Kimlər həqiqi hərbi xidmətdən möhlət hüququna malikdir?

Dördgünlük aprel döyüşlri hərbi xidmətə çağırış qaydalarına yenidən baxılması məsələsini gündəmə gətirib. Cəmiyyətdə bu barədə səslənən fikirlərə münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Fərəc Quliyev deyib ki, Azərbaycanda tək övladların və şəhid övladlarının hərbi xidmət keçməsi ilə bağlı məsələ yenidən Milli Məclisdə müzakirəyə çıxarıla bilər. Millət vəkili qeyd edib ki, hərbi xidmətdə bəzi şəxslərə güzəştlərin olması ilə bağlı Milli Məclisdə çoxlu təkliflər səslənib və onların bəziləri artıq müzakirə edilib: "Məsələn, magistraturada oxuyanların, şəhid övladlarının, şəhidlərin tək övladlarının, ümumiyyətlə, tək övladların hərbi xidmət keçməsi ilə bağlı məsələlər zaman-zaman müzakirə edilirlər. Biz həmin müzakirələrdə fərqli mövqelər bildirə bilərik. Amma hər hansı qərar qəbul olunursa, biz ona hörmətlə yanaşmalıyıq. Təbii ki, bu məsələlər yenə də müzakirəyə çıxarıla bilər. Fikrimcə, onların nəticəsi də cəmiyyətin xeyrinə olacaq. Çünki biz həmişə çalışmışıq ki, qanunlar millətə xidmət eləsin. Biz qaydaların, sadəcə, daha da sərtləşməsində yox, həm də insanların hüquqlarına hörmət edən qaydaların tətbiqində maraqlıyıq". F.Quliyev, həmçinin qeyd edib ki, ölkədə hərbçilərə və digər kateqoriyadan olan insanlara qarşı diqqət və qayğı ilə bağlı qanunvericilikdə hər hansı boşluğun və çatışmazlığın olduğunu düşünmür. Çünki Azərbaycanda istər şəhid ailələrinə, istər qazilərə, istərsə də hərbçilərimizə istər döyüş bölgəsində, istərsə də xidmətdən sonra hörmət, diqqət və qayğı, istərsə şəhidlərimizin dəfn mərasimlərinin təşkili yüksək səviyyədədir.

Maraqlıdır, bəs qanunvericilikdə həqiqi hərbi xidmətə çağırış zamanı kimlərə möhlət hüququ verilir? Hüquqşünas Alim Hüseynli bildirib ki, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad etmə "Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunuda" əksini tapıb. Qanunvericiliyə görə, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verilir. Bunun üçün isə konkret əsasıar müəyyən edilib. Belə ki, bu əsaslar aşağıdakılardan ibarətdir: ailə vəziyyətinə görə; sağlamlıq vəziyyətinə görə; təhsili davam etdirmək üçün; Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. Bu əsaslardan başqa çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Hüquqşünasın sözlərinə görə, sadalanan əsaslar qanunvericilikdə dəqiqliyi ilə əksini tapıb. Məsələn, ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi şərtləri sənəddə dəqiqliyi ilə izah edilib. Belə ki, ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir: başqa övladı olmayan I qrup əlil ata, yaxud ana; 3 və daha çox uşaq; I qrup əlil arvad; 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda); 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.
Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi

Qanunvericiliyə əsasən tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Təhsili davam etdirmək üçün möhlət hüququ

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir: ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara; ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara; orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara; ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək; xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşlar

Qanunvericiliyə əsasən bəzi kateqoriyadan olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar. Bunlar ictimai işlər, islah işləri və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar; əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar; barəsində olan cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş materiallar üzrə ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud barəsində olan cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılan vətəndaşlardan ibarətdir. Ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar. Bəzi şəxslər isə dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Bunlar fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar; sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yarasız sayılmış çağırışçılar; 35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar; alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar; Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslərdir.


Nurlan
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00