Dövlət vəsaitini göyə sovuran məmurlar

Gəncə Dövlət Universitetində nə baş verir?

Azərbaycanda həyata keçirilən gənclər siyasəti nəticəsində bu kateqoriyadan olan insanların sağlamlığı, təhsili və digər sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılmaqdadır. Xüsusən, ölkə prezidenti İlham Əliyevin gənclərin təhsilinə, inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə ali və orta təhsil müəssisələrinin, idman, mədəniyyət və turizm sektorunun inkişafı danılmazdır. Əlbəttə ki, bütün bu işlər qeyd olunan sahələrə külli-miqdarda maliyyə vəsaitlərinin ayrılması hesabına mümkün olur. Lakin təəssüflər olsun ki, bu diqqət və qayğıdan da özünəməxsus formada yararlanmağa çalışan məmurlar vardır. Redaksiyamıza müraciət edən Gəncə Dövlət Universitetinin təmsilçiləri Aygün Elman qızı Məmmədova və Anar Həsən oğlu Əmiraslanov qeyd edir ki, belələrindən biri də Gəncə Dövlət Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovdur. Müraciətdə bildirilir ki, Fəxrəddin Şərif oğlu Həsənov 02.10.2006-cı ildən Gəncə Dövlət Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışır və hal-hazırda da bu vəzifədədir: "Bir necə il bundan öncə Elman İdris oğlu Məmmədov Gəncə Dövlət Universitetinin rektoru işləyərkən, daxil olmuş şikayətlər əsasında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlamalar aparılmış və onun fəaliyyətində külli miqdarda korrupsiya faktları aşkarlanmışdır. Belə ki, yoxlamalar zamanı 6 milyon 742 min 337 manat mənimsəmə olduğu aşkar olunmuşdur. Araşdırmalar zamanı məlum olmuşdur ki, bu məbləgin 982 min manatını həmin dövrdə və indi də bu vəzifədə çalışan təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, o zaman GDU-nun bas mühasibi işləyən (hal-hazırda Gəncə şəhər Mərkəzi poçtun müdiri) Nizami Mustafayevlə əlbir olaraq saxta sənədlərə imza atmaqla mənimsəmişlər". Müraciətdə daha sonra bildirilir ki, araşdırma əsasında müəyyən edilmişdir ki, universitetin təsərrüfat bölməsində 74 nəfər işçinin işləməyinə baxmayaraq həmin işçilərdən yalnız 53 nəfəri lazımi işlərdə, yəni təsərrüfat sahəsində çalışır. Qalan 21 nəfərin adi ştat cədvəlində olsa da faktiki olaraq işə gəlmirlər, bu adamları universitetdə görən belə olmamışdır. Həmin şəxslərin maaş kartları prorektor Fəxrəddin Həsənovdadır və bu şəxslər Azərbaycanda, hətta xarici ölkələrdə ticarətlə məşğul olurlar. Maliyyə Nazirliyinin komissiyası həmin kartları alıb sahibinə qaytarmasına baxmayaraq, hal-hazırda yenə də Fəxrəddin Həsənov həmin kartları mənimsəyərək öz talançı əməllərindən əl çəkmir: "O, şəhərdə yüksək vəzifəli məmurların, xüsusən Gəncə şəhəri MTN şöbəsi və hörmətli icra başçısı cənab Elmar Vəliyevin adından istifadə edərək, hər yerdə onlarla qohum olduğunu bildirir və bununla da özünü sığortalamış olur. Təsərrüfat bölməsinin işçiləri vasitəsilə universitetin binalarında xəfiyyə şəbəkəsi quraraq onun üçün "maraqlı" olan adamların hara gedib gəldiklərini izləyir". Müraciət müəllifləri F. Həsənovun əməlləri barədə konkret faktlar da əlavə ediblər. Göstərilən faktlara əsasən Universitetin əsas binasında 2500 manatlıq kamera və fotoaparatlar alınmış və onlar maliyyə sənədlərində 12500 manat göstərilmişdir. Fəxrəddin Həsənov "Samsung" firmasının Gəncə şəhərindəki rəsmi nümayəndəliyi ilə iş birliyi quraraq oradakı dostlarının vasitəçiliyi ilə Universitetin bütün tədris binalarına külli miqdarda proyektor, kompyuter, notbooklar almış və bunların hamısı sənədlərdə təzə adı ilə göstərilməsinə baxmayaraq köhnə,işlənmiş ,demək olar ki,istifadəyə yararsız mallardan ibarət olmuşdur .İndi də binalarda quraşdırılmış bu avadanlıqların əksəriyyəti işləmir. Fəxrəddin Həsənov bu yolla külli miqdarda dövlət əmlakını talamışdır. Bayraq meydanının yaxınlığında yerləşən tədris korpusunun yalnız bir mərtəbəsinə təmir üçün 54000 AZN pul ayrılmağına baxmayaraq, onun bir manatı belə üzə çıxmamışdır və Fəxrəddin Həsənov tərəfindən mənimsənilmişdir. Maliyyə sənədlərinə baxdıqda aydınca görünür ki, 18 manatlıq qurğunun biri 92 manata, 3 manat 60 qəpiklik qurğunun biri isə 39 manat 70 qəpiyə sənədləşdirilmişdir. Hal-hazırda tələbə yataqxanası üçün nəzərdə tutulmuş yataq dəstləri Alüminiumçular qəsəbəsi deyilən yerdə yaşayış binasının altındakı mağazada Fəxrəddin Həsənov tərəfindən dədə malı kimi satılır. Maraqlıdır ki, universitetin yataqxanasında bir nəfər belə tələbə yaşamır. Universitet üçün alınmış inventarları Fəxrəddin müəllim öz işçilərinə dədə malı kimi paylayır. Ən agrılı hal odur ki, ayaq üstə 10 dəqiqə belə çıxış edə bilməyən bu adam fakültə dekanlarına təsir edərək öz iyrənc əməllərini həyata keçirir. Universitet binalarının təmiri onun qudası Yunis müəllimin təmir işlərinə baxan şirkəti tərəfindən həyata keçirilir. Bu zaman isə rəqəmlər şişirdilərək dövlət vəsaitləri talan olunur: "Çox maraqlıdır, müharibə gedən bir ölkədə, xalqımızın gözəl övladları şəhid olan zaman Fəxrəddin müəllimin vicdanı bu işlərə necə yol verir? İqtisadi böhranın bu agır dövründə bu adam əcaib əməllərindən niyə əl çəkmir? Ölkə prezidenti İlham Əliyevin iqtisadi böhran şəraitində qənaət məqsədilə struktur islahatları apardığı, lüzumsuz orqanların birləşdirildiyi bir dövrdə Fəxrəddin Həsənovun bu talanına nə ad vermək olar? Bu, cənab Prezidentin ağıllı siyasətinin əleyhinə getmək deyilmi?".



Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00