Avropa İttifaqı nümayəndə heyəti Nəqliyyat Nazirliyində olub
21 Aprel 2016 11:34 SosialNəqliyyat Nazirliyində Avropa İttifaqı nümayəndə heyəti ilə görüş keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının Genişlənmə və qonşuluq siyasəti üzrə baş direktorluğunun Şərq qonşuluğunda regional proqramlara məsul bölmənin başçısı Vassilis Maraqosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən nazir müavini Musa Pənahov Azərbaycanda yol-nəqliyyat kompleksi sahəsində həyata keçirilən infrastruktur layihələri, aparılan struktur islahatları barədə qonaqlara məlumat verib. Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirildiyini diqqətə çatdıran Musa Pənahov ölkənin tranzit potensialının artırılması, tranzit daşımaların asanlaşdırılması istiqamətində tədbirlər görüldüyünü bildirib. Görüş zamanı Azərbaycanda nəqliyyat sisteminin daha da inkişaf etdirilməsinin, daşımaların təhlükəsizliyinin, infrastrukturun yeniləşdirilməsinin vacibliyi vurğulanıb, nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinin gələcək strategiyasına dair Aİ-nin təqdim etdiyi təkliflər və yeni layihələr ətrafında müzakirələr aparılıb.