Azad Rəhimov Yunanıstana gedəcək

Gənclər və idman naziri Azad Rəhimov aprelin 21-də Yunanıstanda keçiriləcək XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunlarının olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edəcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Olimpiya Oyunlarında açılış günü stadionda yandırılan alov ənənəyə görə Yunanıstanda yerləşən Olimpiya məbədindən götürülür. Bu münasibətlə Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos nazir Azad Rəhimovu Braziliyada keçiriləcək XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunlarının olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak üçün bu ölkəyə dəvət edib. Nazir Azad Rəhimov eyni zamanda, aprelin 20-də Azərbaycanın Yunanıstandakı Səfirliyi tərəfindən təşkil ediləcək ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın yunan dilində təqdimat mərasiminə də qatılacaq. Səfər çərçivəsində həmçinin Yunanıstanın Mədəniyyət və İdman naziri Aristides Baltes ilə də görüş planlaşdırılır . Görüş zamanı iki ölkə arasında idman sahəsində mövcud əlaqələrin, gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması nəzərdə tutulur. Səfər 22 aprel tarixinədək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00