Britaniyanın ən yeni filmləri Bakıda göstəriləcək

Aprelin 25-də Nizami Kino Mərkəzində British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə İkinci Britaniya Bahar Film Festivalının açılışı mərasimi olacaq. Aile.lent.az-ın məlumatına görə, həmin gün saat 12:00-da jurnalistlər üçün mətbuat konfransı keçiriləcək.

Britaniya Bahar Film Festivalı aprelin 30-dək davam edəcək. Festival çərçivəsində Nizami Kino Mərkəzində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmlərini təqdim ediləcək.
Festival Kolm Toybinin eyniadlı romanı əsasında ekranlaşdırılmış "Bruklin" adlı tarixi dramın premyerası ilə start götürəcək. Filmin ssenari müəllifi Nik Hornbin, rejissoru Con Kraulindir. "Bruklin" bu ilin "Oskar" mükafatına namizdələr siyahısındadır.

Festivalın növbəti günlərində, aktrisa Meqqi Smitin baş rolda çəkildiyi "Furqondakı ledi", rejissor Endrü Heyin Berlin Kino Festivalının qalibi olan "45 il" filmi, baş rolları Kolin Farrel və Reyçel Vaysın paylaşdığı rejissor Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla altı fərqli film təqdim olunacaq.

Bütün filmlər Nizami Kino Mərkəzində rus dilində alt yazılarla ingilis dilində nümayiş etdiriləcək. Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür. Biletlərin qiyməti 2 manatdır.

Festivalda göstəriləcək filmlərin seans cədvəlini təqdim edirik:
"Bruklin" 25 aprel saat 19:00-da
"Furqondakı ledi" 26 aprel saat 14:30-da
"Mister Homs" 26 aprel saat 18:30-da
"Lobster" 27 aprel saat 14:30-da
"45 il" 27 aprel saat 18:30-da
"Mister Homs" 28 aprel saat 14:30-da
"Mənə qulaq as, Marlon" 28 aprel saat 18:30-da
"Bruklin" 29 aprel saat 18:30-da
"45 il" 30 aprel saat 14:30-da

Qeyd edək ki, British Council Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil edib. İkinci film festivalı Britaniya Film Baharı (British Film Spring) adı altında 2015-ci ildə baş tutub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00