Bakı gənclərin sağlamlıq festivalına ev sahibliyi edəcək

Aprelin 20-də Suraxanı rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında "Ümumdünya Fiziki Aktivlik Günü" münasibətilə Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə "Fiziki aktivliyi seç, xəstəliyi ötüb keç!" şüarı altında festival keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a GİN-in mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi keçirir ki, bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir. 2013-2015-ci illərdə "Ümumdünya Fiziki Aktivlik Günü" münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakının Nərimanov, Binəqədi, Xəzər rayonlarında keçirilmiş gənclərin sağlamlıq festivalı ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bu aksiyalarda ictimaiyyət, xüsusilə gənclər arasında sağlam həyat tərzi təbliğ və təşviq edilib. Əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etmək məqsədilə bu il də gənclərin sağlamlıq festivalı keçiriləcək. "Fiziki aktivliyi seç, xəstəliyi ötüb keç!" şüarı altında keçiriləcək Gənclərin Sağlamlıq Festivalının təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Suraxanı Rayon İcra Hakimiyyəti, İSİM, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və "İnkişaf Naminə İdman" İctimai Birliyidir.
Ümumdünya Fiziki Aktivlik və Beynəlxalq Sülh və İnkişaf üçün İdman Gününə həsr olunmuş festivala musiqi ilə başlanılacaq. Bu müddət ərzində parkın bir neçə yerində müxtəlif idman bölmələri fəaliyyətə başlayacaq və nümunəvi çıxışlar göstərəcəklər. İdman bölmələrində fəaliyyət göstərən məşqçi-təlimatçılar musiqi sədaları altında tədbir yerinə təşrif buyuran ailələr və uşaqları da bu fəaliyyətlərə qatılmağa dəvət edəcəklər. Təklif edilən idman növlərinə yüngül atletika, karate, gimnastika, akrobatika, basketbol, futbol daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00