"Kənd mağazalarında nisyə dəftərləri çoxdan "dolub"

Azərbaycanın ən iri supermarketlər şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək xahiş ediblər. Müflis olma təhlükəsi qarşısında qalan supermaketlər şəbəkələrinin rəhbərləri bir araya gələrək problemi ictimailəşdiriblər və hökumətdən vergi yükünün azaldılması üçün bəzi güzəştlər xahiş edirlər. Sahibkarlar iqtisadiyyat nazirinə ünvanladıqları müraciətlərində bildiriblər ki, 2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra qiymət artımı və işçi ixtisarına getmədiklərinə görə, Azərbaycanın əsas supermarket şəbəkələrinin mənfəət marjaları minimuma enib. Lakin qiymətləri qaldırmadan şəbəkələrdə rentabelliyi və işçi sayını qoruyub saxlamaq mümkün deyil. Maddi sıxıntılar mağazaların bağlanmasına və işçilərin ixtisarına səbəb olub. Hazırda tətbiq edilən effektiv vergi dərəcələri və digər ödəmələr qiymətlərin stabil saxlanmasına imkan vermir. Üstəlik devalvasiyası nəticəsində əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Sahibkarlar hesab edir ki, yaranmış vəziyyəti, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumət parakəndə satış sahəsində vergi yükünü azaltmaq üçün addımlar atmalıdır. Sahibkarların müraciətində deyilir ki, sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV tətbiqi aradan qaldırılsın. Sahibkarlar xahiş edir ki, iqtisadiyyat naziri bu problemin həll edilməsi üçün qanunvericilikdə düzəliş təşəbbüsü ilə çıxış etsin. Müraciəti "Bizim" marketlər şəbəkəsi adından təsisçi Rasim Salmanov, "FRESKO" və "SƏBƏT" marketləri adından direktor Kamran Eyyubov, "Rahat" marketlər şəbəkəsi adından təsisçi Cəlal Babakişiyev, "Makromart" marketlər şəbəkəsinin təsisçisi Kamal Əliyev, "Araz" marketlər şəbəkəsi adından İlqar Nuri, "Neptun" maketlər şəbəkəsi adından direktor Vüqar İbrahimov, "Bolmart" marketləri adından Elçin Kərimov, "Favorit" marketlər şəbəkəsi adından Aydın Əzizov, "Mega store" və "Sarı" marketləri adından Eşqin İsmailli imzalayıblar. Demokratiya və Rifah hərəkatının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlu Azərbaycanın supermarketlər şəbəkələrinin rəhbərlərinin iqtisadiyyat nazirinə müraciətinə münasibət bildirib. Qeyd edib ki, sahibkarların sosial əhəmiyyətli ilkin tələbat mallarının istehsalı və satış zəncirinə "0" dərəcə ilə ƏDV tətbiq olunması təklifi məntiqli və gözləniləndir. Əslində sahibkarlar bu müraciət vasitəsilə həm də onu çatdırmaq və ictimailəşdirmək istəyiblər ki, xərclər artdığına görə satış şəbəkələri bağlana, işçilər ixtisar edilə mənfəət azaldığına görə qiymətlər bir az da arta bilər. Bu isə həm yeni bahalaşma dalğasından və həm də ərzaq qıtlığının yaranmasından özlərini sığortalamaq məqsədi də daşıya bilər: "Bir müddət öncə Mərkəzi Bankın və Maliyyə Nazirliyinin yalnış monetar və fiskal siyasətiləri nəticəsində işgüzar aktivliyin zəifləməsi və alıcılıq qabliyyətinin aşağı düşməsinin yarada biləcəyi makro səviyyəli fəsadları qeyd etmişdim. Bu isə həmin fəsadların biznes səviyyəsində təzahürü və milli iqtisadiyyatda müşahidə olunan tənəzzülün ilkin simptomplarıdır". İqtisadçı qeyd edib ki, əgər Bakıda iri satış şəbəkələrinə malik olan supermarketlər "qan ağlayırlarsa", onda regionlardakı vəziyyəti təsəvvür etmək çətin deyil: "Rayonlardan aldığım məlumatlara görə, xüsusilə də kənd mağazalarında nisyə dəftərləri çoxdan "dolub", hətta iş o yerə çatıb ki, sərhəd rayonlarında yaşayanlar gündəlik tələbat mallarını almaq üçün ayda 1-2 dəfə qonşu ölkələrə ərzaq turlarına gedirlər və orda səbətlərini doldurub geri dönürlər. Mən bu vəziyyəti bu günlərdə cənub bölgəsinə səfər edərkən müşahidə etdim. Yerli caamatdan aldığım məlumata görə, onlar pensiya və digər ödənişləri alarkən İrana gedir və orda bazarlıq edib geri dönürlər. Eyni vəziyyət Qərb və Şimal bölgəsində də müşahidə olunur. Qərbdə yaşayanlar ayda 1-2 dəfə bu məqsədlə Gürcüstana, şimalda yaşayanlar isə Dağıstana üz tuturlar. Belə vəziyyətin başlıca səbəbi Azərbaycanda qiymətlərin qonşu ölkələrlə müqayisədə baha olmasıdır. Həqiqətən də Azərbaycanda bəzi ərzaq məhsullarının qiymətləri nəinki qonşu ölkələrlə, hətta ABŞ-la müqayisədə də bahadır. Dövlət Statistika Komitəsi də ölkədə ikirəqəmli inflyasiyanın olduğunu bəyan edir. Belə ki, 2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1 faiz bahalaşıb. Bu rəqəmlər hətta gerçək vəziyyəti tam xarakterizə etməsə də vəziyyətin ağırlığını təsbit edir. Vəziyyət həqiqətən də yalnız iş adamları üçün deyil, həm də istehlakçılar üçün ağırdır. Çünki əsas ərzaq məhsullarının inflyasiyası açıqlanan rəsmi məlumatlarla müqayisədə dəfələrlə yüksəkdir".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00