Avropa Parlamentində keçirilən müzakirələrdə çıxış etmək üçün ilk dəfə azərbaycanlı mütəxəssis dəvət olunub
22 Aprel 2016 17:27 SosialCari ilin 20 aprel tarixində Brüsseldə Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin (AFET) AP daxilində təhlükəsizlik məsələlərinin müzakirə olunduğu əsas platforma olan Müdafiə və Təhlükəsizlik alt-komitəsinin (SEDE) növbəti iclası keçirilmişdir.
Sözügedən alt-komitə iclası çərçivəsində Avropanın Şərq və Cənub qonşuluğunda İŞİD-lə mübarizəyə dair dinləmələr keçirilmiş və bu mövzuda ekspert qismində cənub qonşuluğuna dair Aİ-nin ən mötəbər beyin mərkəzlərindən olan Təhlükəsizlik Məsələləri İnstitutunun (European Union Institute for Security Studies) tədqiqatçısı xanım Florans Qaubun (Florence Gaub), şərq qonşuluğuna dair isə ADA Universitetinin prorektoru Anar Vəliyev AP üzvləri qarşısında çıxış etmişlər. Qeyd edilməlidir ki, bu cür dinləmələrdə çıxış etmək üçün ilk dəfədir ki, Azərbaycandan mütəxəssis dəvət olunur.
Tədbirdə ilk çıxış edən Florance Qaub İŞİD-lə mübarizədə strateji qələbənin hələ çox uzaqda olduğunu, ərazilərin qaytarıla biləcəyini, lakin ideya və insan şəbəkəsi mövcudluğunu ən azından virtual olaraq (internet) qoruyub saxlayacağını və elə bu səbəbdən də, bu sahədə kompleks tədbirlərə ehtiyac duyulduğunudu vurğulamışdır. Bundan əlavə o bildirmişdir ki, hava zərbələri effektiv deyil, belə ki, bu sadəcə döyüşçülərin fəal yerdəyişməsi ilə nəticələnir. Həmçinin F.Qaub Liviya, Misirin Sinay yarımadası, İraq, Suriya və hətta aşağı düşən neft qiymətləri fonunda Əlcəzairdə də iqtisadi vəziyyət pisləşməkdə davam etdiyini və beləliklə, işsiz gənclər "ordusunun" silahlı birləşmələrə qoşulma riskinin artdığını nəzərə çatdırmışdır. Tədqiqatçı xanım hesab edir ki, İŞİD terror aktları törətmək üçün Avropaya qayıdan keçmiş döyüşçülərdən istifadə edir. Çünki bu terror aktları o qədər də böyük maliyyə xərci tələb etmir və hətta, partlayıcıların hazırlanması mağazalarda satılan istehlak mallarındakı kimyəvi maddələrin hesabına ərsəyə gələ bilər.
Daha sonra çıxış edən Anar Vəliyev bildirmişdir ki, Ermənistan monoetnik ölkə olduğundan, Cənubi Qafqazda İŞİD-lə mübarizə kontekstində Azərbaycan və Gürcüstana diqqət yetirmək lazımdır. O qeyd etmişdir ki, hər iki ölkədə Suriya və İraqda döyüşəcək qədər radikallaşmış şəxslərin sayı faiz nisbətində bütün müsəlmanların çox cüzi hissəsini təşkil edir. Həmçinin, Azərbaycan və Gürcüstanın Türkiyənin qonşuluğunda yerləşməsi səbəbindən İŞİD-in daha çox Suriya və İraqda döyüşəcək şəxslərin tranziti üçün bu iki ölkədən istifadə etdiyini, bu tranzit yolun İŞİD tərəfindən həm də əksinə istifadə oluna biləcəyini vurğulamış, Suriya və İraqda radikal döyüşçülərin Avropaya yollanması Azərbaycan və Gürcüstan üzərindən baş tuta biləcəyi, hər iki halda, Azərbaycan və Gürcüstan xüsusi xidmət orqanlarının üzərinə böyük məsuliyyət düşdüyünü və bu fəaliyyətin yalnız ölkə daxilində deyil, həmçinin Avropada da terror aktlarının qarşısının alınmasında əhəmiyyətli rol oynaya biləcəyindən bəh etmişdir. Çıxışının sonunda azərbaycanlı mütəxəssis bildirmişdir ki, çoxları yalnış olaraq İŞİD-i əl-Qaidənin varisi hesab edir, unutmayaq ki, indiyə qədər əl-Qaidə yalnız terror aktları ilə kifayətlənirdisə, İŞİD daha da irəli gedərək əraziləri tutmağa başlamış və elə bu səbəbdən İŞİD-lə mübarizədə yeni və hərtərəfli üsullardan istifadə olunmalıdır.
Daha sonra bir neçə SEDE üzvü çıxış etmiş və mövzu ilə bağlı mövqelərini bildirmişlər. Bir çox AP üzvləri öz çıxışlarında sözügedən mövzunun seçilməsi və mövzuya hakim olan ekspertlərin dəvət edildiyi üçün SEDE sədrinə öz təşəkkürlərini bildirmişlər.