Xətai rayonunda bir neçə küçə təmir olunur

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, hazırda təmir-tikinti işləri Məzahir Rüstəmov və Telnov küçələrində, həmçinin general Əliağa Şıxlinski küçəsinin bir hissəsində aparılır. Sözügedən küçələrin hər birində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə Məzahir Rüstəmov küçəsinin 20 min m2 sahəsi, Telnov küçəsinin 17 min 500 m2 sahəsi, general Əliağa Şıxlinski küçəsinin isə 7 min m2 sahəsi asfaltlanacaq. Bundan başqa təmir-tikinti işləri çərçivəsində piyada səkiləri bərpa olunaraq, asfaltlanır, küçələr boyu yeni səki daşları düzülür. Ümumilikdə Məzahir Rüstəmov küçəsinə 2800 p/m, Telnov küçəsinə 2700 p/m, general Əliağa Şıxlinski küçəsinə isə 1000 p/m səki daşı düzüləcək Telnov və general Əliağa Şıxlinski küçələrinin kəsişməsində yerləşən dairənin ətrafında da təmir-tikinti işləri aparılır, asfalt-beton örtüyü yenilənir və dairənin kənarlarında olan köhnə səki daşları yeniləri ilə əvəzlənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00