Region gəncləri üçün “Biznes planlama xidməti” yaradılır
19 Aprel 2016 14:14 SosialGənclər üçün Təhsil Mərkəzinin (GTM) Quba regional ofisi "Biznes planlama xidməti" proqramı çərçivəsində Quba rayonunda növbəti təlimlərə başlayıb. Mərkəzdən "OLAYLAR"-a verilən məlumata görə 3 gün davam edən təlim kursları çərçivəsində gənclərə şəxsi inkişaf, biznes idarəetməsi, marketinq, əməyin mühafizəsi və digər mövzular tədris olunub. "Kapitalın İdarə Olunması və Tələb-Təklif Bazarı" mövzusunda aparılan təlimlər özəl sektorda kapitalın formalaşdırılmasının effektiv yolları, kapital axınına nəzarət mexanizmləri, ehtiyac sferası üzrə satış bazarında tələbin həcminin müəyyənləşdirilməsi, təklif olunan xidmətlər və məhsullar üzrə bazarda qiymət siyasəti kimi mövzuları əhatə edib. Qrup məşğələləri formatında davam edən təlim Ankara Universitetinin məzunu, marketinq meneceri Nuray Acalova və Gənclər üçün Təhsil Mərkəzinin Quba regional ofisinin rəhbəri İnqilab Fərzəliyev tərəfindən keçirilib. Təlimlərin sonunda iştirakçıların məlumat bazası yaradılacaq və onlar üçün əmək yarmarkaları təşkil ediləcək.