Azərbaycanın əmək və sosial təminat sistemində aparılan islahatlar müsbət dəyərləndirilib
İdris İsayev: “Azərbaycanda iqisadi inkişaf, sabitlik və rifah səviyyəsinin artması ölkədə çox müsbət demoqrafik vəziyyət yaradıb”
21 Aprel 2016 12:11 SosialAzərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və İsveçin Pensiya Agentliyinin birgə təşkilatçılığı ilə Stokholm şəhərində (İsveç) keçirilən BSTA Avropa Regional Sosial Təminat Forumunda iştirak edib. BSTA-nın Avropadan olan üzv təşkilatlarının 80%-nin təmsil olunduğu bu mötəbər tədbir 50 ölkənin 100-ə qədər təşkilatı üzrə 335 nəfər yüksək vəzifəli siyasətçi və rəhbər şəxslərin, ekspertlərin, İKT sənayesi təmsilçilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və b. iştirakı ilə keçib.
Nazir müavini İ.İsayev tədbir çərçivəsində Avropa Regional Sığorta Sammitinin panel iclasında çıxış edərək, dünya maliyyə böhranının dərinləşdiyi bir vaxtda yeni qlobal çağırışlara uyğun olaraq ölkəmizdə sosial-iqtisadi tərəqqinin davam etdirilməsi, əhalinin etibarlı sosial müdafiəsinin təmini yönündə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar barədə məlumatlar verib. Azərbaycanda ötən 10 ildə 4,7 dəfə iqtisadi artım əldə edildiyini, qeyri-neft sektorunun 8 dəfədən çox artaraq ÜDM-də payının 70%-i ötdüyünü qeyd edən İ.İsayev xam neftin qiymətinin 3-4 dəfədən çox düşdüyü, ölkəyə valyuta daxilolmalarının azaldığı şəraitdə məqsədyönlü islahatların həyata keçirildiyini diqqətə çatdırıb6 "Görülən tədbirlər nəticəsində bir tərəfdən ölkənin strateji valyuta ehtiyatlarının azalmasının qarşısı alınmaqla, digər tərəfdən milli iqtisadiyyatın rəqabət qabiliyyətini artırılması stimullaşdırılıb".
Forum üç gün davam edib. Tədbirdə Avropada sosial müdafiə sahəsində inkişaf istiqamətləri və trendlər, sosial təminat sisteminın idarə edilməsində son innovasiyaların tətbiqi, əmək aktivliyini və məşğulluğu dəstəkləyən yeniliklər, istehlakçıya yönəlik xidmətlərin göstərilməsi, İKT tətbiqinin hədəf və prinsipləri, eləcə də siyasi və strateji perspektivləri, İKT sənayesinin inkişaf istiqamətləri, irimiqyaslı proqram-texniki sistemlərin tətbiqi üzrə cari təcrübələrlə bağlı təqdimatlar edilib və geniş müzakirələr aparılıb.