəbərinə görə, yap.org.az saytına müsahibə verən millət vəkili bildirib ki, Azərbaycan dünya miqyasında beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır: "Siyasi, iqtisadi və digər sahələrdə qazanılan nailiyyətlər tolerantlıq nümunəsi olan və pozitiv imicə sahib Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunlara paralel olaraq Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Ümumiyyətlə, ölkəmiz dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin zirvə görüşləri keçirilir". Millət vəkili deyir ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu aktual sivilizasiyalararası dialoq və müxtəlif formatlarda əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu platforma kimi xarakterizə edilə bilər: "Bu həm də ona dəlalət edir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bununla yanaşı, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır. Başqa sözlə, ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik təmin edilib".