Qaraməryəm-İsmayıllı yolu təmir olunur
25 Aprel 2016 11:24 SosialQaraməryəm-İsmayıllı avtomobil yolunun əsaslı şəkildə təmirinə başlanılıb. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yolun təmiri "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 30 kilometr, mövcud eni isə 6 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilir. Hər iki istiqamət üzrə mövcud çiyinlər bərkidilir, zəruri olan yerlərdə 2 metr enində yeni çiyinlər yaradılır. Bunun üçün dağlıq hissələrdə yol kənarında olan yamaclar qazılaraq çıxarılır. Təmir-bərpa işləri çərçivəsidə Qaraməryam-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində normadan artıq yüklənmiş ağırtonnajlı yük maşınlarının hərəkəti nəticəsində dağılaraq qəzalı vəziyyətə düşən körpünün də inşasına başlanılıb. 1 aşırımlı körpünün uzunluğu 24 metr, eni isə 10 metr olacaq. Körpüdə piyadaların rahat və təhlükəsiz şəkildə hərəkəti üçün səkilər də nəzərdə tutulub.
Qeyd edək ki, yolun əsaslı şəkildə təmir olunması ilə İsmayıllı və Göyçay rayonlarının 30-a yaxın yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, Bakı-Şamaxı-Yevlax və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarına maneəsiz şəkildə çıxış əldə olunacaq. Bundan başqa aparılan işlər kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, insanların öz məhsullarını rahat şəkildə birbaşa olaraq bazarlara daşıması təmin olunacaq və yol kənarı ticarət obyektlərinin işinə də müsbət təsir etmiş olacaq. Yolun əsaslı təmiri təbii ki, həmin bölgədə turizmin də inkişafına gətirib çıxaracaq.