Dini maarifləndirmə tədbirləri davam edir
22 Aprel 2016 11:32 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən aprelin 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi "İmam Rza" məscidi dini icması tərəfindən "İslamda qardaşlıq prinsipi" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Xəzər rayonu Binə qəsəbəsində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev, Xəzər rayonu Binə qəsəbəsi "İmam Rza" məscidi dini icmasının sədri Həsən Rüstəmov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev İslamın vəhdət və birlik prinsiplərindən, Azərbaycan məscidlərində vəhdət və birliyə çağırışlar üçün atılan müsbət addım və təşəbbüslərdən söhbət açıb. Daha sonra Binə qəsəbəsi "İmam Rza" məscidi dini icmasının sədri Həsən Rüstəmov və dindarlar çıxışlarında İslamın sülh, qardaşlıq, tolerantlıq dini olmasını xüsusilə vurğulayıblar. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.